May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: XX ƏSRİN SON ÇİÇƏKLƏRİ – Y NƏSLİ QRUP SƏRGİSİ

10 İyn - 21 Noy 21

YARAT Müasir İncəsənət Məkanı “XX ƏSRİN SON ÇİÇƏKLƏRİ: Y NƏSLİ” adlı yeni qrup sərgisini təqdim edir.


VİRTUAL TUR

YARAT Müasir İncəsənət Məkanı, böyük məmnuniyyətlə sizə Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisini təqdim edir. “XX əsrin son çiçəkləri: Y nəsli” adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

“Y nəsli” və ya “milleniallar” –  XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəkləri” sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

XX əsrin son çiçəkləri: Y nəsli” 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.


Rəssamlar haqqında:

Yarema Malaşçuk və Roman Himey (Kiyev, Ukrayna) vizual rəssam, kinorejissor və kinooperator kimi fəaliyyət göstərirlər. Həm Himey (2013), həm də Malaşçuk (2014) Kiyev Ekran Sənətləri İnstitutunda bakalavr dərəcəsi alıblar. Onların yaradıcılığında “kütlə obrazının” tarix və mədəniyyətdə ayrıca bir personaj kimi araşdırılması əsas yer tutur. Rəssamlar dueti Pinçuk İncəsənət Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Onların birgə əsərləri “frei_raum Q21” sərgi məkanı (Vyana, Avstriya, 2019), “Bursa Gallery”də (2017, 2019), “İZOLYATSİYA” qalereyası (2018) və Pinçuk İncəsənət Mərkəzində (2018) (Kiyev, Ukrayna) nümayiş etdirilib.


Alina Orlov (d. 1990, Moskva, Rusiya) – Tel-Əvivdə (İsrail) yaşayan, performans, video və heykəltəraşlıq üzrə ixtisaslaşmış rəssam. O, Betsalel İncəsənət və Dizayn Akademiyasının (Yerusəlim, İsrail) BFA proqramını fərqlənmə diplomu və Çikaqo İncəsənət İnstitutunun (Çikaqo, ABŞ) Kino, Video, Yeni Media və Animasiya fakültəsini magistr dərəcəsi ilə bitirib. Alina “Sullivan Galleries” (Çikaqo, ABŞ, 2019), “Rosenfeld Gallery” (2019) və “Maze 9 Gallery” (2016) qalereyalarında (hər ikisi Tel-Əviv) fərdi sərgilərini keçirib. Alina həmçinin “SAIC Galleries” (Çikaqo, ABŞ, 2020), “Zhou B Art Center” (Çikaqo, ABŞ, 2018), ARTIM Layihə Məkanı (Bakı, Azərbaycan, 2017) və “Slade School of Art”-da (London, Böyük Britaniya, 2014) təşkil edilən qrup sərgilərində də iştirak edib.


Giorgi Rodionov (d. 1990, Tbilisi, Gürcüstan) – müxtəlif dövrlərdə yer alan sosial və siyasi hekayələr üzrə ixtisaslaşan rəssam və kuratordur. Giorgi Gürcüstanda jurnalistika üzrə bakalavr dərəcəsini alıb. Universiteti bitirəndən sonra, o, müasir incəsənət üzrə magistr dərəcəsi almaq məqsədilə Avropaya üz tutub. Giorginin əsərlərinin əksəriyyəti, sonradan instalyasiya, performans, partisipativ incəsənət, kitab və ya digər müxtəlif media vasitələrinə transformasiya edən araşdırmalara söykənir. Giorgi “Untitled Gallery”-nin təsisçisidir və onun əsərləri Avropada və Gürcüstanda nümayiş etdirilib.


Saşa Kurmaz (d.1986, Kiyev, Ukrayna) – müxtəlif medialar ilə eksperimentlər aparan küçə rəssamı və fotoqraf. 2005-ci ildə Kiyev Elektromexanika Kollecini və 2008-ci ildə Mədəniyyət və İncəsənət Menecmenti Milli Akademiyasını bitirib. Onun əsas bədii istiqaməti şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətləri araşdırır. Onun fərdi sərgiləri “Edmund Felson Gallery” (Berlin, Almaniya, 2021, 2017), “Chech Gallery” (2018), Pinçuk İncəsənət Mərkəzi (2016) (hər ikisi Kiyev, Ukrayna) və “UV21” qalereyasında (Varşava, Polşa, 2015) keçirilib.


Zamir Süleymanov (d. 1987, Bakı, Azərbaycan) Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə bitirib və “Rijksakademie van Beeldende Kunsten”-də (Amsterdam, Niderland, 2018-2020) magistrant-rezident proqramını keçmişdir. Yaradıcılıq fəaliyyətinə klassik fotoqrafiya ilə başlayıb, daha sonra müasir foto və videolara keçib. Rəssamın yaradıcılıq təcrübəsi Azərbaycanın sosial-mədəni reallıqlarının ayrılmaz hissəsi sayılan xüsusiyyətlər və paradoksların müşahidəsi ilə bağlıdır. Onun əsərləri Asiya İncəsənət Muzeyi (San-Fransisko, ABŞ, 2020), YARAT Müasir İncəsənət Mərkəzi (Bakı, Azərbaycan, 2020), “Rijksakademie Open Studios” (Amsterdam, Niderland, 2019), Pinçuk İncəsənət Mərkəzində (Kiyev, Ukrayna, 2019) və MoMA-da (Tbilisi, Gürcüstan, 2019) nümayiş etdirilib.


Redaktorlar üçün qeyd:

Sərgi:XX əsrin son çiçəkləri: Y nəsli qrup sərgi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 10 iyun – 21 noyabr, 2021-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir