Sentyabr 2016

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: MÜQAVİMƏT HAQQINDA 300 SÖZ QRUP SƏRGİSİ

10 İyn - 09 Okt 16

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın 7 gənc rəssamı Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitara İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanov və 7 modern incəsənət ustaları Eldar Ağamalov, Ənvər Əsgərov, Rasim Babayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov və Tələt Şıxəliyevin əsərlərindən ibarət Müqavimət haqqında 300 söz adlı qrup sərgisini təqdim edir. 


Müqavimət haqqında 300 söz iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi, həm də siyasi. Vətəndaş cəmiyyətinin quruluşunda müqavimət mühüm sosial vəzifə daşıyır. 7 gənc Azərbaycan rəssamı müqavimət anlayışını araşdıraraq, ölkə gənclərini düşündürən gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi əsas mövzuları bu sərgidə təqdim edirlər. Yeni ərsəyə gətirilmiş bu əsərlərdə həm bugünkü Azərbaycan cəmiyyətinin bütövlükdə apardığı, həm də vətəndaşlarımızın fərdi surətdə üzləşdiyi mübarizələr tədqiq olunur. Rəssamlar, özlərinin də məxsus olduqları gənc nəslin səsləndirdiyi fikirləri iqtisadi qeyri-sabitlik və geosiyasi iğtişaşlar zamanından keçirib yeni kapitalizm və sosial məlumatlılıq  əsrinə çatdırırlar.

Nümayiş etdirilən yeni əsərlər XX əsrin 60-cı illərin rəssamları tərəfindən yaradılmış köhnə əsərlərə üz tutur, onlarla söhbətləşirlər. Əksəriyyəti indiyəcən heç sərgilənməmiş həmin modern incəsənət əsərləri Sovet dönəmində meydana gəlmiş müqaviməti – sosialist realizminə və təbliğat incəsənətinə zidd çıxmağı əks etdirirlər. Modern incəsənət ustaları indi də yeni nəsil ölkə rəssamlarının ilham mənbəyini və etibarlı bünövrəsini təşkil edirlər.

Sitara İbrahimova və Fərhad Fərzəliyev özlərinin Reflektor (2016) və Gör nə yeyib-içməli yerdir! (2016) adlı video əsərlərində istehza və yumor vasitəsilə gender məsələlərinə aid ən çox yayılmış stereotipləri dağıdırlar. Buna bənzər bir inad – azadlığa yol açmaq cəhdi Tələt Şıxəliyevin non-konformist rəngkarlıq tablosu olan Gənc oğlanın portreti  (1961) adlı əsərində də ifadə olunmuşdur. Bu işlərin qarşısında Tahir Salahovun Analara ithaf (1986) adlı əsərindəki sakitlik onların tam əksi kimi görünür. Həmin tabloda ifadəsini tapmış zamanın ötüb-keçməsi Habib Saherin Qodonu gözləyərkən (2016) adlı əsərində davam etdirilir, təsviri sənətin tarixi istinadları vasitəsilə ənənəvi dünyagörüşlərinin tədricən dağılmasına xidmət etməyə başlayır.

Müqavimətin fenomenal təzahürünü Aida Mahmudovanın Adsız adlı əsərində görmək olar. Əsasən, tənzif parçasından hazırlanmış onun bu yeni əsəri fərdi mübarizənin elə cismani ifadəsidir ki, nəhəng nisbi ölçüsünə görə yerləşdiyi məkanı doldurması vasitəsilə seyrçilərlə paylaşmış olur. İfrat cisimliyinə görə bu instalyasiya Rasim Babayevin Torpaq neft ilə zəngindir (1976) adlı ekspressionist əsəri ilə səsləşir.  

