31 Okt - 01 Dek 14
DİALOQ
Hüseyn Haqverdi və Fariza Babayeva
F.B.: Biz, ömrümüzü yaradıcı bir aləmdə sürdürürük. Dünya bizim tərəfimizdən təkcə dərk deyil, həm də şərh edilir. Bəs sizcə, heykəltəraşın interpritasiyasında əsas olan nədir?
H.H.: Əsas olan materialdır. Material öz-özlüyündə hadisələrin gedişatını diktə edir və material hiss etmək qabiliyyəti bu və ya digər heykəlin plastik ideyası ilə bağlı inkişaf istiqamətini müəyyənləşdirir.
F.B.: Plastik fikir necə yaranır?
H.H.: O, yaranmır, bizdən asılı olmadan mühitdə mövcuddur. Hər bir kəs onu yaşadığı mühitin dəryasına bənzər biçimdə qırmağa düşən bir balıq kimi tutur və anlamağa çalışır. Plastik fikrin formalaşması nəyə bağlıdır? O, əsrlərlə toplanan təcrübəyə, süzgəcdən keçirilən səriştə ilə fərdi biliyə əsaslanaraq,özünü mühitdən seçib çıxartmaq qabiliyyətindən yaranır.
F.B.: Özünü mühitdən seçib çıxartmaq nə deməkdir?
H.H.: Bu müşahidə etmək və müşahidələrin arasından özünü tanıyıb tapmaqdır. Eyni mühit içərisində olarkən tamamilə müxtəlif şeyləri müşahidə etmək və fərqli təəssüratlar əldə edərək, cürbəcür emosiyalardan yaranmış olan özünü əldə edə bilərsən. Axır 20 il ərzində mən hər gün pəncərəmdən İçəri Şəhəri və Şirvanşahlar Sarayını görürəm. Bir gün isə bu sarayı əsərlərimdə heç vaxt canlandırmadığımı düşündüm. Lakin sonra başa düşdüm ki, bu saray, bu məkan demək olar ki, mənim bütün əsərlərimdə mövcuddur. İçəri Şəhərin tamamilə aydın, dəqiq və qrafik silueti beynimdə sanki möhürlənmiş bir halda mövcud olaraq, müxtəlif sonsuz konbinasiyalar halını alır. O, sanki mənim mövzularımı inkişaf etdirməyimə təkan verən gizli bir şifrədir.
F.B.: Müşahidə etmək başqa , təbiətin quruluşuna, materialla (burda söhbət daşdan gedir) işə başladıqda müdaxilə etmək isə tam fərqli bir şeydir.
H.H.: Müdaxilə etmək? Mən bunu başqa cür adlandırıram: “Dialoq” qurmaq. Daşlarla dolu bir həyətə daxil olduqda əvvəlcədən nə edəcəyimi təsəvvür edə bilərəm, ancaq mənim təsəvvürümdəki iş prosesi özünü doğrultmaya da bilər. Daşa toxunduğum andan etibarən hadisələrin gedişatı tamamilə başqa tərzdə cərəyan edə bilər. Bu, mənim daşa əllərim dəyərkən onun təbii halını qoruyub-saxlamağa cəhdimlə bağlıdır. Beləcə, mən daşın təbii arzularını anlamaya, onu ortaya çıxartmağa çalışıram.
F.B.: “Daşın arzularını hiss etmək”... Bu ifadədə, sanki, ədəbi bir qəlizlik var...
H.H.: Razıyam, bu ifadəmdə bir qədər fantaziya, xəyalpərəstlik var sanki. Ancaq mənə elə gəlir ki, hər bir daş öz daxilində yalnız rəssamın görə biləcəyi bir gizli məna daşıyır. Bu mənanı hər bir rəssam fərqli şəkildə görür. Mən daşın bir, başqası isə digər xüsusiyyətini açmağa qadirdir. Bu materialdır, lakin təbiətin bir parçasıdır. İnsan isə təbiətdən çox şey öyrənir.
F.B.: Bəs,Hüseyn Haqverdinin təbiətdən öyrəndiyi nədir?
H.H.: Kainatı yaratmağı öyrənirəm. Dialoqa girərkən mən “öz mühitimi” yaratmaq oyununa başlayıram. Ətrafımda hər birinin öz məramı olan müxtəlif daş kəsimləri var. Bu məramları anlamağı çox istəyirəm. Daşlardan birinin üzərində kəsik açan kimi digərinə keçirəm. Beləcə, daşlarla söhbətim baş tutur və kiçik bir daş kainatı peyda olur. Bu daşlar bir-birilərini tamamlayıb bütövü yaradırlar. Onların təmaslarını, ünsiyyətlərini gördükcə başa düşürəm ki, dialoq baş tutub.
F.B.: O anda da kainat yaranır?
H.H.: Bəli, məhz o anda yaranır...
F.B.: Bu məqamda Ken Uilberin sözləri yada düşür: “Böyük partlayış onun haqqında fikir irəli sürən hər bir kəsi idealistə çevirir. Əvvəl heç bir şey yox idi, sonra isə Partlayış baş verdi. Beləcə də varlıq peyda oldu”. Əslində, bu dərk ediləsi çox qəliz bir şeydir. Boşluqdan forma necə yarana bilər? Fikir harada yekunlaşır və fəaliyyət hansı məqamda başlayır?
H.H.: Bu məqamı, yəni hərəkətin təkan aldığı anın nə zaman baş verdiyini tutmaq çox çətindir. Ancaq elə bir an var ki, o zaman sən materialı görür və onunla söhbətə başlayırsan. Məhz bu məqamda sən nəyisə dərk etməyə doğru açılırsan. Bu sanki, qısa bir qapanma anıdır. Materialın və sənin iştirak edəcəyin zəncirvari hadisələr gedişatında bir qısa qapanma anı. Daş təbiətin bir parçasıdır. O da insan kimi uzun bir inkişaf və intibah dövrü yaşayır. Məhz buna görə də onun oxuyub anlamağa layiq olan bir tarixçəsi var. Bu tarixçəni anlamağa çalışarkən onun təbii məğzini zədələmədən qorumağı bacarmaq lazımdır. Sən daşı hiss etməyə başladıqca, onun keçmişi, indisi və gələcəyi üzə çıxmağa başlayır. Və bu əsnada sən yalnız sənə məxsus bir əsər yaradıb, improvizasiya edib, eksperimentlər həyata keçirdə bilərsən.
F.B.: Yəni, sən Martin Heideggerin “Varlıq və zaman” fəlsəfəsində vurğuladığı “insanın özü özünün varlığında mövcud olma fikrinə” əməl edirsən? Bu axı birdən-birə baş verə bilməz və eksperiment uzun bir hazırlıq mərhələsi keçməlidir. Mən son qrafik işlər silsiləsini nəzərdə tuturam. Demək olar ki, onların hamısı daş haqqında mülahizələrdən ibarətdir. Belə olan halda səncə, biz deyə bilərik ki, qrafik işlər fikrin özü, daş üzərində iş isə fəaliyyətdir?
H.H.: Rəsm elə özü də bir fəaliyyətdir. O, həm də sonrakı bir fəaliyyətin başlanğıcıdır. Məncə, bu proses bir- biriylə sıx şəkildə bağlıdır. Qrafik əsərlər silsiləsi daşla işdən xəbər verir. Qrafikadakı tapıntılar daşda özünü büruzə verir və irəlidə təkrar qrafik çalışmalara yol açır. Məncə, “fikir” və “fəaliyyət” məfhumlarını bir-birindən ayırmaq olmaz. Biri digərini törədir, tamamlayır və eksperimentlərə yeni imkanlar açır. Buna görə də hansının nə “zaman” başlayıb, hansınınsa “bitdiyini” düşünmək mənasızdır. Bu proses tükənməzdir.
F.B.: Deməli, sərgini yaradıcı prosesin nəticəsi kimi qiymətləndirmək düzgün deyil?
H.H.: Əlbəttə! Sərgi uzun proseslər toplusunun içindən qoparılan bir mərhələdir. Bu, öz konsepti olan,müəyyən kuratorlar, sənətşünaslar tərəfindən dəyərləndirilən bir şou, təqdimat proqramıdır. Lakin bunlar heç biri bütün prosesi əks etdirmə iqtidarında deyil. Sərgini, müəyyən mənada, qapıda olan kiçik bir qıfıl dəliyinə oxşatmaq olar. Bu dəlikdən biz böyük bir prosesin yalnız kiçik bir fraqmentini müşahidə edə bilərik.
F.B.: Bəs incəsənət həqiqətini harada axtarmalıyıq?
H.H.: Nəyisə tam deməməkdə, gizli məqamların qalmasında. Məhz qəti müəyyənliklərdən qaçdığın zaman, sənin şəxsi dialoqun üçün yol açılır. Həqiqəti uyduran bizik, təbiət deyil. Biz isə haqqında çox az şey bildiyimiz bu təbiətin bir hissəsiyik. Məncə, incəsənət bu biliyin daimi axtarışı naminə bizə bəxş edilmişdir. Məhz buna görə də incəsənətdə həqiqət cavab deyil, bu cavabın axtarışında yaranan yeni və yeni suallardır.
FARİZA
BABAYEVA