26 İyn - 05 Okt 15
Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.
Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda (Azərbaycan) anadan olub. Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib (2012) təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Əsasən, instalyasiya texnikasında çalışır, ancaq həmçinin rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. Dünyanın müxtəlif yerlərində keçirilən bir çox qrup sərgilərində iştirak edib, o cümlədən: 16-cı Şarja İslam İncəsənət Festivalı, Şarja İncəsənət Muzeyi (Şarja, Birləşmiş Ərəb Əmirlikləri, 2014). Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb yaradır.