Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: ƏMƏK, İSTİRAHƏT VƏ XƏYALLAR – 1960-1980-Cİ İLLƏR AZƏRBAYCAN USTADLARININ GÖZLƏRİ İLƏ

26 May - 13 Yan 19

YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.


VİRTUAL TUR

Bu sərgidə Azərbaycanın sovet dövrünün təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur. 1953-cü ildə İosif Stalinin ölümündən sonra, Sovet İttifaqını özünüifadə azadlığının yeni dalğası bürüdü və ilk olaraq bundan rəssamlar yararlandılar. Öz dövrlərinin birdən-birə iki mühüm sərgisinin (1956-cı ildə A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Pablo Pikassonun əsərlərinin nümayişi və 1958-ci ildə sovet auditoriyasına ilk dəfə abstraksionist-ekspressionist rəssamların əsərlərinin təqdim edildiyi Amerika Milli Sərgisi) təsirindən vəcdə gələn və ilhamlanan Azərbaycan rəssamlarının yeni nəsli, rəssamlıq sənətində yeni istiqamət qurmağa başladılar. Sosialist realizminin doqmatik göstərişlərindən kənara çıxmaqla, onlar öz fərdi, büsbütün tanınan və müəyyən edilən üslublarını, işləyib hazırladılar. Bu üslub, açıq tonların tətbiqinə görə unikal olmaqla yanaşı, obyektlərin əks etdirilməsinə görə cəsarətliliyi, yaxmaların qətiyyəti, impasto gücü və folklor elementlərinin istifadəsi ilə fərqlənirdi.

Belə ki, Tahir Salahov kimi aparıcı rəssamlar, xətlər ifadəliyinin və təsvirin emosionallığının təsirini artırmaq üçün, realizm texnikasını gücləndirib və məşhur “Sərt üslubu” formalaşdırdıqları halda, digərləri büsbütün realizmdən imtina etdilər. Cavad Mircavadovun arxasınca gedərək, rəssamlar rənglərin cəsarətli uyğunluğunu və həm forma, həm də məzmununa görə son dərəcə laylı texnika tətbiq etməyə başladılar. Mövcud vəziyyətlə bağlı öz narazılıqlarını ifadə etmək istəyən bu rəssamlar, birlikdə Abşeron koloristlər məktəbini yaradaraq, tez-tez öz əsərlərinə şərq simvolları və xalq nağılları dilindən istifadə etməklə, zəruri, dünyəvi motivləri daxil edirdilər. Digərləri isə, Böyükağa Mirzəzadə və Maral Rəhmanzadə, yeni aşkarlıq və tərəqqi dövrünü əks etdirməklə, ölkə həyatında dəyişikliklərin realist ötürülməsi ilə bağlı texnikalarını daha da səlisləşdirdilər.

Bəs bu qədər fərqli üslublar və dünya görüşləri arasında necə istiqamətlənmək olar? Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi fərqli rəssamları nə birləşdirir? Bu ekspozisiyada,  “mülayim havası” dövrünün 1960-cı illərindən başlayaraq 1980-ci illərinin sonlarında baş verən yenidənqurmaya qədər davam edən müddətdə Azərbaycan rəssamlarını daha çox cəlb edən üç məşhur mövzu müşahidə olunur. “Əmək, istirahət və xəyallar” sərgisi, incəsənət vasitəsilə yenidən analiz edilmiş, yenidən mənalandırılmış və yenidən təsvir edilmiş sovet reallıqları ilə qurulmuş həyatı əks etdirir. Bu sərgi, XX əsrin Azərbaycan rəssamlığının “Qızıl dövrünün” ustad rəssamlarının yaradıcılığının müzakirəsi, təhlili və qiymətləndirilməsinə yeni nəzər nöqtəsini təqdim edir.  Bu, bir anlığa ustad rəssamların yaşadığı dünyaya səyahət etmək və onları cuşa gətirən düşüncələr və fantaziyaları görmək üçün dəvətdir.


Kurator: Suad Qarayeva-Maleki

Araşdırmaçı: Fərəh Ələkbərli


XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi haqqında

Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib. 


 

Redaktorlar üçün qeyd:

Sərgi: Əmək, İstirahət və Xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə 

Məkan: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 26 may 2018 – 13 yanvar 2019

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar,  11:00 – 20:00.

Giriş sərbəstdir


RƏSSAMLAR HAQQINDA

Mikayıl Abdullayev (1921-2002) Azərbaycanın sovet rəssamlığı tarixində ən əhəmiyyətli simalardan biridir.

Rəssamın “Səadət qurucuları” (1951) əsəri Azərbaycan SSRİ-nin rəssamlıq tarixində sosialist realizmin ən əhəmiyyətli işlərindən biri sayılır. Rəssam burada monumental formal bədii dildən istifadə edir. Onun obrazları işıq effekti ilə təsvir olunur, rənglər diapazonu çox parlaq və rəngarəngdir və bütövlükdə bu sənət əsərinin ideyasına xidmət edir. Onun “41-ci ilin iyunu” (1964-1965), “Mingəçevir işıqları” (1948), “Sevinc (1957)", “Kür çayının sahilində” (1954) və başqaları onun çoxsaylı əsərlərinin bir neçəsidir.

