Noyabr 2017

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI: ZAMİR SÜLEYMANOV: ALL_AND FƏRDİ SƏRGİ

27 Okt - 27 Dek 17

YAY Qalereyası Zamir Süleymanovun ALL_AND adlı fərdi sərgisini təqdim edir.


Rəssam Zamir Süleymanovun ALL_AND fərdi sərgisi müasir Azərbaycan fotoqrafiya və video sənəti sahəsində görmə bucağının fərqliliyi, cəmiyyətdə mövcud situasiyanı analizə etmək istəyi ilə səciyyələnir.

Zamir Süleymanovun yaradıcılıq təcrübəsi Azərbaycanın sosial-mədəni reallığının ayrılmaz hissəsi olan xüsusiyyət və paradokslarının müşahidəsi ilə bağlıdır. Onun əsərlərinin əsas mövzusu insanların daxilində yaşayan "yatmış etiraz" hissidir. Milli mövcudiyyət, irsi və mədəni identiklik məsələlərinə toxunan rəssam, foto və video vasitəsilə cəmiyyətin daxilində olan individlərin yığcam obrazını yaradır.


Rəssamın Vətən videosu suyun axarı ilə yaşayan insanlar haqda fikirləri əks etdirir. Burada keçmiş Vətən kinoteatrında gənc insanların asudə vaxtlarını necə keçirməsindən bəhs edir. Həmin gənclərin sanki burada bütün ömürlərini sürməyə hazır olduqları vurğulanır.


Sənədli intervyu şəklində çəkilmiş Qorbaçovun başına daş videosunda rəssam taksi sürücülərinin "daimi mövzular" haqda sonsuz söhbətlərini göstərməklə, onların mental xüsusiyyətini əks etdirir. Rəssam öz ideyalarının bir qismini fotolarda ifadə edir. 


Onun Terror adlı əsəri də bu silsilədəndir. Bu əsər Zamir Süleymanovun əslən olduğu İlisu kəndinin tarixi və Qafqaz xalqlarının lideri hesab olunan Şeyx Şamilin həmin kənd ərazisində XIX əsrin ortalarında apardığı mübarizəyə olan ithafdır.


Rəssamın Ağır sözlər üçkanallı video əsəri Azərbaycan dilinin sözaltı mənaları və lokal submədəniyyətin təfərrüatlarını nümayiş edir.


Submədəniyyətin digər nümunəsi Bənövşə oyunu video əsəridir. Videonun dəsti-xətti uşaqların oynadıqları oyundan götürülüb. Rəssam bu əsərdə həmin oyunun yaşdan və cinsi mənsubiyyətdən asılı olmayaraq hər kəs üçün uyğun olduğunu və idman bədən quruluşlu kişilərin daxilən "uşaq" olduqlarını vurğulayır.


Təhlükə anı instalyasiyası Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın irsinə istinad edir. Əsərdə rəssam hökmdarın əfsanəvi qılınc prototipini yanğın söndürən qutusuna yerləşdirilib. O, bununla vurğulayır ki, hər hansı hadisə baş verdikdə, hər kəsin bu qutunu sındırıb, öz müdaxiləsini etmək imkanı var.


Qarabağ mövzusundan da yan keçməyən Zamir, Nə vaxtdır dağlarda çiçək görmürəm adlı animasiyada xəyalındaki işğal altında olan Cıdır düzünün təsvirini göstərir.


Bayraqlar instalyasiyasında müxtəlif dərzilərə sifariş olunan ən kiçik Azərbaycan bayraqları əks olunur. Bununla rəssam bolluq və böyüklük ideyasının antitezasını yaradır.


Real Market fotolar silsiləsində Bakıda bu adda olan bütün marketlər əks olunub. Bu mövzu ilə bağlı rəssamın cəmiyyətə ünvanladığı yeganə sualı "qeyri-real marketin" mümkün olub-olmamasıdır.


Süleymanovun erkən əsərlərindən olan Kafe Venesiya videosu insanların vəhşi təbiətin yırtıcıları ilə vizual qurulmuş müqayisəli analizi əsasında çəkilib.


Very Contemporary foto silsiləsi rəssamın klassik fotoqrafiyadan müasir foto sahəsinə keçidini bildirməklə, gündəlik həyatının boşluqlarını göstərir.


Zamir Süleymanov (1987, İlisu) Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Öz yaradıcılığını klassik fotoqrafiya ilə başlayan rəssam, daha sonra müasir fotoqrafiya və video sahəsinə keçib. Rəssam GRID Beynəlxalq Fotoqrafiya Festivalı (Amsterdam, Hollandiya), IV Moskva Gənc İncəsənət Biennalesi (Moskva, Rusiya), İslam İncəsənəti Festivalı (Şarja, BƏƏ), Tbilisi Foto Festivalı (Tbilisi, Gürcüstan) Milan Triennalesi (Milan, İtaliya) və s. bu kimi beynəlxalq incəsənət sərgi və festivalların iştirakçısıdır. 


Sərginin iş günləri: 27 oktyabr > 27 dekabr, 2017-ci il
Sərginin iş saatları: Çərşənbə Axşamı - Bazar, 12:00 - 20:00
Ünvan: Kiçik Qala küç., 5, İçəri Şəhər, Bakı.
Giriş sərbəstdir.

Yüklənir