Sentyabr 2018

YENƏ O BAĞ OLAYDI SƏYYAR SƏRGİ / QAZAX / AZƏRBAYCAN

30 İyl - 28 Okt 18

YARAT Müasir İncəsənət Məkanı, sizi məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisini təqdim edir. Bu sərgi, Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (“Third Paradise”) nəzəriyyəsini müzakirə etməklə, “CITTADELLARTE Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.


Sərgi, Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək, onların öz daxili “mənini”, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Bu səyahət, ziyarətçini “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Həmin simvol “Qazax qatlaması” şirniyyatından hazırlanıb. Sözügedən simvol, üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqalar təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir.


Rəssam Etibar İsmayılov, bu sərgi üçün “arzular quyusu” yaradıb və onun istifadəsinə dair “şifrələnmiş” dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın "mümkün olmayan heç nə yoxdur" inancını ifadə edir.


Günay Əliyevanın əsəri, İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.


Mousa Bəyzadə, “Üçüncü cənnət” ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri, sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyü sübuta yetirir.


Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri, texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonasiya verməklə, çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.


Vüsalə Ağarazıyevanın əsərinin başlıca məqsədi, yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya və məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz, təbiətin bizə bəxş etdiklərinə də biganə qalmamalıyıq. Rəssamın tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə öz “balansını” və bu konsepsiyanı vizuallaşdırır.


Leyli Qafarovanın “Qılman” (yaraşıqlı, gənc, saqqalsız cənnət kişiləri) adlı multimedia layihəsi, hollandiyalı filosof Mişel Lizenberqin aktiv, siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, passivliyi və tolerantlığı ilə təmsil edilən İslam dünyasının “sakit qüvvəsindən” bəhs edən nəzəriyyəsinə istinad edir.


Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə birgə həyata keçirilir.


Sərginin müddəti: 30 iyul – 28 oktyabr, 2018

Açılış: 30 iyul, saat 15:00

Giriş sərbəstdir

Ünvan: Qazax Dövlət Rəsm Qalereyası, Heydər Əliyev prospekti, 75

İş rejimi: Bazar ertəsi – şənbə, saat 09.00 – 17.00

Əlaqə: 02229 51015


Media məlumatları və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova

Tel: +994 50 274 67 44

E-poçt: hokuma.k@yarat.az


Rəssamlar haqqında:
Mikelancelo Pistoletto (d.1933, Biella, İtaliya) Biellada yaşayır və fəaliyyət göstərir. 1960-cı ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, onun əsərləri beynəlxalq səviyyədə sərgilənməyə başladı. Pistolettonun əsərləri Britaniyanın “Teyt” qalereyası, San-Fransisko Müasir İncəsənət Muzeyi və Ontario İncəsənət Qalereyasının ictimai kolleksiyalarında saxlanılır. “Arte Povera” cərəyanının aparıcı təşəbbüskarı sayılan rəssamın yaradıcılığının əsas retrospektivləri Venesiya, Madrid, Florensiya, Roma, Barselona və Filadelfiyada sərgilənib. 2003-cü ildə Venesiya Biennalesində həyat dövründə əldə etdiyi nailiyyətlərə görə “Qızıl şir” mükafatı, 2007-ci ildə isə Qüdsdə “Wolf” Fondunun mükafatına layiq görülüb. 2013-cü ildə Pistolettoya Tokioda Yaponiya İncəsənət Assosiasiyasının “İmperator mükafatı”təqdim edilib. “Cittadellarte”, 1994-cü ildə “Arte Manifesto” proqram sənədi ilə yaradıldı. Burada Mikelancelo Pistoletto, rəssam üçün yeni bir rol təklif etdi: cəmiyyətin formalaşmasını əhatə edən insan fəaliyyətlərinin bütün sahələri ilə qarşılıqlı əlaqəsi olan sənət əsəri yaratmaq. 1998-ci ildə isə, Pistoletto öz doğma şəhəri olan Biellada (Şimali İtaliya) “Cittadellarte” cəmiyyətini təsis etdi. “Cittadellarte” – “Üçüncü cənnət” simvolunu reallığına çevirən, onu cəmiyyətin hər bir sektoruna və ayrı-ayrı fərdlərdən Birləşmiş Millətlər Təşkilatı kimi qlobal səviyyəli qurumlara qədər, bütün növ təşkilatlara daxil edən təcrübələrin araşdırılması, sınaqdan keçirilməsi və işlənib hazırlanmasına həsr olunmuş laboratoriya-məktəbdir. “Cittadellarte”, hal-hazırda 47 ölkədə sayı 125-ə  çatan “Üçüncü cənnət” nümayəndəliklərinin daxil olduğu, öz konsepsiyalarını bölüşən, minlərlə ictimai və özəl qurumların şəbəkəsi ilə əməkdaşlıq edir. 