O, həmçinin bir çox şəxsiyyətlərin portretlərini yaradıb: “M.Qorki 1928-ci ildə Bakıda”, “Üzeyir Hacıbəyov” (1943), “Səməd Vurğun” (1944), “İ.Nəsimi” (1960-ci illər), “F.Bədəlbəyli” (1977) və s. Monumental rəssam rolunda, o, Nizami Gəncəvinin “Xəmsə” əsərinə həsr olunmuş mozaika əsərləri üzərində işləyib. Poemanın müxtəlif parçaları şairin adını daşıyan metro stansiyasının divarlarını bəzəyir.

Rəssamın yaradıcılığı ədəbiyyatla sıx bağlıdır və kitab qrafikasının inkişafına mühüm töhfələr verib. Rəssam Nizami, Füzuli, Vaqif, M.F.Axundov, M.A.Sabir, C.Cabbarlı və R.Rza kimi ədiblərin əsərlərini təsvir etmişdir. Hindistan, Əfqanıstan, Polşa və İtaliyaya səfərlərindən sonra, o, bir sıra böyük ölçülü rəsmlər yaradıb.

Mikayıl Abdullayev SSRİ-nın xalq rəssamı və Azərbaycan SSR-nın Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür.


Rasim Babayev (1927-2007) Abşeron rəssamlıq məktəbinin ən nüfuzlu rəssamlarından biri hesab olunur.

1950-1960-cı illərdə, Rasim Babayev əsasən litoqrafiya, linoqravüra və kitab illüstrasiyaları ilə işləyib. Onun “Qara şəhər”, “Daşkəsənin yollarında”, “Fəhlə portreti”, “Almaniyada”, “Qobustan”, “Dəvə”, “Qaçaq Nəbi”, “Köhnə Bakı” kimi qrafik əsərləri etiraz potensialından bəhs edir. Rəssam sonradan öz fəaliyyətini yağlı boya ilə rəngarəng və yeni xəyallar dünyasını əks etdirməklə davam etdi.

Rasim Babayev, öz seçilən və fərqli rəssamlıq tərzi ilə ən əhəmiyyətli rəssamlardan və Abşeron rəssamlıq məktəbinin banilərindən biri sayılır. O, sovet dövründə ideoloji çərçivələrdən kənar fəaliyyət göstərən, avanqardist və nonkonformist rəssamlardan biri kimi qəbul edilirdi. Sənətkar, erkən dövrlərdən başlayaraq tamaşaçıya “meydan oxumağa” cəhd göstərib. Onun yetkin əsərləri irs, yerli folklor, xeyir və şərin mübarizəsi, işıq və qaranlıq ilə bağlı ideyalara söykənir. Onun dünyaya qarşı etdiyi daxili etiraz, xaosla dolu əsərlərinin böyük ölçülərində əks olunur. Rəssam fərqli dinlərdən və mədəniyyətlərdən olan vəziyyətləri, motivləri müqayisə edərək, onlara öz şərhlərini verir.

Azərbaycanın xalq rəssamı Rasim Babayevin əsərləri Azərbaycan və xarici ölkələrin daimi kolleksiyalarında saxlanılır.


Səttar Bəhlulzadə (1909-1974) xüsusi olaraq tarix, portret və mənzərə janrlarında işləyərək, öz yolunu realist rəssam kimi başlamışdır. Daha sonra, o, öz diqqətini mənzərə janrına yönəltdi, öz fantastik və gerçək dünyasının baxışlarını əks etdirən duyğularını ifadə etmək üçün öz fərdi üslubunu yaratdı. Onun lirik mənzərələri kifayət qədər rəngarəng və detallar ilə zəngin olan, son dərəcə güclü poetik ruha malikdir.

Rəssamın qrafik əsərləri, əvvəlcə mürəkkəb, daha sonra qələmə keçid alaraq, xətlər və üz cizgilərinin çəkilməsində onun üstünlüyünü nümayiş etdirir. Azərbaycanı gəzmək və araşdırmaq onun ən sevimli məşğuliyyəti olduğu üçün, o, ən böyük ilham mənbəyini əsasən təbiətdən və rastlaşdığı insanlardan alırdı. Onun “Kəpəzin göz yaşları” (1965), “Bazardüzü kəndi” (1962), “Qudiyalçay vadisi” (1953), “Doğma vətənimin baharı” (1967), “Qızbənövşəyə gedən yol” (1953) kimi şah əsərləri Azərbaycanın ən gözəl guşələrini əks etdirir. 1964-cü ildə onun ilk fərdi sərgisi Praqada təşkil olunub və bu, Azərbaycan rəssamlıq tarixində Avropada ilk sərgi sayılır.

Səttar Bəhlulzadə Azərbaycan SSR-nın xalq rəssamı, Azərbaycan SSR-nın Dövlət Mükafatı laureatı olub.


Gennadi Brijatyuk (1935-2008) – sovet və postsovet dövrlərində Azərbaycan avanqard üslubunun nümayəndəsi sayılır. Onun yerli ənənəvi təsviri incəsənətdən ilhamlanmış erkən əsərləri daha realist və dekorativ idi. Daha sonra, Brijatyuk öz üslubunu yaratmaq üçün, qərb cərəyanlarını yerli ənənələr ilə sintez etdi. O, müxtəlif janrları sınaqdan keçirdi və Abşeron günəşinin gözqamaşdırıcı şüaların təsirindən göründüyü kimi, “yuyulmuş rənglərin” iri blokları ilə yumşaq palitrada işlənmiş yarımabstrakt peyzaj rəsmləri ilə tanınmağa başladı. Azərbaycan rəssamlığında layların relyefli ekspozisiyası ilə xarakterizə edilən növbəti cərəyanına keçid dövründə, o, öz sonuncu rəsm əsərlərinə qum və torpaq kimi kənar materiallar əlavə etməyə başladı.

