Mart 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM SƏRGİ: DADAŞ ADNA LOVE ME

12 İyn - 12 İyl 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgisinə dəvət edir!


"Kuratorlar üçün açıq müsabiqə"nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan “Dadaş Adna: Love me” adlı multidistiplinar sərgi əcəri məkanı yeni formatda təqdim edəcək.


“Dadaş Adna: Love me” sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektirini əhatə edərək – fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. “Love me” – onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir. 

Daha çox fotoqraf kimi tanınan Dadaş Adnanın fotolarının əsas qəhrəmanları sadə insanlar və onları əhatə edən mühit, həyat və “səslənilməyən” arzularıdır. Janr fotoqrafiyası, portret, mənzərə, natürmort janrlarında çəkdiyi fotolarında o, gördüyü “hekayələri” hiss etdiyi kimi çatdırır. Mövzu və janrından asılı olmayaraq, onun fotolarının əsas fokusu həqiqi hiss və emosiyalara köklənib.  

Dadaşın videoları onun bu sahənin müxtəlif istiqamətlərinə olan marağını vurğulayırlar. Öz şeirlərinin yazılma və oxunma proseslərini video lentə alan fotoqraf-şair özünəməxsus sənədli filmlər çəkib. 

Dadaş Adnanın şeirləri sərbəst vəzndə yazılıb. Azərbaycan və türk dillərində qələmə aldığı şeirlərində Dadaş gündəlik həyat situasiyalarından, düşüncə və hisslərinindən danışır. Bununla yanaşı şeirlərinin məzmununda müəllifin subyektiv fəlsəfi mövqeyi və sualları yer alır. 

Müəllifin çoxsaylı, bundan öncə heç yerdə sərgilənməyən karandaş rəsmləri, dünyaya fərqli prizmadan yanaşan həvəskar-rəssam təəssüratı yaradır. Simvolik və sürrealistik rəsmlərdə də, Dadaşın həyat hekayələri özünü büruzə verir.

Dadaş Adnanın yaratdığı plakatlar onun kino sahəsinə olan marağından irəli gəlir. Bu fəaliyyətdə də o, çəkdiyi fotolardan məharətlə istifadə edir. Sərginin adı da məhz Dadaşın eyni adlı şeiri üçün hazırladığı “Love me” plakatından götürülüb.


Sərginin açılışında Dadaş Adnanın yaxın dostu olmuş, VİESULAS adı ilə çıxış edən müğənni, bəstəkar və şair Vüsal Rzasoyun “Full moon man” adlı müəllif konserti baş tutacaq. 


Ehtiram Jabinin (d.1996, Bakı, Azərbaycan) fotojurnalistika sahəsinəolan böyük marağı Reuters, ANN, RFE/RL kimi xəbər agentliklərinin Azərbaycan fəaliyyətləri ilə əməkdaşlıqla nəticələndi. Onun bir sıra fotoları sözügedən agentləri tərəfindən dərc olunub. Bundan əlavə, Ehtiramın “Zirvədə”, “Ağ qu quşu”, “Veteranlar” kimi silsilə fotoları yerli aparıcı portallarda da əks olunub. 2014-cü “Magnum Photography” (Tomaz Dvorjak, Çien-Çi Çanq) və fotoqraf Devid Montqomeri ilə YARAT Yay Məktəbində iştirak, onun fəaliyyətində mühüm rol oynadı. 2015-ci ildə, Moskvada keçirilmiş “Xalqlar dostluğu” adlı sərgi çərçivəsində keçirilmiş yaradıcı görüşdə mühazirəçi qismində çıxış edib. Həmin il, Azərbaycan Fotoqraflar İttifaqının “Ümid” mükafatına layiq görülüb. 2017-ci ildə, “Polio” adlı ilk geniş miqyaslı layihəsini tamamlayıb. Onun əsərləri Rusiya və Gürcüstanda keçirilmiş qrup sərgilərində nümayiş etdirilib. Hal-hazırda, Bakıda yaşayır və müxtəlif fərdi foto layihələr üzərində çalışır.    


Dadaş Adna (Əbülqasım Adnayev) (1978-2015) Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsində doğulmuşdur. 1993-cü ildə Qarabağ döyüşləri getdiyi səbəbindən Bakıya göndərilir və burada Kimya-biologiya təmayüllü liseyində təhsil alır. Təhsilini bitirdikdən sonra doğma yurduna qayıdan Dadaş həvəskar olaraq, foto və videoçəkilişləri ilə məşğul olmağa başlayır. O, 2000-ci illərdə Bakı və regionlarda bir sıra telekanalda ikinci operator, operator vəzifələrində çalışıb, həmçinin dizayner, texniki işlər üzrə menecer və arxivarius kimi də fəaliyyət göstərib. Gənc yaşlarından fotoqrafiyaya olan marağı, onu həvəskar fotoqrafiyaya gətirir.


Açılış: 12 iyun, 2019

Saat: 19:00 


VİESULAS - “Full moon man” konserti, saat 20:00 (terras)


Sərginin müddəti: 12 iyun – 12 iyul, 2019
Məkan: ARTIM Layihə Məkanı 
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
Giriş sərbəstdir

Yüklənir