Vüsalə Ağarazıyeva (d. 1990, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini bakalavr və keramika üzrə magistr dərəcəsini bitirib. İştirak etdiyi sərgilər: “Sırğa olsun” Konseptual İncəsənət sərgisi, (MİM, Bakı), “Düymə” (Kiçik QalArt Qalereyası, Bakı), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin), “Almaniya Azərbaycan rəssamlarının gözləri ilə” (Rəssamlıq Akademiyası, Bakı), “Yarı həqiqətlər” (ARTIM, Bakı), “Tarix” (Etnoqrafiya Muzeyi, Tbilisi), “Cartier” müsabiqəsinin qalibi (YAY Gallery, Bakı), “YARADAN Layihəsi” (İçəri Şəhər, Bakı), Azərbaycanın YUNESKO-nun üzvlüyünün 25 illiyi (Muğam klubu, Bakı), 1918 (Gazelli Art House, Bakı). 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür. 2017-ci ildən İçəri Şəhərdə və Bakı ətrafında monumental divar rəsmləri ilə işləməyə başlamışdır.


Mousa Bəyzadə (d. 1995, Bakı) 2017-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. Onun əsərləri “Futurismo ORA” və “Dysphonia” kimi qrup sərgiləri, habelə ARTIM Layihə Məkanında keçirilən tədbirlərdə nümayiş etdirilib (2017). 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində Mousanın əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


Günay Əliyeva (d.1997, Bakı) Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Günay strit-art, foto və videoqrafiya ilə məşğul olur. 2016-2017-ci illərdə YARAT Müasir İncəsənət Məkanında təcrübə proqramını bitirib. 2017-ci ildə, digər gənc rəssamlar ilə birgə “Bığ” gənc yaradıcılıq hərəkatını təsis etdi. Həmin il Günay braziliyalı kurator Şeyla Zaqonun “Qadın problemləri: Sərhədsiz müharibələr” adlı seminarında iştirak edib.


Etibar İsmayılov (d. 1995, Ağcabədi) 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə bitirib. Uşaq yaşlarından yaradıcılıqla məşğul olur. Onun əsərləri Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayında, “Uşaq dünyası” qalereyasında (2006) və oxuduğu İqtisad Universitetində (2014) nümayiş olunub. 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində  əsərləri “100% made in Azerbaijan” və “Kimin nə vecinə?” (“Who cares”) adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


Leyli Qafarova (d.1990, Bakı) RITCS Kino Akademiyasının kino rejissorluğu fakültəsini magistr dərəcəsi ilə bitirib. Leylinin filmləri, obrazın öyrənilməsi, drama və yaxınlıq kimi mövzulara böyük diqqət ayırmaqla, gündəlik həyatda baş verən hadisələrin araşdırıldığı hekayələrin ilkin formalarının axtarışını təmsil edir. Leyli Qafarova, Bakıda “Salaam Cinema” adlı yeni müstəqil teatrın həmtəsisçisidir.


Nəzrin Məmmədova (d. 1989, Kutaisi, Gürcüstan) Azərbaycandakı Avrasiya Diplomatik Akademiyasının məzunudur. Moskvada (Rusiya) yerləşən Britaniya İncəsənət və Dizayn Məktəbini fərqlənmə diplomu ilə bitirib incəsənət üzrə bakalavr dərəcəsini qazanmışdır. 2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Son vaxtların sərgilərindən bunların adını çəkmək olar: “Xəyallar zamanıdır”, IV Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesi, MMOMA, Moskva, Rusiya; GRID fotofestivalı, Vondel CS, Amsterdam, Niderland; XVI Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Müzeyi, Şarja, Birləşmiş Ərəb Əmirlikləri (hamısı 2014). “Səmadan bir damla” 3-cü Bakı Pablik Art Festivalı, “The Review”, YAY Gallery, Bakı (2015). 2014-cü ildə Məmmədova Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olmuşdu, bu ilin yayında isə Vladiqafqazda keçirilən ALANICA 2015 incəsənət simpoziumunda iştirak edib.

Yüklənir