Aprel 2024

Şirin Neşat, Aida Mahmudova, Sara Raza və Suad Qarayeva ilə danışıqlar

24 Mar 15

YARAT Müasir İncəsənət Məkanı məşhur rəssam və kinorejissor Şirin Neşatın da iştirak edəcəyi panel müzakirəsinin 24 mart tarixində yeni YARAT Mərkəzində keçiriləcəyini böyük məmnuniyyətlə elan edir.

Bu müzakirə Şirin Neşatın müxtəlif ölkələrdə aldığı həm rəsmi, həm də qeyri-rəsmi incəsənət təhsilinin rəssamın təcrübəsinə necə nüfuz etdiyini bilmək üçün yaxşı bir fürsətdir. Bu müzakirədə Şirin Neşatla birgə “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyin təsisçisi Aida Mahmudova və YARAT-ın təhsil işi üzrə rəhbəri və Nyu York Muzeyinin “Guggenheim UBS MAP” layihəsinin kuratoru Sara Raza iştirak edəcəklər.

Sessiyaya “YARAT Müasir İncəsənət Mərkəzi”nin kurator-direktoru Suad Qarayeva sədrlik edəcək və onun rəhbərliyi altında kurator gəzintisi də baş tutacaq. 


17:30 - Suad Qarayeva tərəfindən kurator gəzintisi

18:30 – Şirin Neşat, Aida Mahmudova və Sara Razanın söhbəti


Şirin Neşat 1957-ci ildə Qəzvin şəhərində anadan olub. 1974-cü ildə ABŞ-a köçüb. Yaradıcılıq yolunun erkən çağlarında ərsəyə gətirdiyi “Allahın qadınları” ağ-qara fotolar silsiləsində o, müxtəlif geyimli qadınların portretlərini hazırlayıb, üzərinə xəttatlıq üslubunda fars yazılarını düzmüşdü. Həmin foto-silsilədən başlayaraq (1993–1997), Şirin Neşat gender, hakimiyyət, şəxsiyyət, qaçqın taleyi, etirazlar, insani və siyasi amillərin qarşılıqlı təsiri kimi aktual mövzularda özünü sınamaqda davam edir və bu işdə, mətinliklə yanaşı, təkrarsız və güclü estetika nümayiş etdirir. Rəssam Marina Abramović belə yazır: “Neşatın işləri tam dolğunluqla İran mədəniyyətindən xəbər verirlər və tam mürəkkəbliyi ilə müsəlman mənliyini göstərirlər, özü də qadın gözüylə göründüyünü kimi.”[1]

 “Allahın qadınları”-ndan sonra, Şirin Neşat video sənəti ilə məşğul olmağa başladı. Bu işdə o, siyasi məzmun və açıq-aydın tənqiddən uzaqlaşaraq, meylini poetik təxəyyülə və mürəkkəb həyati hekayətlərə saldı. İki-kanallı ağ-qara video instalyasiyalar trilogiyasında – “Coşğun” (Turbulent, 1998), “Sevinc” (Rapture, 1999) və “Şövq” (Fervor, 2000) – o, ayrı-ayrılıqda kişi və qadınların təcrübəsini əsatir enerjisi ilə tədqiq etmişdi. Sonrakı layihələri isə, bəstəkar Filip Qlas ilə birlikdə çəkdiyi “Keçid” (Passage, 2001) də bunların içində olmaqla, ayin və itki kimi ümumbəşəri məqamları əks etdirmişdilər. 2009-cu ildə Şirin Neşat ilk tammetrajlı filmini çəkdi – Şəhrnuş Parsipurun eyniadlı romanı əsasında “Qadınlar kişilərin yoxluğunda” (Women Without Men) filmini. Bu filmə görə o, 66-cı Venesiya Beynəlxalq Kinofestivalının “Ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş Şir” mükafatı ilə təltif olunmuşdu.