Gennadi Brijatyuk Azərbaycanın əməkdar rəssamı və Rəssamlar İttifaqının üzvü olub.


Nadir Əbdürrəhmanov (1925-2008) öz rəssamlıq fəaliyyətinə 1944-cü ildə, müharibədən sonrakı vəziyyəti əks etdirən “Qaçqınlar” adlı əsəri ilə başlayıb. Karyerasının erkən dövründən başlayaraq, rəssam lirizmlə dolu, rəngkarlıq və dekorativ dəyərlər ilə zəngin olan iri miqyaslı tematik rəsmlər yaratmışdır. Onun Azərbaycanın tarixi inqilab dövrünə olan marağı, müasir həyat və ölkənin sənayeləşməsi ilə ziddiyyət təşkil edir. Apardığı araşdırmalar nəticəsində o, “26 Bakı komissarının tutulması” (1953), “Leninin sözü” (1953), “Bəd xəbərlər” (1958), “Sənaye mənzərəsi” (1954), “Yaylaqda” (1957), “Dağlarda səhər” (1957) adlı əsərlərini yaratmış və Azərbaycan sovet rəssamlığı üslubunda işləyən əhəmiyyətli simalardan birinə çevrilib. Eyni zamanda, o, 1960-ci illərdə “Əli-Bayramlı HES qurucuları” və “Yeddi illik qurucular” əsərlərində nümunəvi şəkildə ifadə edilən əmək mövzunu araşdırıb.

Nadir Əbdürrəhmanov Azərbaycan SSR-nın əməkdar rəssamı, daha sonra isə Azərbaycan xalq rəssamı adlarına layiq görülüb, Dövlət Mükafatının laureatı olmuşdur.


Kamal Əhməd (1940-1994) – XX əsrin ən nüfuzlu Azərbaycan rəssamlarından biri sayılır.

Görkəmli Azərbaycan şairi Səməd Vurğun, rəssama hələ gənc ikən “sənin böyük gələcəyin var” söyləmişdi. Müharibə dövrünün bütün ağrı-acıları və çətinlikləri Kamal Əhmədin uşaqlıq dövrünə təsadüf etdi və illər sonra, rəssam yaşadıqlarını öz yaradıcılığında ifadə etdi. Hələ tələbəlik illərində, o, öz prinsiplərinə sadiq qalaraq, sovet liderlərinin portretlərini çəkməkdən imtina edir, rejimin hakim rəssamlıq məktəbinin qəbul edilmiş ənənələrinə qarşı mübarizə aparırdı.

Kamal Əhməd, Səttar Bəhlulzadə və Cavad Mircavadovu öz müəllimləri sayırdı. İllər keçdikcə, o, öz ilham mənbəyini poeziya, Şərq fəlsəfəsi və simvolizmindən götürən rəssamlıq üslubu – “Abşeron məktəbi”nin aparıcı simalarından birinə çevrildi. Onun dəst-xətti, mövcud ideologiyaya qarşı etiraz olaraq, Azərbaycanın milli və ənənəvi irsi ilə çox sıx bağlı idi. 

1980-ci ildə rəssamın karyerasında dönüş nöqtəsi baş verdi: o, ailə həyatı qurdu. Məhz bundan sonra, onun yaradıcılığında qadın obrazları canlanmağa başladı. Bu baxımdan, rəssamın “Ailə” (1980) adlı əsəri, onun yaradıcılığının ən mühüm incilərindən biri sayılır.

Kamal Əhməd, keçmiş SSRİ məkanında yalnız 80-ci illərdən sonra tanınmağa başladı. O, SSRİ respublikalarının incəsənət müsabiqələrində 1-ci yerin qalib olmuş (Sovet Rəssamlarının Sərgisi, Moskva, 1988-ci il; Xəzəryanı Respublikaların 1-ci Biennalesi, Bakı, Azərbaycan, 1989-cu il; Novruz bayramına həsr edilmiş sərgi, Bakı, Azərbaycan, 1993-cü il) və yekun olaraq, İtaliyada səkkiz seçilmiş sovet rəssamından biri kimi (Sovet Rəssamlarının Sərgisi, Villa Mirabello Arxeoloji Muzeyi, Varese, İtaliya, 1989-cu il) ən böyük məşhurluq qazanmağa nail oldu.


Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər rəssamlar ailəsinin nümayəndələrindən biridir.

O, hələ gənc yaşlarında Rasim Babayev, Əşrəf Murad, Sənan Qurbanov və Kamal Əhməd ilə yaradıcılıq söhbətləri edirdi. Atası rəssam Həsən Haqverdiyevin ölümündən sonra, o, Kamal Əhmədi özünə müəllim qəbul etdi.

