31 Okt - 01 Dek 14
HÜSEYN HAQVERDİ
DAŞ
BAKI MÜASİR İNCƏSƏNƏT MUZEYİ
31 oktyabr - 1 dekabr, 2014
kurator: ÇİNGİZ
İncəsənət, müəyyən tarixi mərhələdə həyatı olduğu kimi əks etdirərək, tarixdə əbədi qalır. O, eyni zamanda insanların həyəcanlarını, həm də onların həyatında olan müxtəlif hadisələri əks etdirən güzgüdür. Mədəniyyət, yuxarıda göstərilən təzahürləri özündə təcəssüm etdirən əsərləri qoruyur və bizə çatdırır, amma o həmişə özünü pozitiv tərənnüm etmir. Mədəniyyətin yoxluğu - həmçinin mədəniyyət əlamətidir və konkret mərhələdə onun inkişaf səviyyəsini xarakterizə edən mədəniyyət tarixinin ayrılmaz hissəsidir. Başqa sözlə, incəsənət real vəziyyəti əks etdirir, bu, müxtəlif geosiyasi məkanların nümayəndələrinin görünən və görünməyən mənəvi həyəcanlarının vizuallaşdırılması üçün bir sahədir.
İncəsənət əsərləri sənətkar tərəfindən onun dünyagörüşünü və duyğularını başqa insanlarla bölüşmələri üçün yaradılır. O, hissləri və fikirləri ifadə etməyə imkan yaradan qeyri-adi bir ünsiyyət vasitəsidir. Müasir həyatda baş verən hadisələr olduqca həssas və emosiyalarla doludur. Onlar, bəzən insanların şüurlarını o qədər zəbt edirlər ki, müəyyən mərhələdə incəsənət əsərlərinə ehtiyac qalmır. Yeni hadisələr, sonuna kimi dərk edilməmiş keçmiş hadisələrin fraqmentlərini arxada qoyaraq hədsiz sürətlə bizim həyatımızdan ötüb keçir.
İncəsənət real həyatda baş verənləri vaxtında əhatə edib təhlil etməyə və onlara lazımi reaksiya verməyə macal tapmır. Beləliklə, tarix sanki keçmişin yığıldığı yer, arxiv kimi xidmət göstərir. O elə bir məlumat bazasıdır ki, orada həqiqət və yalan, şəxsiyyət və cəmiyyət, şüurluluq və avamlıq yanaşıdırlar. Avamlıq, bizim gündəlik həyatımızın reallıqlarında qismən üstünlük təşkil etsə də, mədəniyyət ona tabe olmur...
Müasir mədəniyyət anlayışı nədir? “Müasir” termini mədəniyyəti başqa dövrlərin mədəniyyətindən fərqli və özəl etmir. Müasir mədəniyyət, bütün zamanlarda müasir olaraq qalacaq, fərq yalnız ondadır ki, müxtəlif tarixi dövrlərin prioritetləri bir-birindən fərqlənir. Mədəniyyət azadlığa bənzərdir. Onun inkişafı üçün şərait yaratmaq lazımdır və bunun üçün hazır çıxış yolları mövcud deyil. Öz mahiyyətinə görə tənqidi olan müasir incəsənət həqiqət üçün bir “mayak”dır və onun sayəsində cəmiyyət poetik-analitik formada neqativ və pozitiv təzahürlərini görmək şansına malikdir.
Burada tənqid anlayışına tərif vermək lazımdır. Tənqid, yalnız emosiyaların subyektiv-neqativ coşması deyil, o, pozitiv meyilli obyektiv analitik fikirlər məcmusudur.
Hazırki zamanda real həyat hadisələrini özündə əks etdirməyən incəsənətə, məntiqi olaraq tələbat ola bilməz. Əgər bu və ya digər əsər real həyatla bağlı deyilsə, onun daxilində həyat da ola bilməz və o unudulmağa məhkumdur. Müasir həyatın kontekstində aktual fikirləri ifadə etmək və onu real vəziyyətə tətbiq etmək çox əhəmiyyətlidir.
