May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: QRUP SƏRGİ ŞOU DAVAM ETMƏLİDİR

13 Apr - 05 May 17

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında keçiriləcək YARAT rezidentlərinin əsərlərindən ibarət “The show must go on” (Şou davam etməlidir) adlı qrup sərgisinə dəvət edir.


Rəssamlar: Vüsalə Ağarazıyeva (Azərbaycan), Erkin Ələkbərli (Azərbaycan), Zamir Süleymanov (Azərbaycan), Mohamad Haryo Hutomo (İndoneziya) və Rona Şternin (İsrail)


Sərginin adı İngiltərənin məşhur “Queen” rok-qrupunun solisti Freddi Merkurinin 1991-ci ildə dünyasını dəyişməzdən əvvəl, xəstəliyinin sonuncu mərhələsində olarkən ifa etdiyi mahnının adından götürülüb. Bu mahnı, həyatın daim bir mübarizə olmasına baxmayaraq, insanları ruhdan düşməməyə və mübariz olmağa səsləyir. Digər tərəfdən, bu mahnıda həyatın bir səhnəyə bənzəməsi və inamsızlığa düçar olmamaq, öz yollarına davam etmək üçün müvazinəti qoruyub saxlamağın vacibliyi vurğulanır. Sərgidə iştirak edən rəssamlar mif və reallıq, illüziya və həqiqət, arzu və ümidsizlik arasında olan incə sədləri araşdırırlar. 


Erkin Ələkbərlinin “Miqrasiya” adlı instalyasiyası son illərdə müharibələr, hakimiyyət dəyişiklikləri və nəticə etibarilə varlılar və yoxsullar arasındakı fərqin dözülməz səviyyəyə çatması səbəbindən, Avropa ölkələrinin son illərdə üzləşdiyi köçkün və miqrant axını kimi ən qaynar və ən aktual mövzuya toxunur. “Bu mövzu artıq Köhnə Dünyanın ən aktual problemlərindən birinə çevrilib. Miqrantlar və köçkünlər başqa ölkəyə köçmək ümidi ilə hər şeyə “əlvida” deyir və bəzi insanlar öz məqsədlərinə çata bilməyərək, bu dünyanı elə yoldaca tərk edirlər. Bu əsər həmin insanlara həsr olunub”, deyə rəssam izah edir.

Vüsalə Ağarazıyevanın “Adam” əsəri insanın varlığını səhnə tamaşası ilə müqayisə edir. Rəssam güzgülər, divarlar, səhnə quruluşu və kuklaların bədii ifadəsi ilə ümidsizliyə düçar olmuş və bu dünyada haqq-ədalət axtarışında olan insanların öz hərəkətləri ilə özlərinə necə bəraət qazandırdıqlarına istehza ilə yanaşır. “Əgər söz yoxdursa, mesaj da yoxdur. İnsanların mənim daxilimdə və ətrafımda baş verən hər bir hadisəyə reaksiya verməsi məni həmişə yaxşı mənada həyəcanlandırır və mən bundan vəcdə gəlirəm. Bizim bir kiçik “zavod” kimi aramsız olaraq daxilimizdə istehsal etdiyimiz emosiyaların geniş spektri və rəngarəngliyi çox möhtəşəmdir. Həyat bir tamaşadır, biz isə onun aktyorları...”

Rona Şternin iki instalyasiyası tamaşaçının diqqətini Bakının ictimai yerlərində üzləşdiyi müxtəlif obyektlər və bədii obrazların bayağı romantik abı-havasına cəlb edir. Öz cəsarətli natürmort təsvirlərində rəssam cənnət məkanları səliqə ilə düzülmüş gil bardaqlar, qəlyanlar və s. kimi əşyalar ilə yanaşı qoyur. Dəbdəbəli həyat konsyumerizminin reallıq və sünilik arasındakı sərhədlərə necə kölgə saldığını ictimaiyyətə nümayiş etdirməklə, rəssam ekzotika arzusunu təhlil edir. “Mən ekzotikanı arzuolunan və əksinə, arzuolunmayan edən səbəbləri, digərinin necə qəbul və təmsil olunmasını aşkara çıxarmağa çalışıram. Mən hamımıza yaxşı tanış olan bu standart təsvirlər və fiqurların mənbəyini tədqiq etmək, onların tarixini, mədəni göstəricilərini və ideologiya daşıyıcılarını üzə çıxarmaq istəyirəm. Ən əsası isə, mən ən aşağı ümumi qanunauyğunluq mexanizmini dərk etməklə, müxtəlif ictimai fiqurların necə yarandığını və nəticə etibarilə bir-birlərinə oxşamasının səbəbini araşdırmağa çalışıram”.

Məhəmməd Haryo Hutomonun “Qumdan torpağa” adlı instalyasiyası, rəssamın Bakıda yaşadığı dövrdə rastlaşdığı kolleksiya əşyaları və tarixi tapıntılardan ibarətdir. Bu tapıntılar onun bir əsgər haqqında uydurma hekayəsinin əsasını təşkil edir. “Tarix bir mifdir”, deyə rəssam izah edir. “Tarix haqqında danışanda, mən başa düşürəm ki, keçmişdə baş verən hadisələr tarixin müəyyən qalıqları və izləri üzərində qurulur. Daha sonra, biz bu tarixi mənbələrə kitablarda, tarix institutlarında və elmi institutlarda rast gəlirik. Biz tarixi dövlət institutları tərəfindən təqdim edilən mənbələrə əsasən öyrənirik”.

