10 Sen - 23 Noy 14
Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənəçilik və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq etdi. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanı oldu. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir.
Bu böhranın nəticələrindən biri qaçılmaz mühacirət idi. Mənim mənsub olduğum nəsil bizim aid olmadığımız qürbət ölkələrdə doğulub boya-başa çatıb və həmin ölkələrlə heç bir əlaqəyə malik deyildi. Misal üçün, İranda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş hüquqlarına sahib deyil. Həmçinin, bu insanlar öz Vətənində-Əfqanıstanda da qəbul olunmur, çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb, fərqli mədəni dəyərlərə malik olan insanlar sayılır. Bizim üçün dəhşətli yuxu kimidir: hansı cəmiyyətə mənsub olduğumuzu bilmirik.
Müharibədən sonrakı dövrdə yaşayan insanlar illərdir ki, qaçqın statusu ilə həyat sürürlər, çox zaman həyatlarını yenidən, sıfırdan başlamağa məcbur olurlar, yeni ixtisaslara yiyələnməli və kənar təzyiqlərə tab gətirməlidirlər. Yaşadıqları ölkələrdə əsas vətəndaş hüquqlarına malik olmamaları və ailələrindən ayrılmaq məcburiyyəti həmin insanları xaos vəziyyətinə sürükləyir. Siyasi və sosial çətinliklərlə rastlaşdığı zaman, bu insanlar özlərini yalnız və təcrid olunmuş hiss edir və ətraflarında cərəyan edən hadisələrə biganə yanaşırlar. Həyat ilə məyus olmuş apatik insan, həyatında dəyişikliklər etmək üçün stimul görmür. Bundan əlavə, insan fikrində olan paradokslarda və gözlənilməz hadisələrdə insanların müxtəlif situasiyalara reaksiyaları fəlakətlərə gətirib çıxardır. Bəzən insanlar reallığı öz arzuları ilə əvəz edirlər. Lakin bütün bunlar sikl effektinə malikdir.
Belə sosial – iqtisadi təzyiq və təhqirlər Əfqan psixikasına böyük təsir göstərmiş oldu. Özünə hörmətin olmaması və milli identikliyin pozulması Əfqan psixikasının müxtəlif qatlarına daxil olaraq onun ümumi şəkildə formalaşmasına təsir göstərib. Qeyd etmək vacibdir ki, bu situasiya qurbanların özlərinin fanatizmi, xurafat və ehkamları nəticəsində mürəkkəbləşir. Zaman keçdikcə, Əfqan qaçqınları da özlərini ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda doğma ölkələri viran olduğundan və oraya qayıtmaq imkanları olmadığından mənlik hisslərini tədricən itirir. Əfsuslar olsun ki, belə bir biganəlik həyatlarında ağır vəziyyətlərin öhdəsindən gələn insanlarda da müşahidə olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son nəticədə bəzən onları yenidən zülmətə düçar edir.
Reza Hazare