Ucal Haqverdiyevin rəssamlıq karyerası 1970-ci illərdə başladı. Rəssamın ən böyük ilham mənbəyi İtalyan İntibahı, modernizm sənətinin fovizm və neoimpressionizm kimi üslubları və Qacar rəssamlıq məktəbi olub. Onun əsərləri xüsusi bir janr çərçivəsinə sığmayan, zəngin hekayələr ilə müşayiət olunur. Rəssam, dünya rəssamlıq tarixinin xüsusiyyətlərini mənimsəyərək, müəyyən detallara, yumşaq rəngli keçidlərə və stilizasiyalı obrazlara göstərdiyi maraqla səciyyələnən vizual dilini yaradıb. Onun əsərləri Şərq fəlsəfəsi, dini inanclar, təxəyyül və arzulardan bəhs edir. 

Ucalın yaradıcılığının ən vacib hissəsi “Madonna”, “Müqəddəs İyeronim”, “Misirə qaçış”, “Sehrli bağça” kimi Bibliya hekayələrinə həsr olunub. “Şərq gözəllikləri” silsiləsi kimi əsərlər, yerli özəlliklərə olan marağı nümayiş etdirir. O, Bakıda Arxangel Mikayıl Kilsəsinin divar rəsmlərinin müəllifidir və bu işə ömrünün beş ilini sərf edib. 2004-cü ildə vəfat etməsi səbəbindən, o, öz işini başa çatdıra bilmədi.


İqor Juk (1927-1995) Azərbaycanın rəssamlıq tarixində realistik rəngkarlıq nümayəndələrindən biri sayılır. 

İ.Repin adına Təsviri İncəsənət Akademiyasını bitirdikdən sonra, İqor Juk Saratov Kilsəsində bərpaçı kimi çalışmağa başladı. Eyni zamanda o, ikonalar çəkirdi. Öz kosmopolitizm və impressionizm ideyalarına görə, o, akademiyadan, təhsil aldığı İqor Qrabarın sinfindən xaric edildi. 

İmpressionist dildən istifadə edərək, realistik rəsmlər janrının irəli çəkilməsində, o, böyük nailiyyətlər qazandı. Juk öz yaradıcılığında yüngül işıqla ləkələnmə və plener üslubunda işləmək ehtirası ilə seçilən tərzə görə tanınır. Onun portretlər silsiləsi əsasən fəhlə sinfinə həsr edilmişdir. Sovet dövründə rəssam kimi işləyən İqor Juk sosialist realizm çərçivəsində öz baxışlarını ifadə edib.


Cavad Mircavadov (1923-1992) Azərbaycan avanqardı, həmçinin “Abşeron məktəbi” kimi tanınan hərəkatın banilərindən biri sayılır.

Məşhur Ermitaj muzeyində fəhlə kimi keçirdiyi dövr, onun üçün əsl “həyat məktəbi” oldu. Bakıya qayıdandan sonra, o, Abşeronun Buzovna kəndində yerləşən bağ evində təxminən 10 il yaşayaraq, öz əsərlərini və sınaqlarını həyata keçirməyə başladı. Məhz burada, o, müxtəlif sənətkarları və ziyalıları öz ətrafına, bir araya toplayaraq, sənətin gələcək inkişafına dair fikirlərini bölüşürdü və beləliklə, onlar birlikdə “Abşeron məktəbi” adlı bədii istiqaməti yaratdılar. “Abşeronlular” öz yaradıcılığında çox fərqli olsalar da, onların hamısı birləşdirən başlıca xüsusiyyət, sosialist realizminin normalarından qaçaraq yaratmaq arzusu idi. Mircavadov, rəssamlıq sənətinin təbliğat vasitəsi olması fikrindən imtina etdi və qeyri-konformist rəssamların siyahısında birinci oldu. Onun “Yırtıcı” adlı ilk tanınan əsəri yalnız 1967-ci ildə işıq üzü gördü. Bu, sovet cəmiyyəti və onu əhatə edən idarəetmə strukturlarına istinad edən alleqorik rəsm əsəri idi.

Sənətkarın rəssamlıq üslubu son dərəcə ifadəli və emosionaldır. Onun relyefli rəsmləri impasto təbəqələrinin qalın yaxmaları ilə seçilir. Rəng, rəssamın təcrübəsində fərqli simvolizm ilə müşayiət edilən qalın, təzadlı fırça zərbələri ilə, mənanın təməlini təşkil edir. Cavad Mircavadovun rəsmləri milli folklor və dizayn elementlərini, Şərq mifologiyası, Şərq fəlsəfəsi və Abşeron həyat tərzini yüksək ustalıqla bir araya gətirir. Satira, alleqoriya və etirazla zəngin olan Mircavadov yaradıcılığı, Azərbaycan avanqardının ən gözəl nümunələrinə çevrilməklə yanaşı, ondan sonra gələn rəssamlar nəsli üçün əsl ilham mənbəyi oldu.


Böyükağa Mirzəzadə (1921-2007) sovet dövrünün ən sayılıb-seçilən azərbaycanlı rəssamlarından biridir.

O, 1950-1960-cı illərdə, rus rəssamlıq məktəbinin çiçəklənən sosial realizminin ənənələrini davam etdirməklə, həmçinin, yerli mühitin və mədəniyyətin özəl elementlərini əlavə etməklə özünə məşhurluq qazandı.