Zamir Süleymanovun “Sürüşkən coğrafiya” adlı əsəri, şəkərbura formasında sabun, bərpa edilmiş çini qab və videodan ibarətdir. Bu instalyasiya, hisslərin haçalanması və çoxsaylı perspektivlərə əsaslanan və təzadlı məqamlara yol açan mədəni identikliyin kompleks strategiyasını ifadə etməyə cəhd göstərir. Rəssam diqqəti müharibə və münaqişələrin gətirdiyi ağrılı yaralara yönəldir. Bu yaralar sərhədlərlə bağlı milli ideyalardan kənarda düşünməyə, dərin məna kəsb edən mürəkkəb vəziyyətlərdə və sülh şəraitində yaşamağa imkan verən məkan naminə ikiləşmiş quruluşları tərk etməyi təklif edən modeldə araşdırılır.


RƏSSAMLAR HAQQINDA:

Vüsalə Ağarazıyeva (d. 1990, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini bakalavr və magistr üzrə bitirib. İştirak etdiyi sərgilər: “Sırğa olsun” Konseptual İncəsənət sərgisi, (MİM, Bakı), “Düymə” (Kiçik QalArt Qalereyası, Bakı), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin), Almaniya Azərbaycan rəssamlarının gözləri ilə” (Rəssamlıq Akademiyası, Bakı), “Yarı həqiqətlər” (ARTIM, Bakı), “Tarix” (Etnoqrafiya Muzeyi, Tbilisi). 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür.

Erkin Ələkbərli (d. 1992, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini 2014-cü ildə bakalavr və 2016-cı ildə magistr üzrə bitirib. Rəssam bir neçə sərgilərdə iştirak edib: “Əsrin müqaviləsi” (Dövlət İncəsənət Muzeyi, Bakı), “Səməni” İncəsənət Festivalı (Heydər Əliyev Mərkəzi, Bakı), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin), Alüminium Müasir İncəsənət Festivalının “Yaddaş/Retrospektiv” layihəsi (Abşeron Qalereyası, Bakı). Moskvada keçirilən ARTWEEK Beynəlxalq İncəsənət Yarışmasının 2-ci pilləsinə layiq görülüb, Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür.

Mohamad Haryo Hutomo İndoneziyanın Cakartada şəhərində 1990-ci ildə anadan olub. O, Cakarta Dövlət Vizual sənət təhsili Universitetini bitirib. Cakarta və Yogiakarta şəhərlərində yaşayıb-yaradır. Haryo multifunksional rəssamdır. Performans, instalyasiya, video, foto və rəngkarlıq vasitəsilə öz ideyalarını çatdırır. Onun əsərləri öz ölkəsi ilə yanaşı Avstraliya, Çin, Dominikan Respublikası, İngiltərə, Hindistan, İtaliya, Yaponiya, Malayziya və Tailandda nümayiş etdirilib. O, PADJAK (Cakarta) və PerformanceKlub (Yogiakarta) performans kollektivləri ilə tədqiqatçı qismində əməkdaşlıq etmişdir.

Rona Ştern Tel-Əviv şəhərində (İsrail) yaşayıb-yaradan vizual rəssamdır. O, 2011-ci ildə Hamidraşa İncəsənət Kollecini təsviri sənət üzrə bakalavr dərəcəsi ilə bitirib. 2016-cı ildə isə Leypsiqdə yerləşən Hochschule für Grafik und Buchkunst Kollecində professor Alba D’Urbanonun rəhbərliyi altında intermedial incəsənət üzrə 1 semestr təhsil almışdır. Rəssamın son fərdi sərgiləri: Klubovna Gallery (Brno, 2017), Büro für kulturelle Übersetzungen Gallery (Leypsiq, 2016), Hezi Cohen Gallery (Tel-Əviv, 2015), Sapir Academic Gallery (Sderot, 2011).  Rəssam İsraildə və digər ölkələrdə nümayiş olunan bir çox qrup sərgilərin iştirakçısı olub, o cümlədən:  MeetFactory Gallery (Praqa, 2016), Petah-Tikva İncəsənət Muzeyi (2014), Sokol Gallery (Novı-Sonç, 2012).

Zamir Süleymanov (d.1987, Qax) Azərbaycan Dövlət İqtisadiyyat Universitetini 2009-cu ildə bitirib. Onun yaratdığı foto və video əsərləri rəssamın gözü ilə Azərbaycanın sosial-mədəni reallığına baxışı əks etdirir. O, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısıdır: “Müqavimət haqqında 300 söz” (YARAT Mərkəzi, Bakı), “Təəccüblənmək, Təəccübləndirmək” (ARTIM, Bakı), Şarja İslam İncəsənəti Biennalesi, GRID Beynəlxalq Foto və Video Sənəti Festivalı, Amsterdam və IV Moskva Gənclər İncəsənəti Biennalesi. Zamir Süleymanov Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.


ARTIM haqqında

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


Açılış: 13 aprel 2017

Saat: 19:00 – 21:00

Finisaj: 5 may 2017, 19:00 – 21:00

Sərginin müddəti: 13 aprel – 5 may 2017

İş rejimi: Cümə axşamı – Bazar, 14:00 – 20:00

Ünvan: ARTIM Layihə Məkanı

İçərişəhər, Böyük Qala küçəsi 30, 001A 

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir