May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: AİDA MAHMUDOVA CƏNNƏT GÖZLƏYƏ BİLƏR FƏRDİ SƏRGİSİ

08 İyn - 22 Okt 23

YARAT Müasir İncəsənət Məkanı Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisini təqdim edir.

Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. Burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır.

VİRTUAL TUR

Rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var.

Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü  bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ipucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.

Aida Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu rəssamın çağırışıdır: İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsəsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ipuclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A. Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.

İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir.

Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız və introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilmişdir. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, məna üçün maneələrin aradan qaldırıldıqda daha çox səmimiyyətə və yaradıcılığa çağırır.

Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A. Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq, və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ipucuları verəcək.


Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Rəssamın dünyanın müxtəlif ölkələrində (ABŞ, Belçika, Böyük Britaniya, İtaliya, Rusiya, Gürcüstan) beynəlxalq səviyyədə iri miqyaslı fərdi sərgiləri keçirilib: “Cənnət gözləyə bilər”, Zurab Tsereteli MoMA, Tbilisi, 2022; “Liminality”, Gazelli Art House, London, 2022; “PastPresentFuture”, Sapar Contemporary Gallery, Nyu-York, 2021; “İşığı tuta bilmirəm”, Deweer Gallery, Otegem, 2017; “Ötüb keçərkən”, Leila Heller Gallery, Nyu-York, 2015; “Daxili sakitlik”, Barbarian Art Gallery, Sürix, 2013. Aida Mahmudova, həmçinin bir çox qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “Metakod”, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, 2022; Art Dubai, Gazelli Art House-un stendi, 2022; “Dumanlar başımda dastana döndü”, YARAT Mərkəzi, Bakı, 2021; “Живопись”, Bakı MİM, 2019; “Hər şey qayıdacaq”, Gazelli Art House, London, 2018;VITA VITALE” (Artwise kuratorluğu ilə), 56-cı Venesiya Biennalesi, 2015; “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi, 2013 və s.


Rəssam haqqında məlumat: www.aidamahmudova.com


Sərgi: Aida Mahmudova, Cənnət gözləyə bilər fərdi sərgi

Sərginin tarixləri: 8 iyun – 22 oktyabr, 2023

Məkan: YARAT Mərkəzi

Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

Yüklənir