Sentyabr 2016

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: KİÇİK YALANLAR QRUP SƏRGİSİ

10 İyn - 09 Okt 16

YARAT Müasir İncəsənət Məkanı David Klaerbout (David Claerbout) (Belçika) və Soren Tilo Funderin (Soren Thilo Funder) (Danimarka) video əsərlərindən ibarət Kiçik yalanlar (Little Lies) adlı sərgini təqdim edir. 


Kiçik yalanlar (Little Lies) – xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə bir səyahətdir. Bu sərgi XX əsrin iki ən böyük siyasi “həqiqət”ini – addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edən iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur. Kiçik yalanlar gündəlik həyatımızdan bəhs edir, sosial-siyasi gerçəkliyi necə dərk etməyimizi göstərir, tarixi məlumatımızı genişləndirir. 

Bu sərgi iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki reallıq hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.

Altı əsərin söhbətinə bənzəyən sərginin üç eksponatı qırılmayan bir dövrə yaradırlar. David Klaerboutun Nəfəs alan quş (Breathing Bird) (2012) adlı əsərinin poetik obrazı seyrçini xaincəsinə yanıldır və çaşdırır. Bu kiçik ölçülü əsərin qarşısında isə İşdən qayıdarkən leysan yağışa düşmüş neftçilər (Nigeriya, Shell şirkəti) adlı monumental əsər yerləşir (Oil Workers (from the Shell company of Nigeria) returning home from work, caught in torrential rain (2013)). Bu əsər adamı laqeyd qoymuş kimi olsa da, gözünü çəkməyə qoymur – xüsusi səhnə mizanı ilə seyrçini tələyə salır. O, neft sərvətlərinə əsaslanan iqtisadi gerçəkliyi və əhalinin bununla bağlı sosial ümidlərini sual altına alır. “Neftçilər”dəki ətalətlə üzbəüz Soren Tilo Funderin kortəbii həyat enerjisi ilə dolu Məhz bu an (Antuan) (In This Very Moment (Antoine)) (2014) adlı əsərini görmək olar. Burada gənc bir oğlan ayağına diyircəkli konki keçirib ehtirasla rəqs edir, məkan isə Birinci Dünya Müharibəsinin şiddətli döyüş yeri kimi tarixdə qalan Verden çölüdür. Bu əsərlər zamanın və yaddaşın nəhayətsiz və silinməz olduğu barədə düşüncələr oyadır, seyrçilərin siyasi cəhətdən məlumatlı olmasını da artırır.  

Sərgi məkanında ardıcıl təqdim olunan digər üç əsər isə dini inanclara toxunaraq seyrçidə tarixlə bağlı hisslər oyadırlar. Tarixi əhvalatları nəql etmək üçün Soren Tilo Funder öz işlərində kinematoqraf üsullarına müraciət edir. Onun Kosmonavt (burada-yuxarıda heç bir Tanrı görmürəm) (The Cosmonaut (I don’t see any God up here) (2013) adlı əsəri saxta kollektiv quruluşunun vizual təzahürlərini təqdim edərək, şüurlu surətdə onları dağıdır. Yoldan sapmaq (sən orada-yuxarıda öləcəksən) (Swerve (You’re Gonna Die Up There) (2016) adlı əsərində həmin taktika daha mürəkkəb formada tətbiq olunmuşdur. Bu əsərdə Funderin nəql etdiyi əhvalatın arxa planında texniki mexanizmlər durur, üstəlik, populyar stereotiplər əlavə olunur, kino tarixi də cəlb olunmuşdur. Nəticə etibarilə, müəyyən qondarma qəhrəmanlar və tarixçələr yaratmaq naminə daim işlənən xoşniyyətli yalanlar həqiqət kimi qələmə verilirsə də, Funderin əsərləri bunların ağ yalan olmasını sezməyə seyrçini məcbur edir.

