Aprel 2024

YARAT OLQA NEFEDOVANIN MÜHAZİRƏSİNİ TƏQDİM EDİR

15 Noy 13

YARAT Müasir İncəsənət Məkanı 15 Noyabr 2013-cü il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, İncəsənət elmləri namizədi, Şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Doha şəhəri (Qatar) Şərqşünaslıq Muzeyinin təsisçisi Doktor Olqa Nefedovanın mühazirəsini təqdim edir.

 

`MƏDƏNIYYƏTLƏR, MƏKAN VƏ ZAMAN DIALOQU`

 

Mərakeş zəngin mədəniyyət və tarixə, adət və inanclara, innovasiya və yeniliklərə malik real bir dünyadır. Eyni zamanda da, şərqmeylli rəssamlar tərəfindən yaradılan və mədh edilən xəyali aləmdir.  Bu ölkə XIX və XX əsrlərdə rəssamların yaradıcılığına böyük təkan verərək onların ilham mənbəyinə və inanılmaz rəssamlıq təcrübələri meydanı olub daha cəlbedici bir məkana çevrilmişdir. İlham mənbələri kimi, Mərakeşə səfər etmək səbəbləri də çox müxtəlif idi.  Biriləri üçün təbii maraq, digərləri üçün isə məcburi immiqrasiya, kimin üçün isə yeni həyat, yeni yerdə kök salmaq deməkdir. Səbəblərindən asılı olmadan onların hamısı ölkə və onun sakinlərinin ekzotik deyil, daha çox poetik obrazlarını yaradaraq şərq işığının parlaq şəfəqinin qiymətli daşlarında bərq vuran və fantastik arzu şəklində ifadə edilən xəyali bir dünyaya doğru can atdılar.

 

Bir çox şərqmeylli rəssamların görmək və tanımaq istədikləri qadın dünyası bizə əsl mərakeşli xanım – Lalə Əssəidi timsalında təqdim edilib.  Mərakeşdə doğulan Əssəidi üçün başqa şərqmeylli rəssamlardan fərqli olaraq bu “sirrli” aləmi özü üçün kəşf etməyə ehtiyacı yox idi. Bu onun vətəni, müsəlman mədəniyyəti, ənənələri və İslamın bədii irsi içərisində böyüdüyü məkan olmuşdur.  Ən əsası isə, Lalə Əssəidinin sənət işləri həm qərb aləmində, həm də ərəb dünyasında eyni cür müsbət qarşılanır.  Onun sənət işlərinin estetik gözəlliyi, əlbəttə ki, birləşdirici bəşəri faktora çevrilir. Lakin, şərq auditoriyasını daha çox xaricdə yaşayan ərəbistanlı qadın-rəssamın ona kifayət qədər tanış və anlaşıqlı olan dünyaya artistik baxışları maraqlandırır. Onun keçmişdə və müasir zamanda ərəb qadını obrazının məzmunu və yaradılması tarixçəsininin analizi maraqlandırır. Qərb auditoriyasına gəlincə isə, onu, ilk növbədə, qəfildən nostalji hisslər əhatə edir. XXI əsrin şərq süjetləri bilavasitə siyasi hadisələrlə bağlı olan tənqidi dialoqa mövzu müxtəlifliyi gətirərək XIX və XX əsrin sərq şüjetlərindən kəskin şəkildə fərqlənir.

 

Sərt reallığın qaçılmazlığı avropalıların şərq haqqındakı hər zaman əlçatmaz və cəlbedici obraz olan ənənəvi romantik təsəvvürlərinin geri dönməz itkisi hissini artırır. Özünün mühazirəsində Olqa Nefedova yalnız təsviri incəsənətin oriyentalizm kimi istiqamətinin yaranma tarixi və inkişafı haqqında deyil, eləcə də, bu istiqamət çərçivəsində Lalə Əssəidinin yaradıcılığını da analizə edəcək.  O, həmçinin, Yaxın Şərq və Şimali Afrikada oriyentalizmin müasir qavrayş problemini də müzakirə edəcəkdir.

 

Mühazirə noyabr ayının 15-i, saat 19:00-da Muğam Mərkəzində keçiriləcək.

Ünvan: Neftçilər prospekti, 9

Giriş pulsuzdur.

Yüklənir