Aprel 2024

BACARART 2014 LAYİHƏSİNİN YEKUN SATIŞ SƏRGİSİ

10 Dek 14

YARAT Müasir İncəsənət təşkilatı və “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” tərəfindən artıq iki ildir ki, davamlı olaraq həyata keçirilən və aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlmiş BACARART layihəsi, 10 dekabr 2014-cü il tarixində İçəri Şəhərdə yerləşən Art Garden restoranının sərgi salonunda geniş miqyasda xeyriyyə satış sərgisi keçiriləcək.


Layihənin əsas məqsədi, əvvəl olduğu kimi indi də Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafıdır. 2014-cü ildə, layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak etmişdir. Onların rəhbərlikləri altında BACARART-ın gənc iştirakçıları, kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəmişlər.

2014-cü ildə layihə artıq Azərbaycanın 11 regionunu əhatə edib: Şüvəlan qəsəbəsi (Bakı), Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam. Layihənin birinci mərhələsi çərçivəsində 50 istedadlı uşaq və yeniyetmə iki regional mərkəzdə - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərəncamında olan Saatlı və Göygöldə yığışmışlar. İş prosesinə cəlb olunmuş Komitənin 10 təlimatçısı nəzarət ediblər.

Layihənin ikinci mərhələsində, iştirakçılar, Şəkidəki Marxal kurort ərazisində keçirilməsi qərara alınmış yay məktəbi çərçivəsində ünsiyyəti davam etdirmişlər. 10 gün ərzində iştirakçılar Şəki Xan Sarayını, Gələrsən-Görərsən Qalasını (VIII-IX ə.), Cümə məscidini (XVIII ə.), Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı (e.ə. IV ə. – e. V ə.), Orta Zəyzitdəki qüllə və məbədi, həmçinin digər memarlıq abidələrini ziyarət etmişlər.

Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək etmişdir.

Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılmışdır, amma buna baxmayaraq, layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilmişdir.

Layihə dekabrın 10-u, saat 19:00-da İçəri Şəhərdə yerləşən Art Garden restoranının sərgi salonunda başa çatacaq, həmçinin orada geniş miqyasda xeyriyyə satış sərgisi keçiriləcək. Sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək.

Layihə iştirakçıları sərgiqabağı Bakıda yığışacaqlar. Onlar üçün şəhərin tarixi yerlərinə maraqlı tur və Heydər Əliyev Mərkəzinə səfər təşkil olunacaq.


Biz Sizi sərgini ziyarət etməyə və bununla da istedadlı gənc rəssamlara dəstək olmağa dəvət edirik!


Təqdimat günü: 10 dekabr, 2014

Saat: 19:00

Məkan: Art Garden Sərgi Salonu

Ünvan: Bakı, İçəri Şəhər, Asəf Zeynallı küç. 22

Əlaqə telefonu.: 012 505 1414


KATALOQ

FACEBOOK

Yüklənir