Funderdən tam fərqli olaraq, David Klaerbout özünün Səyahət 1996-2013 (Travel 1996-2013) adlı əsərində genişlənib-artan illüziyalara seyrçini “udmaq” şəraitini yaradır. On ildən artıq müddət ərzində başa gələn bu əsər durmadan qalınlaşıb-seyrəkləşən bir meşəliyin rəqəmsal rekonstruksiyasıdır. Seyrçi meşəlik obrazlarına tamamən uyuşur, lakin birdən-birə bu hisslər amansızcasına dağıdılır: kamera geriyə çəkilərək “meşəliyin” sırf sub-şəhər mənzərəsi olduğunu ortaya çıxarır. Buradakı tənqidin məğzi belədir: birmənalı yanaşma mütləq xəyanətlə üzləşəcək.

Kiçik yalanlar adamı heyran da qoyur, məyus da edir; bizim özünütəsdiq ehtiyacımızdan doğur, insani zəifliklərimizi isə üzə çıxarır. Bu sərgi hisslərimizə səslənir, gündəlik həyatımızda saxta anlayışlar cəmiyyətinin xoşniyyətli yalanlarını sezməyə bizi təşviq edir. 


Sərginin kuratorları Suad Qarayeva-Maleki və Björn Geldhofdur.


Sərgi Vidi-Square şirkəti tərəfindən dəstəklənir.


Rəssamlar haqqında:

David Klaerbout (1969) Antverpen və Berlin şəhərlərində yaşayıb-çalışır. Rəngkarlığın 3D texnikasını inkişaf etdirib. Təmsilçiliyin, fotoqrafiyanın, kinonun və rəqəmsal texnologiyaların qarşılıqlı uzlaşmasını araşdıranların ön sırasındadır. Son illər onun bir çox əsərləri mükafatlara layiq görülmüşdür. Avropada və Şimali Amerikada fərdi sərgiləri keçirilmişdir. Rəssamın əsərlərinin son dövrdə nümayiş olunduğu məkanlar: WIELS Müasir İncəsənət Mərkəzində (Belçika), Pompidu Mərkəzi (Paris); MiT List Vizual İncəsənət Mərkəzi, (Massaçusets); St.Gallen Müasir İncəsənət Muzeyi, (İsveçrə); Morris və Helen Belkin İncəsənət Qalereyası, Britaniya Kolumbiya Universiteti, (Vankuver); De Pont Müasir İncəsənət Muzeyi, (Niderland) və səyyar “The Shape of Time” adlı sərgi.

Soren Tilo Funder (1979) Kopenhagendə yaşayıb-çalışır. Sorenin yaradıcılığında müasir cəmiyyətdə hakimiyyət nisbətlərinin araşdırmasına yönəlmiş rəsmi tədqiqatlarşkil edirlər.  O, Danimarka Krallığının İncəsənət Akademiyasının və İllinoys İncəsənət və Memarlıq Universitetinin (Çikaqo) məzunudur. Fərdi sərgiləri: Zaqreb Müasir İncəsənət Muzeyi, Tranen Müasir İncəsənət Muzeyi və Overgarden – Müasir İncəsənət İnstitutu, Kopenhagen. O, bir sıra festivallarda təmsil olunmuşdu:  19-cu Sidney Biennalesi, 1-ci Kopenhagen İncəsənət Festivalı, “After The Future” Beynəlxalq Vizual İncəsənət Festivalı (İrlandiya), 12-ci İstanbul Biennalesi, 1-ci Beynəlxalq Moskva Gənc İncəsənət Biennalesi, Manifesta 8 Festivalı çərçivəsində paralel tədbirlər (İspaniya) və 6-cı Beynəlxalq Liverpul Biennalesi.


Press və fotolar üçün:    

Fərəh Ələkbərli 

Tel: +994 50 274 6747

Email: farah.a@yarat.az


Redaktorlar üçün qeydlər:

Sərgi: 300 Word on Resistance 

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Bayıl (Dövlət Bayrağı Meydanı yaxınlığında)

Tarixlər: 10 İyun 2016 – 9 Oktyabr 2016 

İş saatları: Çərşənbə axşamı – Bazar, 11:00 – 20:00

Giriş sərbəstdir

www.yarat.az


PRES RELİZ YÜKLƏ

FACEBOOK

Yüklənir