May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: ŞİRİN NEŞAT ‘GÖZLƏRİMİN EVİ’ FƏRDİ SƏRGİSİ

24 Mar - 31 Avq 15

YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİNİN AÇILIŞI MÜNASİBƏTİLƏ

ŞİRİN NEŞAT ‘GÖZLƏRİMİN EVİ’ SƏRGİSİ

24 mart – 23 iyun 2015-ci il

YARAT təşkilatı böyük məmnuniyyətlə 24 mart 2015-ci il tarixində Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin Evi” sərgisinin təqdim ediləcəyi barədə xəbər verir. Sərginin diqqət mərkəzində – Azərbaycan səfəri zamanı rəssamın ərsəyə gətirdiyi yeni əsərlərdir. Sərgidə Şirin Neşatın əvvəlki işlərindən də ikisi nümayiş etdiriləcək. Bunlar, sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-instalyasiyalarıdır. Sərgininin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin etmişdir. 

Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da sərgiləndiriləcək. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən rəssamların da əsərlərini görmək olacaq. YARAT-ın kolleksiyasına gəlincə isə, o, son üç il ərzində toplanmışdı və bundan sonra da artırılacaq – ələlxüsus, YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni-yeni sərgilərin özəl sifarişləri sayəsində. 

Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, “şəxsiyyət” anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas olan ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir. Son vaxtlar Şirin Neşat özünün fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verilir. Şirin Neşat, portretdən süzgəc kimi istifadə edərək, şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır – sanki, əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini “oxumaq” olur. 

Şirin Neşatın “Gözlərimin Evi” (2015) adlı foto-silsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlmişdir. 2014-cü ildə Azərbaycanda olarkən, Şirin Neşat 50-dən çox adamın foto-portretini çəkmişdi. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı ikidən səksənə qədər olmuşdu. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verirdi. Cavablar xəttatlıq üsuluyla hərənin öz portreti üzərinə yazıldı. 

Şirin Neşat öz fikrini belə anladır: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət olan bu silsilə Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etdiyim insan palitrasıdır.”

“Gözlərimin Evi” silsiləsi elə monumental bir instalyasiya olmuşdur ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamam tutmuşdular.


YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgiləmə yeridir, hərçənd, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2 təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra, indi o, YARAT-a məxsusdur və müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır. Tədris-təlim işi, ümumiyyətlə, YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən sahədir. Təşkilatın xüsusi tədris proqramı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını hədəfə alır – tələbə rəssamlardan tutmuş ailələrə kimi. Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayırılmışdır.


Ünvanı: YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan, Bakı, Səbail rayonu, Bayıl qəsəbəsi

Tarixləri: 24 mart – 23 iyun 2015-ci il

Giriş pulsuzdur 


Şirin Neşat haqqında

İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların müəllifi kimi şöhrət qazanmış sənətkardır. O, tez-tez öz əsərlərində cəmiyyətin sosial, mədəni və dini kodlarına, müəyyən qarşıdurmaların necə dəyişilməsinə müraciət edir – açıq ilə tünd, ağ ilə qara, kişi ilə qadın motivlərinin bir-birinin gözəçarpan əksini təşkil etdiklərini nümayiş etdirir.

Şirin Neşat xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib, bir də vətəninə 1990-cı ildə səfər etmişdi. Onun bu səfəri bütün gələcək yaradıcılığına güclü təsir göstərdi, sənətində novator olmağı üçün ona ilham verdi. 1993-1997-ci illərdə ərsəyə gətirdiyi “Allahın qadınları” ağ-qara fotolar silsiləsinində Şirin Neşat əsərlərindəki qəhrəmanların əl-üzünə xəttalıq üslubunda fars yazılarını düzərək öz novatorluğunu nümayiş etdirmişdi. 1999-cu ildə “Coşqun” (Turbulent) adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazandığından sonra ona dünya şöhrəti gəldi. 2000-ci ildə Londondakı  Serpentine qalereyasında Şirin Neşatın fərdi sərgisi keçirildi. Şirin Neşat bir çox mükafatlara layiq görülmüşdü, o cümlədən 2014-cü ildə Davosda Dünya Biznes Forumunun Büllur prizi, 2000-ci ildə Koreya Biennalesində Qran-pri, 2008-ci ildə “Kişilərsiz qadınlar” adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının “Ən yaxşı rejissor işi” nominasiyasında Gümüş Şir mükafatı ona təqdim edilmişdi. 

Şirin Neşatın fərdi və qrup içində sərgiləri dünyanın ən nüfuzlu sənət ocaqlarında nümayiş etdirilib, o cümlədən: Detroytdakı Institute of Arts (2013), Tokiodakı Mori Art Museum (2013), Yorkshire Sculpture Park (2011), Amsterdamdakı Stedelijk Museum (2006), Minneapolisdəki Walker Art Center (2002), Afinadakı Milli Müasir İncəsənət Muzeyində (2001), Vyanadakı Kunsthalle Wien (2000) və Nyu-Yorkdakı Whitney Amerika İncəsənəti Muzeyində (1998). Şirin Neşat nüfuzlu biennalelərin iştirakçısıdır, bunlardan Venesiya, Sidney, Yohannesburq, İstanbul, Whitney biennale sərgilərinin adını çəkmək lazımdır. Bunlardan əlavə, o, Çikaqo Beynəlxalq Kino Festivalı, San-Fransisko Kino Festivalı və Tribeca kimi məşhur kino festivallarında da iştirak etmişdir.

Şirin Neşat Nyu-Yorkda yaşayıb çalışır.


Dina Nasser-Xadivi haqqında

Dina Nasser-Xadivi sənətşünas olaraq, Orta Asiya, İran və bəzi Qafqaz bölgələrinin müasir incəsənəti üzrə ixtisaslaşan müstəqil kurator və məsləhətçidir. Peşəsinə Christie’s-də, ХIX–XX əsrlərin Şərq incəsənəti üzrə mütəxəssis kimi qədəm qoyub, 2006-cı ildə Yaxın Şərq və İranın müasir incəsənəti sahəsində çalışmağa başladı – həmin ölkələrin sənətkarları üçün qlobal səhnəyə çıxmaq imkanı yaradan təşkili platformanı qurmaqla məşğul oldu. Bu məqsədlə Dina müxtəlif informasiya təşəbbüsləri ilə çıxış etdi. Məsəlçün, onun hazırladığı “İranın aktual və müasir incəsənəti aləminə giriş” mövzusunda təqdimat simpoziumu 2010-cu ildə Nyu-Yorkun Guggenheim muzeyində, Hyuston İncəsənət Muzeyində və Los-Anceles Müasir İncəsənət Muzeyində keçirilmişdi. 2013-cü ildə o, Azərbaycan, İran, Gürcüstan, Türkiyə və Rusiyanı təmsil edən 17 rəssamın iştirakı ilə hazırlanaraq 55-ci Venesiya Biennalesində təqdim olunan “Sevir – Sevmir” (Love Me, Love Me Not) sərgisinin kuratoru olmuşdu. Sonra həmin sərgi 2014-cü ildə Bakıya gətirilərək, memarı Zaha Hadid olan Heydər Əliyev Mərkəzində nümayiş etdirilmişdi.


FACEBOOK

PRES RELİZ YÜKLƏ

Yüklənir