Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU ŞİRİN NEŞAT

11 Apr 15

YARAT Film Klubunun ideyası - YARAT təşkilatının kino peşələrini öyrənən tələbələrə və gənc nəsil kino peşəkarlarına böyük inamından irəli gəlir. Klubu yaratmaqda məqsəd – müasir incəsənət əsəri kimi çəkilmiş videolara və filmlərə baxıb onların qeyri-formal müzakirəsini aparmaq üçün münasib görüş yeri təşkil etməkdir.   

Ümidvarıq ki, tələbə qrupları, gənc kinematoqrafçılar və sənətsevərlər burada toplaşaraq, onlara göstərilən əsərləri seyr edib öz aralarında təəssüratlarını bölüşəcək, eləcə də rəssam və rejissorların iştirakı ilə qeyri-formal müzakirə, fikir mübadiləsi aparacaqlar.

Filmlərə baxış yeni YARAT Mərkəzinin multifunksional zalında keçiriləcək. Şou tədbirlərini təmin edən audio-vizual və səsləndirmə avadanlığı ilə təchiz olunmuş bu zalın tutumu 125 tamaşaçıdır.   ent.

11 Aprel tarixində YARAT Film Klubunda nümayiş olunacaq Şirin Neşatın “Coşğun”, “Sevinc”, “Şövq” və “Xəyallar və aynalar” adlı qısametrajlı filmləridir.


Şirin Neşat

Şirin Neşat Nyu-Yorkda yaşayan İran əsilli vizual-art sənətkarıdır. Ən çox kino, video və fotoqrafiya əsərlərinin müəllifi kimi tanınır. 

2000-ci ildən başlayaraq Neşat kinofestivallara qatılır, o cümlədən Telluride Kinofestivalı (2000), Çikaqo Beynəlxalq Kinofestivalı (2001), San-Fransisko Beynəlxalq Kinofestivalı (2001), Lokarno Beynəlxalq Kinofestivalı (2002), Tribeca Kinofestivalı (2003), Sundance Kinofestivalı (2003) və Kann Kinofestivalı (2008) kimi festivalların iştirakçısı olmuşdur. 

2010-cu ildə Huffington Post qəzetinin sənətşünası G.Rocer Denson tərəfindən “Onilliyin rəssamı” adına layiq görülmüşdü.

2010-cu ildə 63-cü Berlin Beynəlxalq Kinofestivalında münsiflər heyətinin üzvü olmuşdu. 

Neşatın beynəlxalq miqyasda daha çox tanınması 1999-cu ildə “Coşğun” (Turbulent) və “Sevinc” (Rapture) adlı əsərlərinə görə 48-ci Venesiya Biennalesinin birinci yer mükafatı olan “Qızıl Şir”ə layiq görülməsi ilə bağlıdır. Çəkilişlərə az qala, 250 insan cəlb olan bu layihəyə prodüserlik Jérôme de Noirmont Qalereyası tərəfindən həyata keçirilmişdir. Layihənin premyera öncəsi dünya təqdimatı 1999-cu ilin may ayında Çikaqo İncəsənət İnstitutunda uğurla keçirilərək, tənqidçilərin də, ictimaiyyətin də marağına səbəb olmuşdu. “Sevinc”də Neşat ilk dəfə sırf foto üsulları ilə tamaşaçıya estetik, poetik və emosional şok yaşatmağa cəhd etmişdi.    


Məkan:

YARAT Müasir İncəsənət Məkanı

Səbail rayonu, Bayıl qəsəbəsi, (Dövlət Bayrağı Meydanının yaxınlığı). AZ1000, Bakı, Azərbaycan


11 aprel 2015 

Saat: 19.00


Shirin Neshat films:


“Coşğun” (Turbulent, 1998)

“Coşğun” – Neşatın 1998-ci ildə ərsəyə gətirdiyi iki-ekranlı video-instalyasiyadır. İki müğənni (Şoca Azari kişi rolunda, iranlı müğənni və bəstəkar Süsən Deyhim isə qadın rolunda), qədim İran musiqisi və poeziyası vasitəsilə ekranda gender məsələlərin mürəkkəbliyi və mədəniyyət qüvvəsini vurğulayan ifadəli musiqi metaforu yaradırlar.   


“Sevinc” (Rapture, 1999)

“Sevinc” didərginliyin köksüzlük, evsizlik psixologiyasını qabarıq ifadə edir. Neşat İrandan Amerikaya köçmüş bir şəxs kimi kritik məsafədə qərarlaşaraq, həm poetikanı, həm də örpəyin gücünü ifadə etməyə müvəffəq olmuşdu. Müsəlman qadınının gücünü və gözəlliyini tərənnüm edərək, o, eyni zamanda, cəzalanma qorxusundan da xəbərdar olduğunu bildirir. 


“Şövq” (Fervor, 2000)

2000-ci ildə çəkilmiş “Şövq” iki-kanallı ağ-qara video instalyasiyadır, Nyu-Yorkdakı Gladstone Qalereyasının icazəsi ilə nümayiş etdirilir. İslam inqilabından sonra İran mədəniyyətinin sevgiyə qarşı neqativ yanaşmasını göstərir. Ağ-qara material burada lap yerinə düşür: məsciddəki kişilərin dümağ köynəkləri və qadınların qapqara çarşabları onların arasındakı gözəçarpan kontrastı əks etdirir.


“Xəyallar Və Aynalar” (Illusions & Mirrors, 2013)

“Xəyallar və aynalar” gələcəyə boylanır – o gələcəyə ki, kölgəli, qədim otaqlarda o, artıq gizlənmişdir. Natali Portman bir adamı izləyir. Həmin adam öncə dəniz sahilində peyda olub, sonra tələsə-tələsə qum təpələrinin üstündən keçir, sürüşür, pilləkənlə qalxıb boş zallardan keçir. Onun dalınca düşən Portman başqa qəribə elementlərlə də üzləşir: divar boyu düzülmüş stullarda oturan adamlar, “başqasının” (əslində isə – özünün) saçını qısaldan yaşlı qadın. Hərəkətlər gərgin və ehtiyatlıdır, ekrandakı əhvalat sözsüz və dolaşıq cərəyan edir. Görüntülər əriyir, ikiləşir, bəziləri isə xatirə və ya gələcəkdən xəbər verən qarabasma kimi dalğalanan səhnə fonunda aydın və kəskin qalır. Axırda isə Portman qaranlıq otaqda durub pəncərədən çölə baxır, orada özünü görür – günəşin, küləyin qabağında, filmin əvvəlində gördüyümüz dəniz sahilində.



 

Yüklənir