Şəxsi ruhi-mənəvi aləminin ictimai-siyasi gerçəkliyə necə çevrilməsi Ənvər Əsgərovun Üfüqdə yox olanlar (1985) adlı rəngkarlıq tablosunda özünü büruzə vermişdir. İctimai məkanların müasir quruluşuna dair yanaşmalar İlkin Hüseynovun Müvəqqəti narahatçılığa görə üzr istəyirik (2016) adlı foto işlərində təqdim olunaraq, uzun müddətli keçid dövrünü yaşayan şəhərin və cəmiyyətin fasad üzünü nümayiş etdirir. Zamir Süleymanovun İddia (2016) adlı əsərində araşdırılan ideoloji mübarizədə Bakının memarlığında nəzərə çarpan yeni əlamətlər əks etdirilmişdir.

Sərginin tamamlayıcı nöqtəsi olaraq, burada Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi zamandan ölkəmizin siyasi gerçəkliyini müəyyənləşdirən münaqişəni ifadə edən naməlum qara dağlar obrazı yerləşdirilmişdir. Dağlıq Qarabağ ərazisində populyar mahnıların təsadüfü seçim yolu ilə toplanmış 20 musiqi parçasının sədaları Elturan Məmmədovun Adsız yüksəkliklər (2016) adlanan əsərinin təsirini bir az da gücləndirir. Əsər, Böyükağa Mirzəzadənin sülhə çağırış səsləndirən 1945 (1976) adlı tablosu ilə ziddiyyətli tərzdə yan-yana yerləşdirilmişdir. Ustadın modern incəsənətə aid həmin şah əsəri ‘НЕТ’ (‘YOX’) kəlməsi ilə müqavimətin əbədi formasını nümayiş etdirir.


Sərginin kuratorları Suad Qarayeva-Maleki və Björn Geldhofdur. 


Sərgidə nümayiş olunan modern incəsənət rəssamlarının əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim olunmuşdur.


Rəssamlar haqqında:

Eldar Ağamalov (1954) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini 1971-ci ildə bitirib, 1974-1980-ci illərdə isə V.İ. Surikov adına Dövlət İncəsənət Universitetində "Monumental rəngkarlıq" ixtisası üzrə təhsili alıb. Onun əsərləri 1978-ci ildən etibarən Bakı, Moskva, London və Paris kimi şəhərlərdə sərgilənib. Eldar Ağamalov  Bakı İncəsənət Mərkəzinin vitse-prezidenti  və “Yeni Gallery” sərgi salonun sahibidir. Rəssam 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının və 2005-ci ildən Qazaxıstan Jurnalistlər İttifaqının üzvüdür.

Rasim Babayev (1927-2007) ilk ixtisas təhsilini Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində, ali təhsilini isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda almışdır. Təsviri sənətimizin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlərin müəllifidir. Rasim Babayevin əsərləri Moskvada Dövlət Tretyakov qalereyasında və Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

Ənvər Əsgərov (1940-2014) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini (1963) və V. Muxina adına Ali Sənaye Rəssamlıq İnstitutunu (Leninqrad, 1968) bitirmişdir. Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər. Ənvər Əsgərov 2000-ci ildə Azərbaycan Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

Fərhad Fərzəliyev (1989) Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini 2012-ci ildə fərqlənmə diplomu ilə bitirib, təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Rəssam, real dünyanın dərk edilməsi üsulu kimi incəsənətin cavablar verməkdən daha çox suallar irəli sürməsi fikrini yaradıcılığının əsas leytmotivi etmişdir. 2016-cı ildə YAY Qalereyasında “Yeganə pələngin mənəm” adlı  ilk fərdi sərgisini təqdim etmişdir. Rəssam bir sıra qrup sərgilərində iştirak etmişdir: Moskva Müasir İncəsənət Biennalesi, “Konfet dağlar, neftli sahillər” PERMM muzeyi, Şarja İslam İncəsənəti Festivalı, “ZAVOD” müasir incəsənət sərgisi, “Alüminium 5” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi və s. Fərhad Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

İlkin Hüseynov (1988) Madriddə yerləşən EFTI Fotoqrafiya Məktəbini 2015-ci ildə bitirib. Gənc rəssam  yaradıcılığı ilə ətrafdakıların diqqətini regionlarımızla bağlı gözdən qaçan problemlərə yönəldən Azərbaycan sənədli fotoqrafiyasının yeni nəslinin sırasına daxildir. İlkin Hüseynov London Fotoqrafiya Festivalının, Manuel Rivera-Ortiz Fondunun Winephoto müsabiqəsinin finalçısı olmuş və “PowerHouse Books” müsabiqəsində ikinci yerə layiq görülmüş, həmçinin “Magnum Foundation Emergency Fund” mükafatına namizəd olmuşdur. İlkin Hüseynovun əsərlərini çap edən qurumlar; Associated Press, Invisible Photographer Asia, AFP, Reuters, Yahoo, CNN International. Rəssamın əsərləri Niderlandda GRID Beynəlxalq Fotoqrafiya Biennalesi çərçivəsində sərgilənmişdir. Məhdud sayda buraxılan əl işi müəllif kitablarının nəşri üzrə ixtisaslaşan "Riot Books" adlı müstəqil nəşriyyatın təsisçilərindən biridir.

Sitara İbrahimova (1984) Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsilini 2004-cü ildə başa vurmuş, 2010-cu ildə isə Praqada FAMU Universitetini fotoqrafiya ixtisası üzrə bitirmişdir. Rəssam öz yaradıcılığında çağdaş Azərbaycan mədəniyyətində müasirliklə ənənənin qarşılıqlı təsirinə nəzər salır, mədəniyyət ənənələrini, gender normalarını, fərdin cəmiyyət içində yaşadığı təzyiqləri tez-tez sınağa çəkir. Sitara Eurasianet.org, Qızıl Xaç, British Council (Azərbaycan) kimi qurumlarda çalışıb. Əsərlərinin nümayiş olunduğu tədbirlər: 55-ci və 56-cı Venesiya Biennaleləri, 2012-ci ilin Tbilisi Foto Festivalı, 2009-cu ilin İnter-Foto Festival düşərgəsi (Çexiya), 2007-ci ilin Photonic Moments Festivalı (Lyublyana), Müasir İncəsənət Muzeyi (Moskva).

Aida Mahmudova (1982) Londonda Central Saint Martins İncəsənət və Dizayn Kollecinin “Rəngkarlıq” fakültəsində təhsil almışdır. Aida Mahmudovanın yaradıcılığının ilham mənbəyi doğma Azərbaycan mənzərələri və memarlığıdır. Əsərlərində nostalji hissi ilə çoxdan gözdən itmiş yerlərin həsrətini və məhv olan görüntülərini son həddində saxlayıb tam yox olmaqdan qorumaq istəyini əks etdirir. Rəssamın fərdi sərgiləri YAY Qalereyası (Bakı, 2016), Müasir İncəsənət Muzeyi (Bakı, 2015), Leila Heller Qalereyası (Nyu-York, 2015), Barbarian Art Qalereyası (Sürix, 2013) və Kiçik QalArt Qalereyasında (Bakı, 2013) keçirilmişdir. Əsərlərinin nümayiş olunduğu mədəniyyət tədbirləri və qrup sərgiləri: 55-ci və 56-cı Venesiya Biennaleləri, Louise Blouin Fondu (London), Vyana Yeni Müasir İncəsənət Yarmarkası, Pablik-Art Festivalı 2012, Fly to Baku (Bakı, Vyana, Roma, Paris və London). 2011-ci ildə Aida Mahmudova YARAT qeyri-kommersiya təşkilatını təsis etmişdir. Təşkilatın məqsədi Azərbaycan müasir incəsənətinin dəstəklənməsi, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqincə təbliğ olunmasıdır.

Elturan Məmmədov (1990) Ukrayna Milli Aerokosmik Universitetinin məzunudur. Fotoqrafiya sənətini özü öyrənmiş Elturan əsasən sənədli foto sahəsində çalışır. Yaradıcılığında milli mədəniyyəti tədqiq edir, həmçinin rəssam əsərlərində insanın cəmiyyətin bir parçası olaraq müxtəlif hadisələr və hallarda özünü necə aparmasını araşdırır. Rəssam ictimai və sosial problemlərə olan münasibət və iradlarını rişxənd, bəzi hallarda isə satirik formada bildirir. Rəssam hər-hansı mövzunu açıqlamaq üçün silsilə əsərlər yaradır, əsərlərində vizual dilin lakonikliyi ilə seçilən kadrlara üstünlük verir. Elturan Məmmədov “Təəccüblənmək, Təəccübləndirmək”, ARTIM, Bakı, “Konfet dağlar, neftli sahillər”, PERMM muzeyi, Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesinin və “ZAVOD” Müasir İncəsənət sərgisi, Bakı və s. sərgilərin iştirakçısı olmuşdur.

