Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: EKİNOKS QRUP SƏRGİSİ

07 Dek - 27 Apr 24

YARAT Müasir İncəsənət Məkanı, gürcü rəssamları Qia Edzqveradze, Tamara K. E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin bu yaxınlarda ərsəyə gətirilmiş və son illərin əsərlərindən ibarət “Ekinoks” adlı yeni qrup sərgisini təqdim edir.


VİRTUAL TUR


Açılış: 7 dekabr, 2023 / Saat: 19:00

Performans: 19:30

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi


“Ekinoks” (lat. “aequinoctium” – “bərabər gecələr”) multidistiplinar sərgisi, insan identikliyinin dərk edilməsinin təməl prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə qədər lokal və qlobal perspektivlərdə şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamını bir araya gətirir.

Sözügedən sərgi layihəsi, müəyyən fərdi və kollektivi (və ya əksinə, kollektivi və fərdi) bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin kollektiv təcrübəyə, habelə onun dəyişən zaman kəsiklərinə təsirini ortaya qoyur. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub; burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan prosesində) nəzərdən keçirilir.

Sərgidə təqdim olunan araşdırma, tanınmış gürcü mütəfəkkiri Merab Mamardaşvilinin Tbilisi Dövlət Universitetinin incəsənət və humanitar elmlər fakültəsinin tələbələrinə (1984-1985) oxuduğu bir sıra mühazirələri üzərində qurulub. “Yolun psixoloji topologiyası” (1997) adlı silsilə mühazirələrdə, Merab Mamardaşvili, zaman və həyatı, Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanına əsaslanan diskursun mərkəzi mövzuları kimi istifadə edib. Sərginin adı, məhz Mamardaşvilinin “Bərabərlik nöqtəsi” mühazirəsindən götürülüb. Burada gecə və gündüzün qarşılıqlı təsirinin nümunəsi qismində şüurun ifadə tarazlığının əldə edildiyi məkanı təsvir edir.

Sərgi, kəpənəyin daxilində baş verən qarşıdurma vasitəsilə metamorfozu təsvir edən simvoldan başlayır və pupun öz qanadlarını açması üçün sərf etdiyi səy və zamana istinad edir. Daha sonra, sərgi layihəsi bu yola sövq edən amilləri aşkara çıxarır ki, burada kollektiv yaddaş və təcrübə mühüm əhəmiyyət kəsb edir. Burada həmçinin dualist prinsip vurğulanır. Bir tərəfdən, geosiyasi dəyişikliklər, mədəni müşahidələr, keçmişlə əlaqə və onun zamanla transformasiyası mənsubiyyət hissinin baş qaldırmasında vacib rol oynayır. Digər tərəfdən isə, identikliklərin qloballaşma və texnoloji dəyişikliklərə cavab olaraq transformasiyası və metamorfozlara məruz qalması, şüurun təməl prinsiplərini dəyişir. Beləliklə, yeni formalar ərsəyə gəlir və yaddaşa olan zərurət öz aktuallığını itirir, mədəni mənsubiyyət fenomeni isə absurd görünür.

Sərginin ikinci hissəsi “kontinuum” anlayışını, insan şüurunun yol keçdiyi sistemi araşdırır. İşığın arxitekturasını öyrənməklə (qara üzərində sarı çalar), məlumatların şüurda dərketmə (qavrayış) fenomeninə istinad edilir (işıq və ya təəssüratın qavrayışına gəlincə, qəbul edən şəxsin əsas şəraitləri qaranlıq və boşluğa əsaslanır) və nisbilik nəzəriyyəsindən istifadə etməklə, zamanın qavrayışının şərtiliyi, insan və kollektiv şüurun miqyası müəyyən edilir. Elə bu prinsip dünyadakı təkrarlanan kütləvi prosesləri müəyyən edir. Məhz bu aspekt ilə, təkrarlanan çalarlara qarışmaqla və ya fərdi fəaliyyətin irəli gəlməsinə təkan verən fərqli, vahid yol formalaşdırmaqla, fərdi və kollektiv şüur arasında qarşıdurma baş verir.

