Oktyabr 2016

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: QRUP SƏRGİSİ RAHAT KEYLƏŞMƏ

23 Sen - 16 Okt 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi 23 Sentyabr, 2016-ci il tarixində ARTIM Layihə Məkanında keçiriləcək, heykəltəraş Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin əsərlərindən ibarət “Rahat keyləşmə” adlı qrup sərgisinin açılışına dəvət edir.

“Rahat keyləşmə” adlı sərgi bir-birindən işləmə üslubları, mövzu və incəsənəti görmə bucağı ilə fərqlənən üç heykəltəraş – Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin qrup sərgisidir. Sərgidə metal, daş və taxtadan yaradılan əsərlər təqdim olunacaq.


Novruz Məmmədov paslanmaz metaldan olan “Pozğun şüurun fantaziyaları” adlı trilogiyasında seksual pozğunluq diaqnozlu insanların problemlərini göstərir. Rəssam yaratdığı əsərdə 3 parafiliya – fetişizm, vuayerizm, eksaudirizm meyilli insanları əhatə edərək, bizə onların hiss etdiklərini yaşamağa təklif edir. 

Nadir Eminov ağlay daşından yonduğu “Yara” instalyasiyasında Bakıda aparılan rekonstruksiya və yenidənqurma işlərinə öz münasibətini bildirir. Rəssamın fikrincə binaları yerli və yersiz üzlük daşı ilə örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil.

Elvin Nəbizadənin “Qara saz” layihəsi, taxtadan yonularaq deformasiya edilmiş sazları təqdim edir. Rəssamın fikrinə görə saz qədim Türk mədəniyyətindən bizə gələn bünövrə element kimi bu gün də aktuallığını itirməməlidir. 


Novruz Məmmədov 1986-cı ildə Salyan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsinin məzunudur. Novruz  rəngkarlıq, qrafika, instalyasiya və heykəltəraşlıq sahələrində fəaliyyət göstərir. Onun psixoloji əsərlər silsiləsi insan naturasının dərinliyini tədqiq edir. Novruz hər zaman seçilmiş mövzu ilə əlaqəli olan önəmli istinadlardan qaynaqlanan simvollarla işləyir. 

Rəssam “Together We Are” (2015, Paris, Fransa; Davos, İsveçrə; Budapeşt, Macarıstan; Roma, İtaliya; Ankara, Türkiyə) keçirilən səyyah sərgidə, “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi (2014, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan), Alüminium IV Beynəlxalq Müasir İncəsənət Biennalesi (2012, Bakı, Azərbaycan), Çankırı Daş Heykəl Simpoziumu (2011, Çankırı, Türkiyə) və s. yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır. 2012-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 


Nadir Eminov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Nadir heykəl, video və instalyasiya sahələrində fəaliyyət göstərir. Onun əsərləri çoxşahəli mövzu diapazonuna malikdirlər, əsasən də insan və kainat, insan təfəkkürü və fantaziyaları məsələlərini əhatə edirlər. 

Rəssam “Tullantılardan İncəsənətə” (2015, Bakı, Qala, Azərbaycan), “Təcavüz” (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan), “Origin” (2014, Kiçik QalArt, Bakı, Azərbaycan) və s. yerli və beynəlxalq sərgilərin iştirakçısıdır.


Elvin Nəbizadə 1986-cı ildə Bolnisidə (Gürcüstan) anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Rəssamın əsərlərinin əksəriyyəti heykəl və instalyasiyalardır. Onun əsərləri şəxsi identifikasiya və milli mədəniyyət mövzuları ətrafında olan araşdırmalardır. 

Rəssam “Tullantılardan İncəsənətə” (2015, Bakı, Qala, Azərbaycan), “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi (2014, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan), “Zavod” (2013, Bakı Məişət Kondisionerləri Zavodu, Bakı, Azərbaycan), “Təcavüz” (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan) və s. yerli və beynəlxalq layihə və sərgilərin iştirakçısıdır. 


Açılış tarixi: 23 Sentyabr 2016 / saat 19:00 

Sərginin müddəti: 23 Sentyabr – 16 Oktyabr 2016 

Ünvan: ARTIM Layihə Məkanı, 

İçərişəhər, Böyük Qala küç. 30, 001 A

Giriş sərbəstdir.


VIEW CATALOGUE

FACEBOOK EVENT

Yüklənir