Böyükağa Mirzəzadə (1921-2007) dahi Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəmiş, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olur, lakin 1941-ci ildə Vətən müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilmir. Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı və qrafika, səhnəqrafiya, monumental heykəltəraşlıq əsərlərinin müəllifidir. Onun yaradıcılığına müxtəlif dövrlərin Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. 1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş “Milyonçunun dilənçi oğlu” tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü. Hacıbəyov adına Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Toğrul Nərimanbəyov (1930-2013) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini 1950-ci ildə və Litva Dövlət İncəsənət İnstitutunu 1955-ci ildə bitirmişdir. T. Nərimanbəyovun romantik üslubda işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. Rəssam təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. 1980-cı ildə SSRİ Dövlət Mükafatına, 1989-cu ildə SSRİ Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. Onun monumental divar rəsmləri Azərbaycan Milli Məclisinin və Dövlət Kukla Teatrının foyelərini bəzəyir.

Habib Saher (1986) Bakıda yaşayan İran əsilli rəssamdır. O, heykəltəraşlıq üzrə bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qazanmışdır. Habib Saher həm Bakıda, həm də xaricdə keçirilmiş bir sıra sərgilərdə iştirak etmişdir, o cümlədən: Beynəlxalq “Səməni” İncəsənət Sərgisi, Heydər Əliyev Mərkəzi, “Caspian” İncəsənət Sərgisi, “ZAVOD” Müasir İncəsənət Sərgisi və “Summer Group Show” sərgisi – “Seed Corn” Qalereyasında (Berkli şəhəri, Kaliforniya, ABŞ).

Tahir Salahov (1928) V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu 1957-ci ildə rəssam–naqqaş sənəti üzrə bitirmişdir. Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə öz fərqliliyi ilə seçilir, ustad sənətkar sərt üslubda işləyən realist rəssam kimi tanınır. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu (1963-1974), eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda (1984-1992) gənc rəssamlar yetişdirib. MDB-nin Rəssamlıq Akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilən sənətkarlardan biri də Tahir Salahovdur. Tahir Salahov Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

Zamir Süleymanov (1987) Azərbaycan Dövlət İqtisadiyyat Universitetini 2009-cu ildə bitirib. Zamir Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Onun foto və video əsərləri rəssamı əhatə edən Azərbaycanın sosial-mədəni reallığına baxışının əks etdirir. Zamir Süleymanovun Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısıdır: “Təəccüblənmək, Təəccübləndirmək”, ARTIM, Bakı, Şarja İslam İncəsənəti Biennalesi, GRID Beynəlxalq Foto və Video Sənəti Festivalı, Amsterdam və IV Moskva Gənclər İncəsənəti Biennalesi.

Tələt Şıxəliyev (1928-1987) ilk peşəkar təhsilini Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində almışdı, 1960-ci ildə isə Kiyev Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Tələt Şıxəliyev 1962-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişdir. İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Tələt Şıxəliyev Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü olmuşdur, 1982-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.


Press və fotolar üçün:    

Fərəh Ələkbərli 

Tel: +994 50 274 6747

Email: farah.a@yarat.az


Redaktorlar üçün qeydlər:

Sərgi: 300 Word on Resistance 

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Bayıl (Dövlət Bayrağı Meydanı yaxınlığında)

Tarixlər: 10 İyun 2016 – 9 Oktyabr 2016 

İş saatları: Çərşənbə axşamı – Bazar, 11:00 – 20:00

Giriş sərbəstdir

www.yarat.az


FACEBOOK

Yüklənir