Sərginin kulminasiya nöqtəsi, yalnız şəxsi səylər vasitəsilə gerçəkləşən xarici aləm üçün anlaşılmaz və keçilməz məkanı ifşa edən “əks diskurs” vasitəsilə  əldə edilir; bu məkan isə, öz növbəsində, zamanın yeni formalarını və dəyişikliklərini törədən kollektiv şüurun strukturu üçün katalizatora çevrilir.


Sərginin kuratorları Tamuna Arşba və Tata Ksovrelidir.

Redaktorlar üçün qeydlər:
Sərginin tarixləri: 7 dekabr 2023 – 27 aprel, 2024
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00

Kuratorlar və rəssamlar haqqında ətraflı məlumat: 

Tamuna Arşba (d. 1987) beynəlxalq səviyyəli gürcü qalereyaçı və kuratordur. O, 2008-ci ildə Amerika Humanitar Elmlər Universitetinin Tbilisi filialında hüquq və diplomatiya fakültəsini (bakalavr) və 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq siyasət və transmilli təşkilatlar fakültəsini (magistr) bitirmişdir. 2017-ci ildə isə Business School RMA-də incəsənət menecmenti və qalereya biznesi üzrə təhsil almışdır. Tamuna Arşba 2017-ci ildə Tiflisdə yerləşən ERTI Qalereyasını təsis etmişdir. 2020-ci ildən o, həmçinin Gallery Window Project-nin həmtəsisçisidir. Gallery Window Project-nin əsas amalı - mədəni mübadiləni təmin etmək, bütün dünya üzrə sərgilər təşkil etmək, uzunmüddətli əlaqələri olan güclü mədəni infrastrukturun və incəsənət icmasının qurulmasında fəal iştirak etmək. Kuratoru kimi Tamuna 2021-2022-ci illərdə Gürcüstan Milli Muzeyi və Milli Qalereya ilə əməkdaşlıq çərçivəsində sərgilər həyata keçirmişdir: Batumi İncəsənət Muzeyi (2022); Beynəlxalq Foto Biennalesi, Multimedia İncəsənət Muzeyi (Moskva, 2021); Tbilisi Z.Tsereteli Müasir İncəsənət Muzeyi (2019); Obyektiv Fotoqrafiya və Film Mərkəzi (Sinqapur, 2019), həmçinin o, Art Geneve, Photo Basel, Art Berlin, Vienna Contemporary, NADA Miami, Art Dubai, Abu Dhabi Art Fair və Zonamaco (gözlənilən) beynəlxalq incəsənət sərgilərinin təşkilində iştirak edib. Tamuna beynəlxalq sənətşünaslarla əməkdaşlıq çərçivəsində tanınmış rəssamlar haqqında məqalələr dərc etməklə mədəni maarifləndirmə və təbliğata da töhfə verir.


Tata Ksovreli (d. 1988) 2014-cü ildən Zurab Tsereteli Müasir İncəsənət Muzeyinin direktor müavini, sərgi proqramları şöbəsinin və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışır. 2011-ci ildə Apollon Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib, daha sonra GEPRA-nın ictimaiyyətlə əlaqələr və marketinq kommunikasiyaları üzrə təhsil alıb. Tata Ksovreli 2019-cu ildə Saatchi Qalereyasında (London) keçirilən Zurab Tseretelinin “Həyatdan daha vacib” adlı fərdi sərgisinin kurator köməkçisi olmuşdur, həmçinin kurator kimi bir çox sərgilərin təşkilatçısıdır: “Crocodile (Niangi)”  jurnalının 100 illik yubileyinə həsr olunmuş karikatura sərgisi (2023); Gürcüstan Rəssamlar İttifaqının yaz sərgisi (2023); Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin qrup sərgisi (2022);  Lia Şvelidzenin “Baxış” adlı fərdi sərgisi (2021); Luka Lazarın “81-21” adlı fərdi sərgisi (2021); Mamuka Tsetsxladzenin “Şəhərlər” fərdi sərgisi (2020); Saloma Riqvavanın fərdi sərgisi (2017).



