May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: DUMANLAR BAŞIMDA DASTANA DÖNDÜ

15 Dek - 09 May 21

YARAT Müasir İncəsənət Məkanı “Dumanlar başımda dastana döndü” adlı yeni qrup sərgisini təqdim edir.


Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. “Donmuş” münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...

YARAT-ın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı “nə sülh, nə hərb” illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.

“Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.

Sərginin adı, Vətən Müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Beləliklə, ekspozisiyada Maral Rəhmanzadə və Mikayıl Abdullayev kimi görkəmli Azərbaycan rəssamlarının yaratdıqları rəngkarlıq tabloları, Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Aida Mahmudova, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyev  kimi rəssam və fotoqrafların rəngkarlıq, instalyasiya, fotoqrafiya, video və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır.


Ekspozisiyaya Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi, YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.


Sərginin kuratoru Fərəh Ələkbərli


Sərgi: “Dumanlar başımda dastana döndü”, qrup sərgisi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Sərginin tarixləri: 15 Dekabr 2020 – 9 May 2021

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 - 20:00

Giriş sərbəstdir

Yüklənir