Oktyabr 2016

ZAMANIN İZLƏRİ SƏYYAR SƏRGİ / MİNGƏÇEVİR / AZƏRBAYCAN

05 Okt - 10 Dek 16

YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini Mingəçevir şəhərində təqdim edir.


"Zamanın izləri" adlı sərgi fotoqrafiya və video sənəti sahəsində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır.


Azərbaycanın məşhur fotoqrafı Sənan Ələsgərovun "Sadəliyin şəffaflığı" foto silsiləsi bizi əhatə edən adi əşyalarda gözəllik axtarıb-tapır. Biz o cür bəsit, gündəlik əşyaları heç sezmirik, lap üstünə baxanda belə görmürük. Sənətkar, tamaşaçıları öz ətraflarını daha çox dəyərləndirməyə, hər şeydən zövq almağa çağırır.

Rusiyalı Olqa Çernışovanın "Ekranlar" adlı video əsərlər silsiləsində gündəlik həyatın adi, önəmsiz hadisələrini əks etdirərək, bəsitliyi poetik ölçüyə gətirib çıxarır. Bunun üçün o, həyatın təsadüfləri barədə düşüncələrini paylaşır və ya buludları seyr edərək onları nəyəsə bənzədir.

Azərbaycan rəssamı Fərid Rəsulovun “Ətalət” adlı video əsəri qəssabın necə ət doğradığını təsvir edir. Çəkilmiş videonu geriyə hərəkətləndirmək vasitəsilə ekranda ətin doğranması yerinə, əksinə, doğranmış ət parçaları birləşib bütöv qoyun olurlar. Görüntülər bizim qavrayışımıza dair suallar doğurur və alışdığımız bir hadisənin ekzistensialist anlamını alt-üst edir. Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır.

İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti təsvirləri əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.

Oxşar sıxışma hissi gürcü rəssamı Koka Ramişvilinin “Çay”, “Qəhvə” və Süd" videolarında ifadə olunur, burada üzü görünməyən personajlar süfrə başında oturaraq dayanmadan fincana nəsə süzürlər. Hərdən adama elə gəlir ki, onların süzdüyü maye öz hədəfindən – fincandan yan keçib düz süfrəyə tökülür, hərdən isə, “Süd” videosunda olduğu kimi, həqiqətən də süzülən mayenin süfrədə heç bir hədəfi yoxdur. Mayelər, sanki, sehrli bir dairəyə tökülüb qalır, görünməz çərçivədən kənara çıxmır, yerə dağılmırlar. Bu əsərlər post-sovet Gürcüstanı metaforik tərzdə təsvir edirlər: hərəkət varsa da, yalnız zahiridir, çox vaxt illüziyadır, bir irəliləyişə gətirib çıxarmır, çox vaxt məqsədsiz və mənasızdır.  

Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” foto silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda üslübünda çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir. 

Gənc Azərbaycan rəssamı Zamir Süleymanovun yaratdığı “Qərar” videosu İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərini təsvir edir. Həmin süjet rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində incə şəkildə oynayır.

Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsi, rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir. 

Tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Şəbəkə” əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan memarlığının əsas özəlliklərindən birini araşdırır. O, Azərbaycan mədəniyyətini qeyri-şərtsiz müəyyən edən incilərdən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır. 

İran əsilli Azərbaycan rəssamı Habib Saherin “Küləklə yazılmışlar” əsəri zamanın axışını və bizim bu dünyadakı rolumuzu simvolizə edir. Necə ki, Yer səthində heç bir şey əbədi qalmır, bizim də yaratdığımız hər şey zamanla yox olub gedəcək. 

Ekspozisiyada nümayiş olunan bütün əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.


5 Oktyabr - 10 Dekabr 2016

Mingəçevir Dövlət Rəsm Qalereyası

Ünvan: Mingəçevir şəhəri, Səməd Vurğun küç., 22


Sərginin iş günləri: Bazar ertəsi – Şənbə

Sərginin iş saatları: 09:00 – 18:00 (13:00 – 14:00 fasilə)

Phone: +994 242743929

Giriş sərbəstdir


Ətraflı məlumat üçün:

Hökümə Kərimova

Tel: +994 50 274 67 44

Email: hokuma.k@yarat.az


FACEBOOK

Yüklənir