Rəssamlar haqqında ətraflı məlumat: 
Qia Edzqveradze (d. 1953) – öz multidistiplinar incəsənət əsərləri ilə tanınan, 1988-ci ildən Avropada yaşayan gürcü əsilli məşhur rəssamdır. O, xüsusi olaraq səs, musiqi və performans kimi sahələrdə çalışan vizual rəssam, müəllif, pedaqoq və ictimai xadimdir. Bundan əlavə, Edzqveradze mədəni tədbirlərin və sərgilərin təşkilində də fəal iştirak edir. “Sərin və soyuq” (Gropius Bau, Berlin) və “Səthin cazibəsi və uçurum qrammatikası” (Shin Gallery, Nyu-York, 2023) kimi fərdi sərgiləri daxil olmaqla, əsərləri bir sıra qrup sərgilərində də iştirak edib: Museum Fridericianum (Kassel), Dumont Kunsthalle (Köln), Ludwig Forum (Axen), Mappin Art Gallery (Şefild), Arnolfini (Bristol), Daimler Collection (Ştutqart), Haus der Kunst (Münxen), Museum of Modern Art (Ştutqart), Neue Nationalgalerie (Berlin), Kunstverein für die Rheinlande und Westfalen (Düsseldorf), Rusiya Dövlət Muzeyi (Sankt-Peterburq), Museum für Neue Kunst ZKM (Karlsrue), Institute of Contemporary Art (Detroyt), MuseuMAfrikA (Yohannesburq), 47-ci Venesiya Biennalesi (Rusiya pavilyonu) və s. İncəsənətə verdiyi əhəmiyyətli töhfələrə görə, 1998-ci ildə Gürcüstan dövlətinin “Şərəf” ordeninə layiq görülüb.

Andro Semeyko (d. 1975) Londonda yaşayan və fəaliyyət göstərən, Gürcüstan əsilli rəssamdır. O, tarix, incəsənət tarixi, ədəbiyyat və psixologiya sahəsində apardığı araşdırmalara söykənən rəsm əsərləri, instalyasiyalar və bədii kitablar yaradır. Onun rəngkarıq əsərləri və “genişləndirilmiş rəsm” instalyasiyaları dil, mətn, xəttatlıq, avtomatik yazı, “cızmaqara” rəssamlığı (“dudlinq”), rəsm, performans və rəqs vasitəsilə kommunikasiya yollarını araşdırır. Semeykonun əsərləri diqqəti xüsusi olaraq Sovet İttifaqının süqutunun ictimai-siyasi fəsadlarına yönəldərək, psixoloji məkanları qeyd etməyə və yaratmağa çalışır. Semeyko öz əsərlərini Royal Academy of Arts, Camden Arts Centre, PEER, Whitechapel Gallery, Gasworks, Saatchi Gallery, Holburne Museum, CFCCA, The Lowry, BALTIC 39, Müasir İncəsənət Muzeyi (Vrotslav), Taybey Təsviri İncəsənət Muzeyi, Seul İncəsənət Muzeyi kimi məkanlarda, eləcə də Expander Painting, 4-cü Praqa Biennalesi və 3-cü Tbilisi Triennalesi kimi beynəlxalq incəsənət sərgilərində nümayiş etdirib. Onun əldə etdiyi mükafatlara və təqaüdlərə Prins Bernhard Cultuurfonds tərəfindən “Kunstanjer” (2000), London Rəssamlıq Akademiyasının Yay Sərgisindən Britaniya İnstitutunun mükafatı (2004), English Heritage tərəfindən “Berwick” təqaüdü (2009) və Romada Britaniya məktəbinin rəssamlıq üzrə “Abbey” təqaüdü (2022-2023) daxildir. 