Hər bir ideya real həyatdan götürülmüş müxtəlif incəlikləri özündə daşıyaraq, hər hansı problemin həlli olmadan və yalnız bu və ya digər məsələnin vizual formulasını geniş müzakirəyə çıxarır. Beləcə, hansısa bir dialoq başlayır, daha doğrusu, cəmiyyət və ayrıca götürülmüş şəxsiyyət səviyyəsində cəmiyyətə tamamilə başqa tənqidi baxış yaranır.
Yuxarıda qeyd edildiyi kimi, reallıqda hadisələr elə sürətlə cərəyan edir ki, incəsənət nə tarixi, nə də siyasi formatda onları anlamağa macal tapmır. Fakt və emosiyaların incəsənət əsərlərinə transformasiyası üçün isə zaman tələb olunur. Müasir incəsənətdə sənətkarlıq öz yerini incə zəkaya güzəşt edib və bununla müxtəlif incəsənət layihələrinin həyata keçirilməsi üçün qeyri-məhdud və çoxmənalı imkanlar açıb. Burada, real həyatda olduğu kimi hiyləgərlik dürüstlüyü və əxlaqsızlıq əqidə təmizliyini əvəz edir. Cəmiyyət və əqidə təmizliyi insanda yaradıcılığa təkan verir və onu işığa doğru aparır. Bəlkə də o heç zaman işığa çatmayacaq, amma işığa doğru hərəkət etmək özü də həyatı dərk etmək prosesidir.
İncəsənət əsərlərini yaradan insan sənətkar adlanır. Bu əsərləri yaradarkən, bütün peşəkarlar kənardan qəbul edilən səsləri, formaları, rəngləri və hərəkətləri interpretasiya edirlər. Amma burada ziddiyyətli suallar yaranır. Bu halda sənətkar termini nə qədər münasibdir? Axı insan özü Yaradanın mükəmməl əsəridir və onda necə olur ki, yaradılan – yəni insan, öz fəaliyyətini yaradıcılıq və özünü yaradıcı hesab edir? Yaradıcılığa istisna müəlliflik hüququ ona nə dərəcədə aid ola bilər? Məncə, həyata və incəsənətə açıq nəzərlə baxmağı bacarmaq üçün stereotiplərdən azad olaraq, real həyata ilk addımı atmaq lazımdır.
Rəssam öz imkanlarının hüdudlarını dərk etmək iqtidarında deyil və bununla belə, şüuraltı, həmişə öz idrakının inkişafı üçün yeni məkanlar açmağa davam edir. Müəllifin şüur və hisslərinin arasında əlaqənin qırılması onun yaratdığı əsərdə əks edilir. Bu real həyatla müəllif arasındakı məsafədir. Bəzən bu məsafə həyatı olduğu kimi hiss etməyə, onu təhlil etməyə, prosesi göstərməyə, olanı yekunlaşdırmağa cəhd etməyə imkan vermir. Bu həyatda baş verən mürəkkəb proseslərin bizim müasir adlandırdığımız mədəniyyət səviyyəsinə transformasiyası cəhdidir!
Cəmiyyətin tərəqqisi real həyatın gedişatında bilavasitə yaranmış aparıcı konseptual ideyalar və fəlsəfə ilə birbaşa bağlıdır. Sənətkarın, istər rəssam, heykəltəraş, rəqqas, şair, rejissor və ya başqa yaradıcı xadim olsun, əsərlərində təcəssüm olunan həyatla dolğun ideyalarla öz nöqteyi-nəzərini ümumi müzakirəyə çıxardıb ictimaiyyəti dialoqa çağıraraq aktual ola bilər. Belə səviyyədə müzakirələrdə mədəniyyətin, həm də xüsusilə incəsənətin, gələcək istiqaməti üçün oriyentirlər yaranır. Bu oriyentirlər və ya prioritetlər incəsənətin inkişafının əsas istiqamətini verir və faktiki olaraq mədəniyyətin uzunmüddətli inkişafının əsasını qoyur.
Bizim hamınıza məlumdur ki, müxtəlif müasir texnologiyalar sayəsində hadisələr onların dərk edilməsini sürətlə qabaqlayır. Hər yerdə kütləvi simasızlığın müdaxilə etdiyi kataklizmlər fonunda orijinal mədəniyyətlərlə baş verənlər neqativ və qarşısıalınmaz qlobal prosesin nəticəsidir. Dünya xalqlarının mədəniyyətlərinin varlığının simasızlaşdırılması, həm ayrıca götürülmüş mədəniyyət üçün, həm də bütovlükdə dünya mədəni irsi üçün itkisiz keçmir.