2012-ci ildə Şirin Neşat ağ-qara foto və xəttatlıq təcrübəsinə qayıtdı. Onun “Krallar kitabı” adlanan fotolar silsiləsi Ərəb Baharı hadisələrinin təsiri ilə yaradılmışdı. Silsilənin “Krallar kitabı” adı X əsrin İran şairi Firdovsinin “Şahnamə”sinə işarə vurur. Bu dinamik fotolardakı portretlər qüdrət ifadə edirlər, onların üzərindəki xəttat yazıları isə qədim, qalın-qalın kitablardan götürülmüş sözləri müasir şairlərə məxsus misralarla yanaşı qoyub, bir-biri ilə tutuşdururlar. Nancy Princenthal belə yazır: “Bir-birinə zidd duran iki ölkədə yaşamaq təcrübəsinin silinməz damğasını daşıyan Şirin Neşat, sanki, təkrarlanan bir yuxunun imperativ gücü ilə, bir də alleqorik poeziyanın elastik incəliyi ilə öz əsərlərini, elə bil, dəmiri döyən kimi “döyərək”, onların canını yaradır. Beləliklə, onun əsərləri şəxsi ifadəliyin ən təsirli formasına salınmış olurlar.”[2]

Şirin Neşatın çoxsaylı fərdi sərgiləri dünyanın müxtəlif qalereya və muzeylərində nümayiş etdirilmişdi, o cümlədən: Stedelijk Museum, Amsterdam; Serpentine Gallery, London; Hamburger Bahnhof, Berlin; Walker Art Center, Minneapolis; Musée d’art contemporain de Montréal və bir çox başqalarında. Yaradıcılıq yolunun möhtəşəm retrospektivi 2013-cü ildə Detroyt İncəsənət İnstitutunda sərgilənmişdi. Şirin Neşat dəfələrlə böyük qrup sərgilərinin də iştirakçısı olmuşdu, o cümlədən: 48-ci Venesiya İncəsənət Biennalesi (1999), Whitney Biennalesi (2000), Documenta XI (2002) və Prospect.1 New Orleans (2009). Şirin Neşatın qazandığı nüfuzlu mükafatlardan bir neçəsini sadalayaq: Gwangju Biennalesində Qran-pri mükafatı (2000), 48-ci Venesiya Biennalesinin birinci yer mükafatı olan “Qızıl Şir” (1999), Hiroşima Azadlıq mükafatı (2005) və Dorothy and Lillian Gish mükafatı (2006). 2010-ci ildə “The Huffington Post” qəzeti Şirin Neşatı “Onilliyin rəssamı” adına layiq görmüşdü. Onun əsərləri dünyanın hər yerində qalereya və muzeylərin kolleksiyaları içində nümayiş etdirilir.

Şirin Neshat Andy Warhol Fondunun “Vizual sənətlər və yaradıcılıq vaxtı” proqramında əməkdaşlıq edir. Hal-hazırda özünün ikinci tammetrajlı filmi üzərində işləyir. Bu film əfsanəvi Misir müğənnisi Ümmü Külsümün həyatı və yaradıcılığına həsr olunacaq. 

Şirin Neshat Nyu-Yorkda (ABŞ) yaşayıb çalışır.


Aida Mahmudova bir qrup rəssamla birgə 2011-ci ilin oktyabr ayında təşkil etdiyi “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyin təsisçisi və bədii rəhbəridir. Bu günə qədər 80-dən çox layihə həyata keçirərək, YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təbliğ və təmsil olunması ilə məşğuldur. Bu təşkilat Bakıda müxtəlif dinləyici qruplarına görə şaxələnmiş tədris proqramı həyata keçirir, kino festivalları və sərgilər təşkil edir, rəssamlara sifarişlər verir, muzey və beynəlxalq qurumlarla əməkdaşlıq qurur. 2015-ci ildə Bakıda “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyinin yeni müasir incəsənət mərkəzi açılır. Bu yeni mərkəz Qafqaz, Orta Asiya və qonşu ölkələri də əhatə etməklə, müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən bir qovşaq olacaq. Aida Mahmudova rəssam kimi də fəaliyyət göstərir. Onun əsərləri ölkəmizdə də, xaricdə də sərgilənir. Bakı Müasir İncəsənət Muzeyinin kurator-müdiri olmağından əlavə, “Tate Modern” qrupunun Yaxın Şərq və Şimali Afrika üzrə Satınalma Komitəsinin üzvüdür.