Rəssamın yaradıcılığının əhəmiyyətli hissəsi əmək mövzusuna həsr olunub. O, Cənubun işıq və rəngləri ilə zəngin olan kompozisiyalarından sovet ideologiyasını əks etdirən kollektivist sistemin kəndli və fəhlələrini təsvir etmişdir. Onun portretlər silsiləsi öz dövrünün “Lətif Kərimov” (1975), “Səttar Bəhlulzadə” (1981), “Niyazi” (1951), “Mirvari Dilbazi” (1953) kimi tanınmış və görkəmli simalarını özündə birləşdirir. Bundan əlavə, neft mövzusu və sənaye mənzərələri onun yaradıcılığında mühüm rol oynamışdır.

Böyükağa Mirzəzadə İ.Əfəndiyevin “Mənim günahım”, Z. Bağırovun “Milyonerin dilənçi oğlu”, Ş.Qurbanovun “Qayınana” kimi əsərləri üçün teatral səhnə dizaynının yaradılmasında iştirak edib.

Böyükağa Mirzəzadə, Azərbaycanın xalq rəssamı və “Şöhrət” ordeni laureatıdır.


Əşrəf Murad (1925-1979) Azərbaycanın rəssamlıq tarixində ən “sirli” və “müəmmalı” rəssamlarından biridir. O, klassik rus rəssamlıq məktəbinin bacarıqlarını mənimsəmiş nadir sənətkarlardan biri sayılır. Əşrəf Murad öz dövrünün ən tələb olunan rəssamlarından biri sayılırdı və onun əsərləri, karyerasının başlanğıcında “ideal”, “xoşbəxt” sosialist realizminin həqiqi simasının təzahürü idi. 1960-cı illərin əvvəllərində həyatında baş vermiş hadisədən sonra, rəssam öz üslubunu büsbütün dəyişdi...

Onun zərif işıq və həyat sevgisi ilə müşayiət olunan rəsm əsərləri, indi melanxolik və hüznlü kimi görünür. Əşrəf Murad, sovet dövründə sosialist realizminin çərçivələri ilə bağlı olmayan bir neçə qeyri-konformist rəssamlarından biri olub. Onun əsərləri Lenin, Stalin, Tereşkova, fəhlələr və kəndlilərin portretlərindən qat-qat üstün idi. Bu əsərlər sovet ideologiyası, cəmiyyəti və onun təməlinə qarşı etiraz qismində çıxış etməklə, insanları soveti rejiminin nöqsanları və faciələrinin qaranlıq prizmasından təmsil edir və rəssamın bezikdirici sovet həyat tərzindən üzgünlüyünü əks etdirir. Monumental, lakonik və parlaq olan bu portretlər, həmişə qalın yaxma təbəqələri ilə seçilir. Bu isə Əşrəf Murad sənətinin arxasında dayanan fəlsəfənin, mənəvi durumun “formal açarıdır”.

Abşeron rəssamlıq məktəbinin qeyri-adi məsləkdaşı olan sənətkar, 20 illik karyerasında 50-dən çox rəsm əsəri çəkib. Sənətşünas, incəsənət tarixçisi Qriqori Anisimov Əşrəf Murad sənətinin tanınması və təbliğinə böyük töhfələr verib və rəssamın vəfatından sonra ilk fərdi sərgisi, 1984-cü ildə Bakıda keçirilib.


Toğrul Nərimanbəyov (1930-2013) Azərbaycanın ilk modern rəssamlarından biri kimi tanınır.

O, öz rəsm əsərləri, teatr dekorasiyaları, monumental divar rəsmləri, həmçinin, opera müğənnisi kimi də məşhurdur.

Toğrul Nərimanbəyovun əsərləri nar, milli musiqi alətləri, dəm çaydanları, memarlıq abidələri, milli metal məmulatları kimi ən tanınmış simvollar vasitəsilə Azərbaycan haqqında bəhs edən bayram ab-havası yaradır. Onun rəssamlıq tərzi gərgin rəngkarlıq ritmləri ilə, dekorativ və yüksək emosional kimi təsvir edilə bilər. Rəssam isə öz bədii yanaşmasını fiqurativ və abstrakt xüsusiyyətlərin birləşməsi kimi qələmə verir. Onun sevimli tərzi, müşahidəçi və ya tamaşaçı ilə dialoq yaratmağa çalışan bir şəxs qismində öz portretini rəsm əsərlərinə əlavə etməkdir.

O, Bakıda A.Şaiq adına Kukla Teatrında və Bakıda keçmiş “Moskva” mehmanxanasının lobbisində divar rəsmlərinin müəlliflərindən biridir. Rəssam F.Qarayevin “Qobustan kölgələri” və F.Əmirovun “1001 gecə” baletləri üçün teatr dekorasiyaları yaradıb.

Toğrul Nərimanbəyov Azərbaycanın xalq rəssamı, SSRİ-nın xalq rəssamı, SSRİ Dövlət Mükafatı laureatı və keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü idi. “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.


Xalq rəssamı Nadir Qasımov (1928-2000) Azərbaycan sənət tarixində ən nüfuzlu sənətkarlar sinfinə məxsusdur.

Nadir Qasımov, öz fəaliyyətinə Bülbül, Mərziyyə Davudova, Gülbala Əliyev, Süleyman Rüstəm kimi məşhur şəxsiyyətlərin təsvirlərini yaradan portret rəssamı kimi başlayıb. Onun əsərləri, psixoloji portretlər ilə tanınır; belə ki, o, təsvir etdiyi şəxsi yaxından tanımaq üçün onunla bir neçə həftə işləyir və söhbətlər edirdi.

