Mart 2018

ŞİRİN MƏLİKOVA İLƏ GÖRÜŞ: ƏNƏNƏ İLƏ MÜASİRLİK ÜZLƏŞƏNDƏ

10 Mar 18

YARAT Friends platformasının silsilə tədbirləri davam edir.  Məhsuldar şənbə sabahı keçirmək üçün sizi Azərbaycan Xalça Muzeyində, onun rəhbəri Şirin Məlikova ilə görüşə dəvət edirik.


Gəlin xalça xəzinəsinin sirlər aləminə birgə qərq olaq və keçmiş mədəniyyətimizdən agah olaq. Məhz bu muzeyin xəzinəsində ən qədim və qiymətli xalça nümunələri saxlanılır və platforma üzvləri onlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Sənətşünaqlıq üzrə fəlsəfə doktoru Şirin Məlikova (“Azərbaycan XVI-XVIII əsrlər bədii parça və tikmələri” mövzusunda dissertasiya işi müdafiə etmişdir) 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” kafedrasında, 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında baş müəllim, kafedranın dosenti vəzifəsini icra edir. O, Azərbaycan rəssamları haqqında 10-dan çox kitabın, yerli və beynəlxalq elmi nəşrlərin müəllifidir, bir çox simpozium və konfranslarda iştirak etmişdir. 2011-ci ildən o, Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert kimi çalışır, bir sıra beynəlxalq sərgi və festivalların (2013, 2015 və 2017-ci illərdə Venesiya Biennalesində Azərbaycan Milli Pavilyonu, 2013-cü və 2016-cı illərdə “Fransada Azərbaycan Mədəniyyət Günləri”, 2012-2013-cü illərdə Avropa şəhərlərində yerləşən qalereya və muzeylərdə təqdim olunan “Fly to Baku. Contemporary art from Azerbaijan” sərgisi və s.) təşkilatçısı olmuşdur. O, Bakıda yerləşən iki muzeyin – Daş Salnamə Muzeyi və Rəngkarlıq Muzeyinin konsepsiyasını hazırlamışdır. Azərbaycan Xalça Muzeyinin yeni binasının ekspozisiya konsepsiyasının müəllifidir. 2016-cı ilin mart ayından Şirin Məlikova Azərbaycan Xalça Muzeyinin direktorudur, həmin ildə o, ICOM Azərbaycan Milli Komitəsinin sədri vəzifəsinə seçilmişdir.


Tarix: 10 Mart, 2018
Saat: 11:00
Məkan: Azərbaycan Xalça Muzeyi
Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir