10 Sen - 23 Noy 14
YAY Qalereyası böyük məmnuniyyətlə Azərbaycanda yaşayıb yaradan Əfqan rəssamı Reza Hazarenin Anesteziya adlı fərdi sərgisini təqdim edir.
Ağrı hissini azaltmaq, keçmişin kabuslarından azad olmaq və gerçəkliyin qorxularından uzaqlaşmaq arzusu Reza Hazarenin Anesteziya adlı ekspozisiyasının əsərlərində öz təcəssümünü tapdı. Anesteziya – öz hekayəsini danışan Əfqan rəssamının monoloqudur.
Formaları sadələşdirib diqqəti personajlara yönəldərək o, real həyatda artıq saydığı hər şeyi əsərlərindən yığışdırır. Rezanın qrafik işləri vizual baxımdan üstəlik texnika seçimi ilə də sadələşdirilir. Ağ kağız üzərində qələmlə, fonu doldurmadan işləyərək, rəssam ətrafda olan hər şeyin mənasızlığını göstərməyə çalışır. Hər şeyin – insan faktorundan başqa. Məhz insanlar rəssamın əsərlərinin əsas qəhrəmanlarıdır. Reza Hazarenin rəngkarlıq tabloları onun qrafik əsərlərinin bir növ davamı, növbəti mərhələsidir.
Heç kimi tənha görməmək arzusunda olan Reza öz əsərlərini fiziki mənada tənhalıqdan uzaq yaradır. Onun daxili tənhalığı ilə qidalanan personajlar, əsərlərindəki kollektiv səhnələrdə olmasına baxmayaraq tənhalıq hissini açıq biruzə verirlər. Adətən onun əsərlərində komozisiyanın bir küncündə yerləşdirilmiş bir qrup insan bütünü baş verənləri sanki kənardan izləyir. Bu bəlkə də özünəməxsus formada qeyri-iradi olaraq mental təbiətin özünün ifadəsidir. Rezanın əsərlərində açıq şəkildə Şərqin mədəniyyəti ilə əlaqə, əsatirlik, gizli məna və müəllifin həyat fəlsəfəsi hiss olunur.
2012-ci ilin sentyabr ayında təsis edilən YAY Qalereyası milli və beynəlxalq səviyyədə Azərbaycan müasir incəsənətinin dəstəklənməsi və inkişafı ilə əlaqəli YARAT Müasir İncəsənət Təşkilatının həyata keçirdiyi fəaliyyətlərinin bir istiqamətidir. YAY Qalereyası kommersiya təşkilatı sayılır fəqət mənfəət əldə etməyə çalışan təsisat kimi fəaliyyət göstərmir. İncəsənət əsərlərinin satışından əldə olunan bütün gəlirlər yalnız YARAT Təşkilatının fəaliyyətlərinin maliyyələşdirilməsinə və rəssamların dəstəklənməsinə istiqamətləndirilir.
Bu sərgi yerli sərgi proqramının bir hissəsini təşkil edir. Açıldığı gündən etibarən YAY Qalereyası gündəmində nəinki istedadlı beynəlxalq rəssamlarının əsərlərini, həmçinin Azərbaycan incəsənət xadimlərinin əsərlərinin nümayişi də mühüm yer tutur.