May 2024

HÜSEYN HAQVERDİNİN FƏRDİ SƏRGİSİ

31 Okt - 01 Dek 14

HÜSEYN HAQVERDİ 

DAŞ 

BAKI MÜASİR İNCƏSƏNƏT MUZEYİ

31 oktyabr - 1 dekabr, 2014

kurator: ÇİNGİZ


Hüseyn Haqverdi əsərləri tamaşaçıların qarşısında forma və rənglərin çoxmənalı dünyasını açır.    Ali klassik rəssamlıq təhsilinə və çoxillik təcrübəyə malik olan Hüseynin yaratdığı əsərlər bizim qarşımızda onun zəngin çoxmənalı daxili dünyasını açır. Heykəl, qrafika və rəsm – bu sənətkarın geniş ideyalarını təcəssüm etdirməsi üçün istifadə etdiyi hələ bütün alətlər deyil.

Hüseyn Haqverdi yaradıcılığının çox hissəsini möcüzəli materiala - daşa həsr edən heykəltəraşlardan biridir. Daşa məxsus mahiyyətin təbiiliyinə və keyfiyyətinə peşəkar vurğunluğu səbəbindən rəssamı "daş heykəltəraşı" adlandırmaq olar. Sənətkar, sanki hər dəfə daşın yeni sirlərini açaraq bu materialla qırılmaz dialoqda olur. Hüseynin dediyinə görə, həyatın özü onun əsas ilham mənbəyidir. Həyat haqqında düşüncələr müəllifi, onun paradoksları haqqında fikrə yönəldir. Beləcə, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət seriyalar meydana çıxır. Burada müəllif, iki müxtəlif subyekti birləşdirib, arxitektonik yeni orqanizm yaratmağa çalışır. İnsana oxşadılmış arxitektura və ya arxitektonik insan obrazlarında insanın böyük meqapolisin gündəlik ritmlərinin təzyiqi altında qalması və insan tənhalığı probleminin müəllifi dərindən düşündürdüyü əyani görünür. Rəssam, sanki insan təbiətini həssaslıqla dərk edərək, ona böyük şəhərin atmosferinin yad olduğunu anlamışdır. İnsanın təbiətdən uzaqlaşması prosesi çox əsrlər əvvəl başlamışdı. Paradoks ondadır ki, müxtəlif texnologiyaların mənimsənməsiylə, insan tədricən ona məxsus təbii mühitdən uzaqlaşmağa başlayır, nəticədə, hələ də tənhalıq dilemmasının üzərində düşünərək öz təkəbbürlü ideyalarının girovu olaraq qalır.

Həyatın gündəlik reallıqlarına məhəl qoymayan Hüseyn, insanın daxili dünyasının gerçəkliyinə üstünlük verir və həyat prosesinin mahiyyətinə dərindən nüfuz edir. O, kəskin çevrələrlə və sərt siluetlərlə müxtəlif heykəllər yaradır və beləliklə, insana zorla qəbul etdirilən yolverilməz ümumi kütləvi saxta- mədəniyyətə qarşı öz etirazını vizuallaşdırır. Burada müəllifin xarakterinin fərqləndirici xüsusiyyətlərindən biri - üsyankarlığı görünür və onun bədii obrazının ətrafında xarizmatik şəxsiyyətinin sirri yaranır. Yaratdığı obrazlar vasitəsilə müəllif bizə öz əhval-ruhiyyəsini və həyəcanlarını çatdırır. Onlar, sanki rəssamın ruhunun avtoportretləri kimi bizim qarşımıza çıxır. Heykəltaraş, daşın təbiətindən istifadə edərək, sanki zərif, yüngül zərbələrlə onun təbii bütövlüyünü pozur və xəyalən tamaşaçıya əsas ideyanı inkişaf etdirmək imkanı yaradır. Yaradılmış obyektlə interaktiv əlaqədə olarkən, tamaşaçı sənətkarın məxfi yaradıcı prosesində iştirak etmək fürsəti əldə edir. Beləliklə də, yaradıcılıq prosesini, müəllifi və tamaşaçını birləşdirən unikal bir anın şahidi oluruq.

Sərgidə rəssamın 45 ədəd heykəltaraşlıq əsərləri təqdim olunur. Burada, 7 ədəd relyef plitələrdən ibarət silsilə , 9 ədəd dairəvi heykəllər silsiləsi, Rekviyem silsiləsində 11 ədəd heykəl, Totemlər silsiləsində 8 ədəd heykəl, Portretlər silsiləsində 10 ədəd heykəl, 7 qrafik əsər, 1 film təqdim olunur.


Hüseyn Haqverdi

D. 1956, Bakı. Bakıda yaşayır və yaradır.
Hüseyn Haqverdi 2003-cü ildən etibarən Azərbaycan Əməkdar rəssamı fəxri adını daşıyır, Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (1975) və V. Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vasitələrlə və incəsənətin müxtəlif növlərində, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, monumental incəsənət sahələrində işləyir; yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. 
O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Sənqəçal Terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.  


Sərginin açılışı: 31 oktyabr. Giriş dəvətnamə ilədir. 

Keçirilmə vaxtı: 01.11 – 01.12.2014 

İş saatları: Çərşənbə axşamı – Bazar günləri, saat 11:00-dan  20:00-dək.

Biletin qiyməti: 5 AZN                                                                                                                             

Tələbələr üçün: 2 AZN


FACEBOOKDA TƏDBİR

KATALOQ YÜKLƏ

Yüklənir