Uydurulmuş, yabançı, saxta – kütləvi mədəniyyətin ümumi tətbiq edilməsi yolu ilə yerli mədəniyyətlərin zorakı assimilyasiyası baş verir. İrs milli xüsusiyyəti müəyyən edir. Kütləvi mədəniyyət, mədəniyyətin orijinallığını silir. İnsanlar kütləvi mədəniyyəti şüurlu və ya şüursuz olaraq dəstəkləyirlər və beləliklə, potensial olaraq öz orijinallıqlarının unudulmasının təməlini qoyurlar. Orijinallığın silinməsi nəticəsində, insanların mənəvi həyatında nəsə bir əvəzedilməz boşluq yaranır. Soyuq səssiz divarla əhatə olunan boşluq və bizim dünyamızı əks hissələrə bölən çarəsizliklər.
Divarın bir tərəfi ziddiyyətli dünya KİV-nin bizə göstərmək istədiyi kimi, digər tərəfi isə reallıqda olduğu kimi görünür. Görünməyən divarın konsepsiyası çoxdan mövcuddur və əsasən ətrafdan, qəbul edilməyən dünyadan təcrid edilməyə xidmət göstərir.
Divar, əlbəttə, təhlükəsizliyin və sığınacağın illüziyasıdır, amma bu mükəmməl təbiətin real gücünə qarşı nə dərəcədə istifadə oluna bilər? Süni surətdə özünü mühitdən təcrid edərək təhlükəsizlik illüziyasını yaradan insan, faktiki olaraq, özündən gizlənir və ünsiyyətin çatışmamazlığı problemini həll etməkdənsə, onu daha da ağırlaşdırır.… Axı dünya birdir və təbiətdə hasar və divarlar yoxdur.
İnsan əlaqəni itirməmək və sadəcə yaşamağı öyrənməyi davam etmək üçün fasiləsiz onunla, yani təbiətlə təmasda olmalıdır. İnsanın əsas səhvi – daim təcrid olunmağa, təbiətdən uzaqlaşmağa can atmasıdır. Amma burada təcrid olunmaqla tənhalıq arasında fərqi görmək lazımdır. Özünə qapanma yox, daxili aləminə nəzər yetirmək lazımdır. Çünki, tənhalıq ruhun xeyrinədir və yaradıcılıqla birbaşa bağlıdır. Yaradıcılıq isə fərdi prosesdir, beləliklə, yaradıcı insan şüurlu olaraq və ya təhtəlşüur olaraq daimi tənhalıq axtarışındadır.
Tarixən insan özünü ifadə etmək üçün təsviri incəsənət, musiqi, rəqs və başqa vasitələrdən istifadə edib. Yaradıcılığın ən qədim formaları ayin mərasimləriylə və bizim günlərədək gəlib çatmış heykəl-totemlərlə bağlıdır. İnsanlar müxtəlif təbii materiallardan istifadə edirdilər ki, onların da arasında daş xüsusi yer tuturdu və hətta müəyyən tarixi dövr belə adlandırılmışdır.
Bu gün biz indiyə qədər qalmış, insan tərəfindən daşdan yaradılmış mənəvi və texniki təyinatlı müxtəlif tikililər görmək imkanına malikik. Yer kürəsində insanın yaranması anından, onun fəaliyyətinin bütün sferalarına ona xidmət edən daş ən qədim minerallardan biridir. Daş, Yer kürəsinin genetik kodu saxlanmış tarixin “sərt yaddaşıdır”.
İnsanlar həmişə daşdan istifadə edərək əmək alətləri yaradır, məbədlər, evlər, həmçinin müqəddəs hesab etdikləri qurbangah olan sitayiş obyektləri-totemlər ucaldırdılar. İnsan daşda müxtəlif obrazları əbədiləşdirib. Onların arasında o zaman müqəddəs hesab edilən heyvanların heykəlləri praktiki olaraq insanların həyatında xüsusi yer tutub.