Tamara K.E. (d. 1971) Gürcüstan əsilli alman rəssamıdır. Tamara Münxendə Təsviri İncəsənət Akademiyasında və Kunstakademie Düsseldorf-da təhsil alıb (2004). 2010-cu ildən etibarən, Tamara, Bruklində (ABŞ) və Düsseldorfda (Almaniya) yaşayır və fəaliyyət göstərir. Rəssam daha çox radikal, sosial-tənqidi konseptual rəsm əsərləri, eləcə də son yaratdığı müasir əsərləri ilə tanınır. Tamara vizual idiomalar və texniki imkanlar ilə geniş təcrübələr aparır. Tamara K.E.-nin son fərdi sərgilərinə aşağıdakılar daxildir: “Regret” (Window Project, Tbilisi, 2022); “The Piquantries” (Beck&Eggeling Gallery, Düsseldorf); “Explaining Hare He was Never Here” (Aurel Scheibler Gallery, Berlin, 2021); “Ink Under the Skin” (Aurel Scheibler Gallery, Berlin, 2020); “5 minutes random love” (B&E Contemporary, Düsseldorf, 2019); “Language Down the Drain” (B&E Contemporary, viennacontemporary, 2018). Onun əsərləri 50-ci Venesiya Biennalesi və 1-ci Praqa Biennalesində, Haus Huth, Daimler Contemporary (Berlin), Sprengel Museum (Hanover), Whitechapel Gallery (London), Mərkəzi Rəssam Evi (Moskva), Cobra Museum (Amsterdam), Van der Heydt Museum (Wuppertal) Kunsthalle Hamburg və s. nümayiş olunub. Tamara K.E. Kunstpreis der Deutschen Volksbanken und Raiffeisenbanken (Almaniya), The UBS Art Award for Young Art (İsveçrə) və The European Prize for Painting (Belçika) daxil olmaqla, bir sıra incəsənət mükafatlarına layiq görülüb. Tamaranın əsərlərinə bir sıra ictimai və özəl sənət kolleksiyalarında rast gəlmək olar. Onun əsəri 2014-cü ildə Thames & Hudson-nun “Sabahın 100 rəssamı” jurnalında dərc olunmuşdur. Tamara K.E. London Goldsmit Universitetində, Kunstakademie Kassel, Berlin İncəsənət Universiteti, Nyu-York Studiyasının Rezidentura Proqramı, Rutgers Universitetində (Nyu-Brunsvik, ABŞ), Tbilisi Dövlət Rəssamlıq Akademiyasında və Drezden İncəsənət Akademiyasında mühazirələrlə çıxış edib və seminarlar keçirib.

Konstantin Mindadze (d. 1977) Amsterdam və Tbilisidə yaşayan və fəaliyyət göstərən multimedia rəssamıdır. Rəssam Graphic Lyceum (Rotterdam) və Rietveld Academy-də (Amsterdam) təhsil alıb. Rəssamın tez-tez müraciət etdiyi əsas mövzular bunlardır: dünyanın sintetik quruluşu, zehni və bioloji reaksiyalar, həyat dövrü və ölüm, mövcudluq və fanilik, sevgi və ayrılıq, məhv və transformasiya, qloballaşma və texnologiyalar, qorxu və dinlər, konsyumerizm və kommersiyalaşdırma, tarixi faktlar və çürümə prosesləri. Mindadzenin son sərgilərinə aşağıdakılar daxildir: “Life Forms Hard-core and Transient” (Gamrekeli Modern, Tbilisi, 2023), “Matters of Dark and Irresistible” (MoMA Tbilisi, 2019), “Life Forms” (TBC Bank, Tbilisi, 2016), “Hyper-position” (instalyasiya, heykəl və səs), (Manuçar Oqroskvaridze ilə birgə, Milli İncəsənət Muzeyi, Tbilisi, 2013). K. Mindadze “Arti et Amicitiae” rəssam və kuratorlar cəmiyyətinin üzvüdür. O, həmçinin Gürcüstanda “CAI” (Müasir İncəsənət Sənayesi) təşkilatının təsisçisidir.

