13 İyn - 27 İyn 14
NUDA VERITAS
Sovet rejimi dövründə çılpaq insan bədənini təsvir edən rəssam dekadent böhranının enişlərində itmiş və ideoloji pafosun əksinə hərəkət etməkdə ittiham olunmaq riski ilə üz-üzə idi. Lakin buna baxmayaraq yaradıcı insanlar bədəni təsvir edərək bəzən ona ümumiləşdirilmiş və ikili məna daşıyan ad verərək çılpaq natura adlandırırdılar və sanki bununla akademik rəsmin məcburi proqramını elan edir və formal olaraq eros və hissiyyatlılığa hər hansı bir eyhamı rədd edirdilər. O dövrdə müəyyən cəmiyyət və xalqın estetik şüurunun formalaşdırılmasına yönəlmiş dövlət ideologiyasının qarşısında duran vəzifə inkişaf və gender bərabərliyinin təbliğatını tələb edirdi. Sosializmin və irəlidən gələn kommunizmin çiçəkləndirilməsində kişilərlə bərabər iştirak edən işçi, kolxozçu qadın obrazı ideal olaraq təqdim olunurdu. Lakin eyni zamanda rəssamların işini çətinləşdirən digər bir reallıq da mövcud idi – bu reallıq qadının tamamilə başqa şəkildə təqdim edildiyi və ictimai səhnədə aparıcı rola malik olmadığı patriarxal şərq ənənələri çərçivəsində inkişaf edirdi.
NUDA VERITAS layihəsinin kolleksiyasındakı ən erkən iş 1974-cü ilə aiddir – idmançı qadının ekspressionist təsviri, – Əşrəf Muradın kifayət qədər böyük olçülü (210 x 146 sm) kətan üzərindəki işi. O, təqdim edilmiş digər rəssamlarla – Cavad Mircavadov, Rasim Babayev və Kamal Əhməd ilə birlikdə özünəməxsus vətəndaş mövqeyini əks etdirərək, sovet senzurası çərçivəsində son modernizmi dərk edərək verilmiş kontekstdə incəsənətdə liberallaşdırma ismarıcları verən azsaylı insanlardan olmuşdur. Həmin dövrdə qeyri rəsmi incəsənət sosialist realizmin ideoloji incəsənətində əks reaksiyalar doğururdu, həmçinin siyasi görüşlərdən uzaq olan qərb incəsənətindəki prosseslərə fərqli rəssamlıq təcrübəsini təqdim edərək bağlılıq yaradırdı. Keçmiş Sovet Respublikalarının dissident mədəniyyəti ekzistensial problemlərin mövcudluğunu etiraf edir və rəsmi rejim tərəfindən inkar olunan dəyərləri gündəmə gətirirdi.
Şəxsi məkanda baş verən fərdi həyəcanların nümayiş edilməsi öz-özlüyündə müxalif bir hərəkət kimi təqdim olunurdu. Bu mənada subyektiv baxışı, fərdi təcrübə və materiyanın hələ də gizli qalan imkanlarını ifadə edən mediya olaraq insan bədəninə göstərilən maraq həqiqətin özünəməxsus tərzdə təmsilçiliyinə gətirib çıxarırdı.
Bu proses perestroyka adını almış dövr və 1990-cı illərin eyforiyası zamanı daha açıq, axtarışlar isə daha çoxşaxəli olmuşdur, belə ki, Altay Sadıxzadənin əsərlərində təsvir edilmiş bədən işlərin yaradıldığı dövr ərzində çox aktual olan bir vəziyyəti – şüuraltı enerjinin üstünlüyünü ümumi şəkildə nümayiş edir; Hüseyn Haqverdi arxetipik lakonizmi əks etdirir; MirNadir Zeynalovun əsərlərindəki forma axtarışı bədəni autentik kontekstlə bağlayır; Sabina Şıxlinskayanın əsərlərində xəttin plastikası introvert dərinliyi təcəssüm edir; Eldar Qurbanın kətanında fantastik və rasional olan rəssamın qadın təbiəti barədə mühakimələrini əks etdirən vahidə çevrilir.
Karyeralarına sovet rejimində başlamış və ölkə və cəmiyyətin transformasiya dövrünün bütün çətinliklərini keçmiş bu nəslin təmsilçilərinin – hazırda fəaliyyət göstərən rəssamların – yaradıcılığını birləşdirən məqam onlardan hər birinin senzura və ya nisbi fəaliyyət azadlığı şərtləri daxilində özünün konseptual baxışa və proseslərə spesifik münasibətə malik olmasıdır. Onlar rəssam baxışlarını ifadə edən çoxsaylı mediya növlərindən biri olan insan bədənini artıq digər şərtlər daxilində və başqa cür təqdim edirlər. Bu cür yenilikçi yanaşma özü özlüyündə dəyişmə və yeni təcrübələr astanasında olan auditoriyanın qadın bədənini qavraması ilə bağlı yeni suallar yaradırdı: Bu yeni qadın kimdir? Post Sovet dövrünün dağıntıları içərisində kök salmış quruluşun çökməsi, ziddiyyətlər və ideal axtarışlarından yaradılmış simvol nəyi əks etdirə bilər ki? Sərgi iştirakçılarının işlərində təsvir edilmiş qadın bədəninin bu cür zəngin forma və xətt müxtəlifliyi öz başlanğıcını haradan götürür?
Bu və ya digər suallara yalnız NUDA VERITAS layihəsinin iştirakçısı olan, müxtəlif nəsl, stil və dünyagörüşünün təmsilçiləri olan rəssamların dünyasına səyahət etməklə cavab tapmaq olar. Onlardan hər biri özünəməxsus konseptual baxışın müəllifidir və həyatın incəsənətlə kəsişməsi zamanı yaranan prosesləri spesifik şəkildə qavrayır. Həqiqət haqqında sonsuz müzakirənin daimi metaforası kimi insan bədəni fenomeni ilə bağlı özünəməxsus açıqlıq və səmimiyyət keyfiyyəti yaradır.
Samira SEFİ
Sərginin kuratoru