May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: RƏŞAD ƏLƏKBƏROV ÖZÜNSƏN! FƏRDİ SƏRGİSİ

10 İyn - 19 Dek 21

YARAT Müasir İncəsənət Məkanı Rəşad ƏləkbərovunÖzünsən! adlı yeni fərdi sərgisini təqdim edir.


VİRTUAL TUR

“Özünsən!” rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisidir. Sərgi, rəssam yaradıcılığında müxtəlif materiallarla yeni təcrübə olmaqla yanaşı, onun praktikasını yeni və gözlənilməz tərzdə təqdim edir. İmmersiv layihədə rəssamın YARAT-ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.

Xitabən, Ələkbərovun “Özünsən!” sərgisi tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə/özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. “Makqaffin effekti”ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, Ələkbərovun bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.

Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu “səyahətdə” müxtəlif “alətlərdən” istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. “Mən burada olmuşam” kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.


Rəssam haqqında

Rəşad Ələkbərov (d. 1979, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin məzunudur (2001). Rəssamın yaradıcılığına boyakarlıq, heykəltəraşlıq, səhnəqrafiya, video-art, memarlıq dizaynı istiqamətləri daxildir, həmçinin onun müasir incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyalardır. Bu instalyasiyalar vasitəsilə o, aktual mövzularda olan fikir/mesajlarını çatdırır. R. Ələkbərovun ilk kölgə instalyasiyası 2000-ci ildə “Zamanın qanadları” sərgisində nümayiş olunub. Onun fərdi sərgiləri müxtəlif məkanlarda nümayiş olunub: “İşığın sehri” (Dalian Times Square, Dalyan, ÇXR, 2018) “Sözlər” (Bakı Müasir İncəsənət Muzeyi, 2014); “Başqa şəhər” (“YAY” qalereyası, Bakı, 2013). Rəşad Ələkbərov bir çox yerli və xarici tədbirlərin iştirakçısıdır: “Beyond the Shadows” (Taynan, Tayvan, 2019) MiSK İncəsənət Festivalı (Ər-Riyad, Səudiyyə Ərəbistanı, 2019, 2017 ); İslam İncəsənəti Festivalı (Şarja, BƏƏ, 2018, 2016, 2012); Cosmoscow Art Fair (Moskva, Rusiya, 2014); Artbat Fest (Almatı, Qazaxıstan, 2014); 12-ci Avesta İncəsənət Festivalı (Stokholm, İsveç, 2014); East Wing Biennialesi (London, Böyük Britaniya, 2014) həmçinin o, Azərbaycanı 52-ci, 55-ci və 56-cı Venesiya Biennalelərində təmsil edib. Rəssamın əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.


Redaktorlar üçün qeyd:

Sərgi: Rəşad Ələkbərov, “Özünsən!” fərdi sərgisi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 10 iyun – 19 dekabr, 2021-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir