May 2024

SƏYYAR SƏRGİ: DUMANLAR BAŞIMDA DASTANA DÖNDÜ

08 İyl - 25 Sen 21

YARAT Müasir İncəsənət Məkanı perspektivli yerli rəssamların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrilərindən biri olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edəcək.


VİRTUAL TUR

Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. “Donmuş” münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...


YARATın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı “nə sülh, nə hərb” illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.


“Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.


Sərginin adı, Vətən Müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.


Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyev  kimi rəssam və fotoqrafların  instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır.


YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin arxivindən saxlanılan əsərlər və fotomateriallar daxil edilib.


Açılış: 8 iyul, 2021

Saat: 15:00


Məkan: Gəncə şəhəri,  Məhsəti Gəncəvi Mərkəzi

Sərginin müddəti: 8 iyul, 2021 – 25 sentyabr, 2021
Sərginin iş saatları: 10:00 – 18:00

Ünvan: Gəncə şəhəri, Əttarlar küçəsi

Yüklənir