Dadaş Adna
Müxtəlif silsilələrdən fotolar
Foreks, kağız, rəqəmsal çap
Müxtəlif ölçülər
Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. Daha çox fotoqraf kimi tanınan Dadaş Adnanın fotolarının əsas qəhrəmanları sadə insanlar və onları əhatə edən mühit, həyat və “səslənilməyən” arzularıdır. Janr fotoqrafiyası, portret, mənzərə, natürmort janrlarında çəkdiyi fotolarında o, gördüyü “hekayələri” hiss etdiyi kimi çatdırır. Mövzu və janrından asılı olmayaraq, onun fotolarının əsas fokusu həqiqi hiss və emosiyalara köklənib.
Rəşad Babayev
Dərviş, 2014
Kətan, akril
190x175 sm
YARAT-ın kolleksiyası
Rəşad Babayevin əsərlərində Şərqin lirikası tez-tez sufi meditasiyalarının mistikası ilə assosiasiya edilir. İncə təsirli, Şərq ruhunda çəkilmiş “Dərviş” əsərində, o, əsasına söykənmiş, üfüqə baxan, gələcək nəsillərə sanki müdriklik xəbəri verən dərviş obrazı yaradıb. Rəssam onu mürid kimi ağ libasda təsvir edib və o, öz ətrafında meditasiyada fırlanaraq, zaman və məkandan şüurunu azad edərək, öz hipnotik rəqsinə başlamağa hazırlaşır.
Nadir Eminov
Okey, bumer, 2022
Televizor, qranit
50 x 50 x 50 sm
YARAT-ın kolleksiyası
Mehrin Əlili
Bəs birdən, 2021
3-kanallı video
Müxtəlif müddətlər
YARAT-ın kolleksiyası
Videolarda meqapolis və kənd həyatından olan kadrlar müqayisə edilərək mövcud və paralel reallıq araşdırılır. Sürətli urbanizasiya prosesində insanlar, daha yaxşı həyat və fürsətlər tapmaq üçün təbiətin insana təklif etdiyi bütün gözəllikləri geridə qoyaraq şəhərlərə üz tuturlar. İnsanlar miqrasiyanı yeni ümid, yeni başlanğıc və ən əsası dönüş nöqtəsi kimi görsələr də, onlara məlum olmayan yerdə nə ilə üzləşə biləcəklərindən xəbərsizdirlər. Rəssam da videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür. Videoları müşayiət edən etnik musiqi, rəssamın ailə arxivindəndir, Mehrinin anasının dayısı tərəfindən ifa olunur. Bu musiqi izləyicini daha şəxsi və yaxın təcrübəyə qərq edir. Eyni zamanda rəssam öz əsərində 1971-ci ildə Qax rayonu, Sarıbaş kəndində çəkilən “Kəndimizin qəhrəmanı” sənədli film materiallarından istifadə edir. Bu filmdə firavan yaşayan insanların gələcəklərini daha da ümidli gördüyü kadrlar əks olunub.
Elturan Məmmədov
İnsan vərdişləri fotosilsiləsi, 2011-2018
Rəqəmsal çap
Müxtəlif ölçülər
Rəssamın icazəsi ilə
2011-2018-ci illərdə hazırlanan fotoqrafiya silsiləsi insanlar və ətraf-mühiti fərqli kontekstdən nümayiş etdirir. Bu fotolar insan həyatlarını şəxsi qavrayış prizmasından izah edir. Onlar, bəziləri üçün adi, digərləri üçün qeyri-adi və təəccüblüdür. Bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür. Yerli mədəniyyətdən və identiklikdən ilhamlanan rəssam, gündəlik həyatın absurdluğunu, görünüşdə normal olan insan vərdişləri ilə çatdırmağa çalışır.
Ramal Kazım
Bazar ertəsi səhəri, 2012
Diş ağrısı, 2012
Zabit, 2012
Kətan, sangina
Hər biri 205x135 sm
Rəssamın icazəsi ilə
Ramal Kazımın əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Üzü qaşqabaqlı bədənlər, nisbi rahatlama üçün fiziki olaraq ifadə edilmiş hədsiz emosional sıxıntını təsvir edir. Dramatik pozalar tünd konturlama ilə intensivləşir, dahicəsinə dürüst və xam görüntü yaradır.
Habib Saher
Qodonu gözləyərkən, 2016
Qurumuş ağac, gips heykəllər
Məkana uyğun ölçülər
YARAT-ın kolleksiyası
Zamanın ötüb-keçməsini ehtiva edən “Qodonu gözləyərkən” instalyasiyası qurumuş ağacdan asılmış gips kəllələrdən ibarətdir. Vaxt keçdikcə kəllələr ağacdan qopub döşəməyə çırpılaraq, parçalanır və bununla həyatının müvəqqətiliyini, habelə dərindən kök salmış dəyərlərin daimi olmayan mahiyyətini təcəssüm edir. İnstalyasiya, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.
Soltan Soltanlı
Dəniz mövsümü, 2019
Kətan, yağlı boya
100 x 90 sm
Həqiqətə doğru, 2017
Kətan, yağlı boya
100 x 60 sm
Yol kimindir: üç kor, üç dəli, 2017
Kətan, yağlı boya
100 x 80 sm
Sahilə doğru, 2017
Kətan, yağlı boya
90x60 sm
Ala qoyun hara getdi? 2017
Kətan, yağlı boya
78 x 65 sm
Rəssamın icazəsi ilə
Rəssamlıq sənətini özü öyrənmiş, diplomlu filoloq Soltan Soltanlı yaradıcılığı ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır.
Yaradıcılığında toxunduğu mövzuların əsl mahiyyətini əks etdirmək üçün o, həm estetik realizm, həm də primitivizm üsullarından istifadə edir. Əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, onun özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, onun başlıca niyyətini anladan adlar verir. Onun mesajlarını “rahat qavranan” adlandırmaq olar; o, bilavasitə insanlığa xidmət etmək və onu ruhlandırmaq üçün universal insan həqiqətlərini işıqlandırır.