Digər mövzularla yanaşı, Xəzər dənizi və dəniz mənzərələri onun üçün ən vacib elementlər sayılır və bu mövzularda yaratdığı əsərlərə görə böyük hörmət qazanıb. Dəniz mövzusu çərçivəsində o, neftçilərin ağır əməyini və Neft daşlarında çətin həyat tərzinə diqqət yetirmişdir.


Eldar Qurban (d. 1948) Azərbaycan rəssamlıq sənətinin səhnəsində primitivizm üslubunu təmsil edən bir neçə rəssamlardan biridir.

Eldar Qurban öz rəssamlıq karyerasına 1970-ci illərdə başlayıb və Azərbaycanda, eləcə də xaricdə geniş miqyasda sərgilənib. Onun üslubu vizual ifadədə fransız primitivizmi ilə əlaqəlidir, məzmununa görə yerli mühit və onun özəl xüsusiyyətləri ilə əlaqəlidir və reallığı arzular ilə birləşdirərək, müxtəlif dillərdə gözəllik haqqında danışır. Rəssamın tabloları əsasən gözəl Azərbaycan qadınlarını əks etdirir. Onun üslubu gənc nəslin bir çox nümayəndələrinə təsir göstərib.

Eldar Qurban Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Maral Rəhmanzadə (1916-2008) peşəkar rəssamlıq təhsili almış ilk Azərbaycan qadın rəssamlarından biridir.

Maral Rəhmanzadə öz karyerasına Böyük Vətən Müharibəsi illərində vətənpərvər məzmunlu plakatlar yaradan qrafik rəssam kimi başlamışdır. O, Xətainin “Dəhnamə”, C.Cabbarlının “Gülzar” və “Qız qalası”, M.S.Ordubadinin “Bıçaq və qələm”, A.Zöhrabbəyovun “Odlu diyar” əsərlərinə illüstrasiyalar yaratmışıdır. 

Maral Rəhmanzadə, neftçilərin adi iş günlərini müşahidə etmək üçün Neft daşlarında işləyən ilk rəssam olub.  Neftçilərin gündəlik həyatı, silsilə qrafik əsərlərdə əks olundu və bu əsərlərdə, o, linoqravüra, oyma, akvarel və qarışıq texnika ilə eksperimentlər aparıb. Bu əsərlər zəhmətkeş neftçilərin ağır əməyinə həsr olunub və Azərbaycan qrafik rəssamlıq sənətinin əsas inkişaf mərhələləri sayılır.

Sənətkar həm də sənaye və dağ mənzərələrinə həsr edilən əsərləri ilə də məşhurdur. O, Sumqayıtda və Rustavidə (Gürcüstan) nəhəng fabriklərin tikintisini əks etdirmiş, Azərbaycanın ən ucqar nöqtələrinə səfərlərini sənədləşdirmişdir. Buna misal olaraq, məşhur “Xınalıq” silsiləsini göstərmək olar.

Maral Rəhmanzadə Azərbaycan SSR-nın xalq rəssamı, Azərbaycan SSR-nın Dövlət Mükafatının laureatı olub.


Rəssamlar ailəsində dünyaya gələn Altay Sadıqzadə (d. 1951) Azərbaycanın avanqard hərəkatının ən aparıcı nümayəndələrindən biri hesab olunur.

İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Onun ilk əsərləri Qərbi Avropa kanonlarına riayət etsə də, XX əsrin əvvəllərində rus rəssamlıq məktəbinin ənənələrinə də aiddir.

Altay Sadıqzadə, bir-biri ilə uyğunlaşmayan vizual materialları bir arayan gətirməklə və öz xəyallarının və düşüncələrinin kainatını yaratmaqla, öz rəsm əsərlərində rəngkarlıq, geniş miqyaslı heykəllər və instalyasiyalar ilə işləyən eksperimental yanaşmadan istifadə edib. Yaradıcılığının müxtəlif dövrlərində onun palitrası coşqun, canlı rənglərdən qaranlıq və kölgəli rənglərə qədər dəyişib. Altay Sadıqzadənin instalyasiyaları və heykəltəraşlıq kompozisiyaları forma, xətt və parlaq rəngli fiqurlar ilə oynayan monumentallıq ilə xarakterizə olunur.


Oqtay Sadıqzadə (1921-2014) Azərbaycanın rəssamlıq tarixində ilk aristokrat rəssamlardan biri hesab olunur.

Repressiya qurbanı olmuş Oqtay Sadıqzadə 1946-cı ildə öz karyerasını qrafik rəssam kimi başladı. Onore de Balzak, Viktor Hugo, İvan Turgenev, Maksim Qorki, M.F. Axundov, H.Cavid, C. Cabbarlı və bir çox digər yazıçıların kitablarına illüstrasiyalar çəkib.

Oqtay Sadıqzadə Azərbaycan realistik rəssamlıq sənətinin inkişafında xüsusi rol oynayıb. Onun əsərlərinin özəl xüsusiyyətləri klassik kompozisiya, mükəmməl rəngkarlıq bacarıqlarıdır. Eyni zamanda sovet mövzusu ilə işləyərkən, əsərlərində rus realizminin ənənələrindən və Qərbi Avropa klassik elementlərindən istifadə etmişdir. 

Onun yaradıcılığının böyük qismini portret və tarixi hekayələrin əks olunduğu əsərlər təşkil edir. Sovet dövrünün tələblərinə uyğun olaraq, o, diqqəti fəhlələrin təsvirlərinə yönəldib. Lakin, rəssamın çəkdiyi sıravi işçilər, Azərbaycan ailəsinin təmiz ana sevgisi və s. kimi dəyərləri əks etdirir (“Lənkəran qızları” (1973) və “Kolxozçu qadınlar” (1972)). Oqtay Sadıqzadə sayılıb-seçilən şəxsiyyətlərin daxil olduğu Azərbaycan portret qalereyasının müəlliflərindən biri sayılır. Əsərlərin arasında “Nizami və dünya mədəniyyəti” (1960-ci illər) adlı monumental rəsm əsərlərinin silsiləsi, Qətran Təbrizi və Xurşidbanu Natəvanın portretləri (1970-ci illər), öz bioqrafiyasına aid “1937-ci il repressiyasının qurbanları” (1960-ci illər), “Hüseyn Cavid” (1967) triptixi vardır. 

Oqtay Sadıqzadə Azərbaycan rəssamlıq tarixinin ən sevilən portret rəssamları və qrafik illüstratorlarından biridir. O, Azərbaycan realizm məktəbinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. 

Xalq rəssamı Oqtay Sadıqzadə Azərbaycanlı rəssam kimi qazandığı nailiyyətlərə görə, Azərbaycan Dövlət Mükafatı laureatı olub, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.


Tahir Salahov (1928) sovet Azərbaycanında və modernizm dövründə ən görkəmli simalardan biri sayılır.

O, N.Xruşşovun “Mülayimləşmə” dövrünün ən görkəmli rəssamlarından və rəssamlıqda “Sərt üslubun” banilərindən biri sayılır.

İ. Surikov adına Rəssamlıq Akademiyasında təhsil aldığı dövrdə, o, “Dalğa” (1955), “Estakada” (1955) və “Vaxtada” (1957) (diplom işi) kimi erkən əsərləri mütəxəssislərin diqqətini cəlb etdi. Qısa zamanda, o, öz dövrünün ən məşhur rəssamlarından birinə çevrildi. Onun əsərləri portret, mənzərə, natürmort janrlarından teatr dekorasiyasına qədər çoxşaxəlidir. O, bir çox görkəmli şəxsiyyətlərin, o cümlədən Q.Qarayev (1960), F.Əmirov (1973), D.Şostakoviç (1987), M.Rastropoviç (2000), M.Ə. Sabir (1962), M. İbrahimbəyov (1995) və s. portretlərin müəllifidir.

Onun neftçilərə həsr edilmiş rəsm əsərləri Azərbaycan sənətinin inkişafı baxımından xüsusi önəm kəsb edir. Rəssam öz portret və sənaye mənzərələri ilə neftçilərin ağır əmək şəraitlərini göstərib. Bundan əlavə, Abşeron yarımadası, onun yaradıcılığında əsas mövzu kimi müstəsna yer tutur. Tahir Salahovun sənəti onun bədii dilində çox spesifikdir və bir tərəfdən, məzmun səviyyəsində çox ağır, digər tərəfdən isə rənglərin seçimində çox yumşaq olmaqla, sosialist realizmi ilə bir arada akademik üslubun ənənələrini nümayiş etdirir.

Tahir Salahov SSRİ-nin xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı laureatı və Rusiya Federasiyasının Dövlət Mükafatı laureatıdır.


Xalidə Səfərova (1926-2005) Azərbaycanın ən istedadlı qadın rəssamlarından biri sayılır.

Xalidə Səfərovanın əsərləri müəllifin psixoloji portretləri kimi vurğulanır. Onlar son dərəcə parlaq olmaqla, al-əlvan rənglərlə bəzənib ki, bu rəssamın optimist təbiətini ifadə edir. O, bayram ab-havası yaradan əsərləri üçün şən, əyləncəli məqamlardan istifadə edir. Karyerasının əvvəlində, Xalidə əsasən natürmort və mənzərə rəsmləri üzərində işləyirdi. Buna misal olaraq “Üç palıd”, “Həyətdə natürmort” və ya “Üzüm natürmortu” əsərlərini göstərmək olar. 1960-cı illərdə, İ.Surikov adına Moskva Rəssamlıq Universitetini bitirdikdən sonra o, yeni mövzuları araşdırmağa başladı. İdman, Xalidə Səfərovanın yaradıcılığında ən əhəmiyyətli və tanınan mövzulardan birinə çevrildi. Bu əsərlərdə futbol matçları, velosiped və ya avarçəkmə yarışları əks edilib. Kompozisiyalar səhnələrə daha çox dinamika qatan diaqonalların gücü ilə xarakterizə olunur. Bundan əlavə, o, ayrı-ayrı kinematoqrafiya parçalarından da istifadə edib. O, qələbə qazanmaq iradəsi, sağlam rəqabət ruhu və əzmkarlıq kimi mövzuları araşdırıb. Fransaya səyahətinin nəticəsi olaraq, Azərbaycanın xalq rəssamı Xalidə Səfərova Fransız impressionistləri üslubunda da bir sıra rəsmlər yaradıb.