Amma o vaxtdan çox şey dəyişib və indi məbədlər çoxalsa da, inam azalıb. İnsanlar daha az sevirlər və sevginin yoxluğu onların həyatında təcavüz, pislik, heyvani instinktlərin üstünlük təşkil etməsinə səbəb olub. Bununla yanaşı, hələ də sevən və yaradan insanlar qalıb. Onların yaratdığı əsərlər bizi bu dünyada çox şey haqqında düşünməyə vadar edir.
Belə yaradıcı şəxsiyyətlərindən biri Hüseyn Haqverdidir. Onun əsərləri tamaşaçıların qarşısında forma və rənglərin çoxmənalı dünyasını açır. Ali klassik rəssamlıq təhsilinə və çoxillik təcrübəyə malik olaraq Hüseynin yaratdığı əsərlər bizim qarşımızda onun zəngin çoxmənalı daxili dünyasını açır. Heykəl, qrafika və rəngkarlıq – bu sənətkarın geniş ideyalarını təcəssüm etdirməsi üçün istifadə etdiyi hələ bütün alətlər deyil.
Hüseyn Haqverdi yaradıcılığının çox hissəsini möcüzəli materiala – daşa həsr edən heykəltəraşlardan biridir. Daşa məxsus mahiyyətin təbiiliyinə və keyfiyyətinə peşəkar vurğunluğu səbəbindən rəssamı “daş heykəltəraşı” adlandırmaq olar. Sənətkar, sanki hər dəfə daşın yeni sirlərini açaraq bu materialla qırılmaz dialoqda olur. Hüseynin dediyinə görə, həyatın özü onun əsas ilham mənbəyidir. Həyat haqqında düşüncələr müəllifi onun paradoksları haqqında fikrə yönəldir. Beləcə, qrafika və heykəltəraşlıq əsərləri silsiləsi meydana çıxır. Burada müəllif, iki müxtəlif subyekti birləşdirib, nəsə arxitektonik yeni orqanizm yaratmağa çalışır. İnsana oxşadılmış arxitektura və ya arxitektonik insan obrazlarında insanın böyük meqapolisin gündəlik ritmlərinin təzyiqi altında qalması və insan tənhalığı probleminin müəllifin dərindən düşündürdüyü əyani görünür. Rəssam, sanki insan təbiətini həssaslıqla dərk edərək ona böyük şəhərin atmosferinin yad olduğunu anlamışdır. İnsanın təbiətdən uzaqlaşması prosesi çox əsrlər əvvəl başlamışdı. Paradoks ondadır ki, müxtəlif texnologiyaların mənimsənməsiylə, insan tədricən ona məxsus təbii mühitdən uzaqlaşmağa başlayaraq, nəticədə, hələ də tənhalıq dilemmasının üzərində düşünərək öz təkəbbürlü ideyalarının girovu olaraq qalır.
Həyatın gündəlik reallıqlarına məhəl qoymayaraq, Hüseyn insanın daxili dünyasının gerçəkliyinə üstünlük verir və həyat prosesinin mahiyyətinə dərindən nüfuz edir. O kəskin çevrələrlə və sərt siluetlərlə müxtəlif heykəllər yaradır və beləliklə, insana zorla qəbul etdirilən yolverilməz ümumi kütləvi saxta- mədəniyyətə qarşı öz etirazını vizuallaşdırır. Bunda müəllifin xarakterinin fərqləndirici xüsusiyyətlərindən biri – üsyankarlığı görünür və onun bədii obrazının ətrafında xarizmatik şəxsiyyətinin sirri yaranır. Yaratdığı obrazlar vasitəsilə müəllif bizə öz əhval-ruhiyyəsini və həyəcanlarını çatdırır. Onlar, sanki rəssamın ruhunun avtoportretləri kimi bizim qarşımıza çıxır. Heykəltəraş, daşın təbiətindən istifadə edərək, sanki zərif, yüngül zərbələrlə onun təbii bütövlüyünü pozur və xəyalən tamaşaçıya əsas ideyanı inkişaf etdirmək imkanı yaradır.
Yaradılmış obyektlə interaktiv əlaqədə olarkən tamaşaçı sənətkarın məxvi yaradıcı prosesində iştirak etmək fürsəti əldə edir. Beləliklə də, yaradıcılıq prosesini, müəllifi və tamaşaçını birləşdirən unikal bir anın şahidi oluruq.
ÇİNGİZ
layihənin kuratoru