Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: YOXLANILIB MİNA YOXDUR, QRUP SƏRGİSİ

07 Dek - 27 Apr 24

YARAT Müasir İncəsənət Məkanı 6 Azərbaycan rəssamlarının “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisini təqdim edir.


VİRTUAL TUR


Sərginin açılışı: 7 dekabr 2023, saat 19:00.

Açılış gününün paralel proqramı: Vüsal Rəhim və Xanlar Qasımovun performansı

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi


Ekspozisiya Xanlar Qasımov, Orxan Hüseynov, Elturan Məmmədov, Kamilla Muradova, Vüsal Rəhim və Sabina Şıxlinskayanın YARAT-ın sifarişi ilə hazırlanan performans, videoinstalyasiya və qrafika əsərlərini bir araya gətirir. Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edərək, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır.  

“Yoxlanılıb, mina yoxdur!” sərgisinə giriş mina sahəsinə bənzəyən ərazidən başlayır. Nyu-Yorkda yaşayıb-yaradan azərbaycanlı rəssam Xanlar Qasımovun yaradıcılıq yanaşmasının əsasında duran “insanları gözlənilməz hallara salmaq” formulunu bu sərgi üçün hazırlamış video performansında da tətbiq edərək, tarixi yaddaş, torpağın “yaddaşı” və mədəni irs mövzularına səslənir. Torpağın və ya məkanın yaddaşı mövzusuna rəssam Kamilla Muradova da müraciət edib. O, şəxsi hekayəsi əsasında yaradılmış, lakin kollektiv yaddaşda formalaşmış stereotip düşüncələrdən bəhs edən qrafikalar silsiləsi ilə ekspozisiyanı davam etdirir. Təhlükəsiz, canlı və ekoloji təmiz gələcək ideyalarını Vüsal Rəhim öz performansında vurğulayır. Bu gələcəyin əsasını təşkil edən mühüm amillərdən biri minalardan təmizlənmiş ərazilərin əhəmiyyəti multidistiplinar rəssam Orxan Hüseynovun taxta oymalarında səslənir və təhlükəsizlik probleminin həm ekoloji, həm də sosial konstekstdə miqyasını tamaşaçının diqqətinə çatdırır. Bu fikrin davamı olaraq, Elturan Məmmədov 8-kanallı videoinstalyasiyasında, yaradıcılığına xas olan lokal xüsusiyyətlər üzərində qurulmuş postfaktum sosial reaksiyaları əks etdirir. Sabina Şıxlinskayanın multimedia əsəri irs məzmununu davam etdirərək, mədəni soyqırımdan (etnosid) bəhs edir və Qarabağ Xan Sarayı nümunəsində “təhlükəsiz gələcək” və “gələcəyə olan ümid” mesajını verir.

Sərgi, müharibə dəhşətlərinə sinə gəlmiş və daha da güclənən cəmiyyətdən söz açır – sülhə can atmağın təkcə kollektiv istək deyil, həm də gerçəklik olduğunu nümayiş etdirməyə istiqamətlənib. Şəxsi hekayələr, araşdırmalar və tarixi artefaktlar vasitəsilə sərgi yeni tarixin yaradılmasında, habelə zorakarlıqdan uzaq azad gələcəyin formalaşdırılmasında barışığın, əməkdaşlığın və mərhəmətin rolunu diqqətə çatdırır.

P.S. Ermənistanın işğalı nəticəsində minalar Azərbaycanda əsas təhlükələrdən birinə çevrilib və bu gün ölkəmiz dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabrından indiyədək 300-dən çox Azərbaycan vətəndaşı mina terroru nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu terror fundamental hüquq normalarını pozaraq, həm də həssas sülh mövzusuna/arzusuna kölgə salır. Müharibənin bitməsinə baxmayaraq, partlayan minaların böyük əksəriyyəti 2020-ci ildən sonra istehsal olunmuşdur. Minalanma təkcə insanlıq əleyhinə cinayət deyil, həm də ekologiya və mədəni irsə qarşı olan bir mexanizmdir.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.


Redaktorlar üçün qeydlər:

Sərginin tarixləri: 7 dekabr 2023 – 27 aprel, 2024

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00


RƏSSAMLAR HAQQINDA

Orxan Hüseynov
(d.1978, Bakı) 1995-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin keramika üzrə dizayn fakültəsini, həmçinin 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keramika üzrə dizayn fakültəsini (bakalavr) və 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi və nəzəriyyəsi fakültəsini (magistr) bitirmişdir. Orxan Hüseynovun təcrübəsinə rəngkarlıq, instalyasiya, video və digər medialar daxildir. Onun yaradıcılığının əsas mövzusu Azərbaycanın xalq ənənələrinə və tarixinə fokuslanır. Mədəniyyət, incəsənət, məişət, abidələr və ənənəvi oyunlar onun əsərlərində xüsusi yer tutur. Son illər rəssam süni intellekt vasitəsi ilə bir çox əsərlər yaradıb. Rəssamın əsərləri Türkiyə, Gürcüstan, Serbiya, Çexiya, Rusiya, Fransa, Almaniya, Danimarka, Polşa, İsveçrə, BƏƏ və Böyük Britaniyada beynəlxalq səviyyədə sərgilənib o cümlədən: “Yeddinci tənhalıq” (YARAT Mərkəzi, Bakı, 2023); “Metakod” (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, 2022); “Əsəd Bəy: Məşəqqəti-həyat” (Şirvanşahlar Sarayı, Bakı, 2022); “Extensions.AZ: Məxməri etiraflar” (Triumf Qalereyası, Moskva, 2019); “The Watchers” (The Shelley & Donald Rubin Fondu, Nyu-York, 2019); “Bahith (axtaran)” (Gazelli Art House, London, 2019); “Əziz sevgilim” fərdi sərgi (YARAT Mərkəzi, Bakı, 2017) və s. 2014-cü ildə o, Londonda yerləşən Delfina Fondunun rezidenti olub.


Elturan Məmmədov (d. 1990, Oğuz) müasir Azərbaycan rəssamları nəslinin nümayəndəsidir. Onun incəsənət fəaliyyəti fotoqrafiya ilə başlayıb. Yaradıcılığında milli mədəniyyəti tədqiq edərək, insanın müxtəlif ictimai hadisələrdə mövqeyini araşdırır. Video, instalyasiya, səs sahələrində özünü sınayan rəssam lokal mentallıq və sosial mühit mövzularına da toxunur. Rəssam bir çox yerli və xarici sərgilərin iştirakçısı olmuşdur: “Sovereignty Reimagined” (“Maenad” kollektivinin təşkili ilə, Nyu-York, 2023); “İncə müşahidələr” səyyar qrup sərgisi (Saatlı; İsmayıllı, 2023); “Ac sənətçi” (Höte Mərkəzi, Bakı, 2023); “The war in Ukraine: spaces of solidarity, spaces of anti-imperialism” (A.D.A. Pulawska Mərkəzi, Polşa, 2022); “Behind the scenes of the empire” (Centrum Kultury Zamek, Polşa, 2022); “ÖN SÖZ – ON SÖZ” (YARAT Mərkəzi, Bakı, 2021); “Things we sense about each other” (Baden İncəsənət Birliyi, Almaniya, 2021); “Müvafiq tədbirlər” fərdi sərgisi (ARTIM, Bakı, 2020); Tbilisi Foto Festivalı (MoMA, 2019); “Nə hərb, nə sülh” (ARTIM, Bakı, 2017); “Dəniz və dağlar arasında” (YAY Qalereyası, Bakı, 2017); “Müqavimət haqqında 300 söz” (YARAT Mərkəzi, Bakı, 2016); “Təəccüblənmək, Təəccübləndirmək” (ARTIM, Bakı, 2016); “Konfet dağlar və neftli sahillər” (Perm, 2015).


Vüsal Rəhim (d. 1987, Gəncə) 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Teatr-dekor sənəti” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan Vüsal Rəhim elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin müxtəlif teatrlarında bir sıra tamaşaların quruluşçu rəssamı olub. 2021-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş rəssam vəzifəsində çalışır. Rəssam əsərlərində sosial gözləntiləri və gender rollarını təhlil edərək mədəni yaddaşın dərinliklərində gizlənmiş amilləri işıqlandırır. Vüsal Rəhim Azərbaycan, Gürcüstan, Fransa, Türkiyə, ABŞ və Rusiyada keçirilən qrup sərgilərdə iştirak edib: “Çəhrayı-Qara” (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, 2023); “O” (Bakı Müasir İncəsənət Muzeyi, 2022); “ÖN SÖZ – ON SÖZ” (YARAT Mərkəzi, Bakı, 2021); “Nurcan”, fərdi sərgi (ARTIM, Bakı, 2018); “Sən məni anlamırsan” (ARTIM, Bakı, 2017); “Konfet dağlar və neftli sahillər” (Perm, 2015) və s.


Xanlar Qasımov (d. 1964, Bakı) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, həmçinin Azərbaycan Dövlət və Mədəniyyət Universitetini heykəltəraşlıq üzrə bitirib. Hal-hazırda ABŞ-da yaşayır və Paier İncəsənət Kollecində (Konnektikut) pedaqoji fəaliyyətlə məşğuldur. O, əsasən incəsənətin insan şüuruna necə və hansı formada təsiri, habelə insan dərrakəsinin incəsənətin köməyi ilə necə genişləndirə biləcəyi prosesi araşdırır. Əsərləri Rusiya, Kanada, İsveçrə, Polşa, Norveç, Böyük Britaniya və ABŞ-da keçirilən qrup sərgilərdə nümayiş etdirilib: “Tənqidi və poetik düşüncə” (Quinnipiac Universiteti, ABŞ, 2012); “Bodhi” (Gazelli Art House, London, 2012); “Under Influence” (Phillips auksion evi, London, 2012); “Gold giveaway”, sosial layihə (Nyu-York, 2012); Venesiya Biennalesi (2011). Rəssam Boston yazıçıları, XXVI Yay Olimpiya oyunlarının idmançıları və bir sıra ABŞ-ın siyasi xadimlərinin heykəllərinin, həmçinin Klivlend Mədəniyyət Parkının Azərbaycan guşəsində ucaldılan “Ürək” abidəsinin müəllifidir. Onun əsərləri Mashantucket Pequot Muzeyi, Madam Tüsso Muzeyi və s., həmçinin Nyu-York, Toronto, London, Moskva, Cenevrə və Antverpendə şəxsi kolleksiyalarda saxlanılır. Xanlar Qasımov son illərdə qlobal ekoloji layihələr üzərində çalışır. 


Sabina Şıxlinskaya (d. 1962, Bakı) rəssam və müstəqil kurator. 1980-ci illərin əvvəllərində V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbinin “Monumental” fakültəsində oxusa da, sovet ideoloji sisteminin yaradıcılığa təsiri səbəbindən oranı bitirə bilməyib. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində təhsilini başa vurub. Öz erkən modernist əsərləri ilə yaxşı tanınan rəssam, 1990-cı illərdə konseptual müasir incəsənətə keçir. O, bir çox sərgilərdə iştirak edib: “Ac sənətçi” (Höte Mərkəzi, Bakı, 2023); “5ta Bienal de Montevideo” (Uruqvay, 2023); “Müharibə dumanı” (Höte Mərkəzi, Almatı, 2023; Tbilisi, 2023; Bakı, 2022); “Le Biennali Invisible”, onlayn sərgi (2020); “Təhlükəli qırmızı”, fərdi sərgi (Casa delle Letterature, Roma, İtaliya, 2016); “Yaddaş və davamlılıq” (Pera Muzeyi, Pumas Kabakçı kolleksiyası, Türkiyə, 2016) və s. 1993-cü ildən etibarən, Sabina Şıxlinskaya, həm Azərbaycan, həm də xarici platformalarda keçirilmiş 80-dən çox sərgi və layihənin kuratoru olub. 2007-ci ildə o, 52-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanın 1-ci pavilyonunun kuratoru olmuşdur.


Vizual rəssam Kamilla Muradova (d. 1978, Bakı) 2000-ci ildə Milli Aviasiya Akademiyasının mühəndis-mexanik ixtisası üzrə, 2022-ci ildə isə Moskvada yerləşən Rusiya Müasir İncəsənəti Ali Məktəbinin “Rəssamlıq” fakültəsini bitirib. Müasir rəngkarlıq, habelə qrafikanın müxtəlif janr və formaları ilə işləyən Kamilla Muradova hal-hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq proqram çərçivəsində rəssamlıq üzrə dərs deyir. Rəssamın müxtəlif mövzulu əsərləri şəxsi kolleksiyalarda saxlanılır. O, bir çox sərgi və festivalların iştirakçısıdır: “Avtoqraf 2” (Bakı, 2023); “Fantaziya” festivalı (Beynəlxalq Muğam Mərkəzi, 2022); Nizami Gəncəviyə həsr olunmuş simpozium (Zirə Eko Park, 2021); “Simurq” musiqi festivalı (Bakı, 2021); “Qarabağ Azərbaycandır!” (Azərbaycan Dövlət Akademik Filarmoniyası, 2020); “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə” (Bakı, 2019); “Niderland Azərbaycan rəssamlarının gözü ilə” (Bakı, 2018); “İsveçrə Azərbaycan rəssamlarının gözü ilə” (Bakı, 2018) və s.

Yüklənir