Mahmud Tağıyev (1923-2001) sovet dövrünün tanınmış rəssamlarından biridir. O, öz həyat yoldaşı, rəssam Xalidə Səfərova ilə birgə yaradıcı kollektivdə işləyib.

Mahmud Tağıyev, çiçəklənən sosialist realizmi dövründə rəssam kimi kifayət qədər fəal olub. Natürmort və mənzərə əsərləri rəssamın erkən yaradıcılığının əsas mövzuları sayılır. 1960-cı illərdən başlayaraq, o, sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb. Sənətkar, rus rəssamlıq məktəbinin akademizminin xüsusiyyətlərini plener rəssamlıq tərzinin metodları ilə bir araya gətirib və bu, rəssamın bədii dilində çox mühüm rol oynamışdır. Rəssam Azərbaycanda ən mühüm sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Buna misal olaraq, Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunu göstərmək olar. Bu illər ərzində o, hələ də portret janrını araşdırmağa davam etdi və xüsusi olaraq, tarixi portret janrına müraciət etdi. Rəssamlar cütlüyü, gələcək əsərlər üçün material toplamaq məqsədilə, tez-tez Azərbaycanın bölgələrinə səyahət edirdi.

Sənətkarın rəssamlıq texnikası güclü kompozisiya quruluşu ilə yumşaq rənglərdən istifadə edərək, eyni zamanda incə və monumental kimi vurğulamaq olar.

Mahmud Tağıyevin əsərləri Azərbaycanda və xarici ölkələrdə geniş nümayiş etdirilib.


Tağı Tağıyev (1917-1993) – Azərbaycan rəssamlığının ən əhəmiyyətli portret ustalarından biri olub. Onun 1935-1947-ci illərdə yaratdığı “Koroğlu”, “Səttar Bəhlulzadə”, “Kamil Xanlarov”, “İmtahandan əvvəl”, “Maral Rəhmanzadə”, “Xalça ilə avtoportret” adlı portretləri “Qızıl dövr”ün şah əsərləri sayılır. Tağıyev XIX əsrin klassik rus rəssamlıq məktəbinin ənənələri ilə işləyib. Onun rəsmləri parlaq və cəsarətli, obrazları isə öz ruhuna görə monumental olub. 

Portret sənətindən əlavə, Tağıyev, natürmort və tematik rəsm əsərlərinə görə də tanınır. Rəssam bu janrlarda öz doğma vətəninin gözəlliyini və Şərq motivlərini vəsf edib. Tağı Tağıyev 1982-ci ildə Azərbaycan SSR xalq rəssamı fəxri adına layiq görülüb.


Abşeron Məktəbinin ənənələrinin sadiq məsləkdaşı sayılan Fərhad Xəlilov (d. 1946), Azərbaycanda postsovet avanqardı mənzərə janrının inkişafına əhəmiyyətli töhfə vermişdir. Rəssamın bütün əsərləri Abşeron yarımadasına həsr olunub. Onun motivləri sənətkarın yaradıcılığında mühüm yer tutur. Digər əsərlərlə yanaşı, o, Abşeron çimərliklərini, mənzərələrini və yaşayış yerlərini, köhnə yay bağlarını, unudulmuş yerləri təsvir edib.

Rəssamın formal bədii dili təzadlara, çox mülayim rənglər diapazonuna əsaslanan lakonik və stilizasiya formalar, eləcə fotoşəkilləri xatırladan kompozisiyalar ilə xarakterizə olunur ki, bu da Sovet İttifaqı dövründə çox qeyri-adi bir hadisə idi. Rəssam öz yaradıcılığına beynəlxalq müasir incəsənət tendensiyalarını daxil etmişdir.

Fərhad Xəlilov - Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədridir. Azərbaycan rəssamlığının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.


Qəyyur Yunus (d. 1948) Azərbaycanın tarixi irsi ilə bağlı mövzulara müraciət edən ən maraqlı rəssamlardan biridir.

1970-ci illərin əvvəllərində, Qəyyur Yunus rəssam kimi öz bədii ideyasını inkişaf etdirməyə başladı. Onun rəsm əsərləri Azərbaycanın mədəni və tarixi irsi ilə əlaqələr qurmaqla, sivilizasiyanın dərin dəyərlərindən bəhs edir. Sənətkar sufizm, Şərq fəlsəfəsi, İslam dini, eləcə də ailə münasibətləri kimi mövzuları araşdırır. 

Qəyyur Yunus XVIII-XIX əsrlərin Cənubi Azərbaycanın portret rəssamlığı və natürmort janrı üzərində qurulmuş Qacar ​​rəssamlıq məktəbinin ənənələrini davam etdirərək inkişaf etdirdi. Onun bu üslub çərçivəsində əsas yeniliyi, təsvir predmeti kimi qadınlardan istifadə etməsi idi ki, bu da həmin dövr üçün çox qəribə və qeyri-adi bir hal idi. Rəssamın yaratdığı şah əsərlərin qalereyasında “Leyli və Məcnun”, “Səhrada işıq”, “Məscidə gedən yol”, “Təbrizlilər”, “Qurban Bayramı”, “Şərq qadını” və digərləri kimi xüsusi yer tutur.

Qəyyur Yunus Azərbaycanın xalq rəssamı və “Humay” mükafatının laureatıdır.


Sərginin virtual turu realtour.az tərəfindən təqdim olunur. 

Yüklənir