Sara Raza

Londonun Royal İncəsənət Kollecində doktorluq dərəcəsi üzrə namizəd, müstəqil kurator, “ArtAsiaPacific” jurnalının redaktoru (Qərbi və Mərkəzi Asiya üzrə) və “Harper's Bazaar”, eləcə də, “Ibraaz” jurnallarının yardımçı redaktorudur. Sara Raza, hal-hazırda, Şarjada yerləşən “Maraya İncəsənət Mərkəzi”nin həm-kuratorudur və bu yaxınlarda, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində yerləşən “Alaan Artspace” Mərkəzində kuratorluq  proqramlarının təsisçisi olmuşdur. 2010-cu ildən etibarən o, Londonun Sotheby İncəsənət İnstitutunda Müasir İncəsənət proqramı üzrə dəvətli mühazirəçisi olmuşdur. Sara, həmçinin, Londonun Müasir İncəsənət Muzeyi, Cənubi London Qalereyası  və  Berlində yerləşən “Haus der Kulturen der Welt” (Dünya Mədəniyyət Evi) mərkəzində həyata keçirilən ictimai proqramların keçmiş kuratorudur, bununla yanaşı, o beynəlxalq aləmdə kuratorluq etmiş, mühazirələr aparmış və müxtəlif nəşrlər etmişdir. O, öz fəaliyyəti haqqında http://www.sararaza.com/ saytında paylaşımlar edir. 

2014-cü ildən etibarən Sara Raza “YARAT Müasir İncəsənət Məkanı”nın təhsil işi üzrə rəhbəridir və bu yaxınlarda, Nyu York Muzeyinin “Guggenheim UBS MAP” layihəsinin kuratoru vəzifəsinə təyin olunmuşdur.


Suad Garayeva YARAT Müasir İncəsənət Mərkəzinin kurator-direktorudur. Sərgilər, eləcə də YARAT-ın daim artan kolleksiyası üzrə məsul rəhbərdir. Həmçinin, 2015-ci ilin yaxınlaşan 56-cı Venesiya biennalesində YARAT-ın pavilyonunda təqdim olunacaq “Odla suyun birliyi” sərgisinin kuratorudur. Əvvəllər Sotheby’s hərrac evində Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis vəzifəsində çalışıb. İlk dəfə keçirilən “Yolların kəsişməsində” sərgisinin kuratoru olmuşdur. Qafqaz və Orta Asiya sənətkarlarının müasir incəsənət əsərlərini təqdim edən bu sərgi 2013-cü ildə keçirilmişdi, 2014-cü ildə isə onun davamı olan “Yolların kəsişməsində - 2: İncəsənət İstanbuldan Kabilə kimi” sərgisi düzənlənmişdi. Bundan əlavə, o, Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o cümlədən 2013-cü ildə keçirilmiş “Müasir Şərq” və “Fokusu dəyişərək” tədbirlərinə rəhbərlik etmişdi. Suad Qarayeva uzun müddətdir ki, YARAT-la əməkdaşlıq edir, 2012-ci və 2014-cü illərdə GRID Beynəlxalq Fotoqrafiya Biennalesində təşkilatın pavilyonu üzrə kurator olmuşdur. O, həmçinin Azərbaycanın 53-cü və 54-cü Venesiya Biennalesindəki pavilyonu kimi bir sıra beynəlxalq sərgilərdə işləyib. London İqtisadiyyat Məktəbində “Fəlsəfə və ictimai münasibətlər” üzrə magistr dərəcəsini (MSc), Qlazqo Universitetində isə “Müasir və modern incəsənət” üzrə elmlər namizədi dərəcəsini (Mlitt) almışdır. “Tate Modern” qrupunun Rusiya və Şərqi Avropa üzrə Satınalma Komitəsinin üzvüdür.


YARAT Müasir İncəsənət Məkanı

Səbail rayonu, (Milli Bayraq meydanının yaxınlığı), Bakı, Azərbaycan

Giriş sərbəstdir.


FACEBOOK EVENT

Yüklənir