Luka Lazar (d.1957) ABŞ və Gürcüstanda yaşayan və fəaliyyət göstərən, bir çox mükafatlara layiq görülmüş, sayılıb-seçilən rəssamlardan biridir. O, Tbilisi Dövlət İncəsənət Akademiyasında təhsil alıb. Strukturlar, ritmlər, məlumatların qavrayışı, sistemləri və sosial utopiyaları araşdırmaqla məşğul olur. Rəssam əsasən rəngkarlıq, instalyasiyalar və video-art üzərində işləyir. Luka Lazar 1970-80-ci illərin Gürcüstan rəssamlar nəslinin azsaylı nümayəndələrindən biri sayılır. O, Moskvaya köçmək qərarına gəlir və burada qısa müddətdə “qlasnost” (aşkarlıq) və “perestroyka” (yenidənqurma) dövrünün ilk illərində yaranan anderqraund avanqard sənət hərəkatına qoşulur. Moskvada bir müddət qaldıqdan sonra Lazar bir il Parisə rezident rəssam kimi dəvət olunur. Bunun ardınca, ona Kasseldəki (Almaniya) Fridericianum Muzeyindən oxşar dəvət gəlir. Bu isə onun sonrakı 15 il ərzində Almaniyada qalmasına, ardından isə ABŞ-a köçməsinə səbəb olur. O, 2003-cü ildən Nyu-Yorkda yaşayır. Lazarın əsərləri Museum Ludwig, Aachen collection (Almaniya), Documenta Archive Museum Fridericianum, (Kassel, Almaniya), Gallery de France (Paris), Zimmerli Art Museum (Nyu-Cersi, ABŞ), Dövlət Tretyakov Qalereyası (Moskva, Rusiya), Henry Nannen Museum (Emdem, Almaniya), Leopold Hoish Museum (Duren, Almaniya) və Dövlət İncəsənət Muzeyi (Tbilisi) daxil olmaqla, bir çox tanınmış beynəlxalq muzeylərdə nümayiş edilib.

Levan Sonqulaşvili (d. 1991) Nyu-York və Tbilisidə yaşayır və fəaliyyət göstərir. O, reprezentasiya və abstraksiya arasında sərhədləri pozan konseptual əsərləri, texnikası və üslubu ilə tanınan müasir gürcü rəssamıdır. Levan Tbilisi Dövlət İncəsənət Akademiyasını bakalavr dərəcəsi ilə bitirib. Daha sonra, o, Nyu-York İncəsənət Akademiyasının təsviri incəsənət üzrə magistr proqramını fərqlənmə diplomu ilə bitirib, həmçinin Beynəlxalq Təhsil Mərkəzinin Portrait Scholarship Award və Full-Tuition Academic Scholarship təqaüd proqramlarına layiq görülüb. O, rəsm, qrafika, çap, məkana uyğun (lokal) instalyasiya və video daxil olmaqla, müxtəlif incəsənət sahələrində çalışır. Levan 2020-ci ildə “Forbes 30 Under 30” mükafatına layiq görülmüşdür. Bundan əvvəl Levan Sonqulaşvili “2017-ci ilin ən yaxşı yaradıcılıq əsəri” mükafatı ilə təltif edilib və “İlin rəssamı” adını alıb. 2023-cü ildə, Levan London “Global Talent Art” mükafatının qalibi olub. Əsərləri Bruklin Muzeyi, Tbilisi Müasir İncəsənət Muzeyi, Gürcüstan Təsviri İncəsənət Muzeyi, Acar Dövlət İncəsənət Muzeyi, BREUS Fondu və Rustaveli Milli Teatr Muzeyinin daimi kolleksiyaları da daxil olmaqla, dünyanın bir sıra tanınmış dövlət və özəl kolleksiyalarında layiqli yer tutur. Rəssamın lokal instalyasiyaları, rəsmləri, freskaları və video-art əsərləri London Kral İncəsənət Akademiyası, Bruklin Muzeyi, Gürcüstan Milli Qalereyası, Sotheby's, Saatchi Gallery, MoMA (Tbilisi), OBJECTIFS (Sinqapur) daxil olmaqla beynəlxalq sərgilərdə nümayiş olunub. Levan Sonqulaşvili, Qia Kançeli (2019), İssey Miyake və Yuriko Takaqi (2018), eləcə də İqqi Pop və Ceremi Deller (2016) ilə birgə layihələz üzərində işlərə də dəvət edilib. Levan Sonqulaşvilinin son fərdi sərgilərinə aşağıdakılar daxildir: “Noli Me Tangiere” (Prezident sarayı, Gürcüstan, 2023), “Ad Infinitum” (Tbilisi mədəniyyət həftəsi, Window Project tərəfindən təqdim edilib, 2022), “Noli Me Tangiere” (Window Project tərəfindən Batumi İncəsənət Muzeyində təqdim edilib, 2022), “Triptychos” (Tbilisi Milli Qalereyası, kurator Basak Senova, həmkurator Lela Tsitsuaşvili, Window Project tərəfindən təqdim edilib, 2021).

Koka Ramişvili (d.1956) Cenevrədə yaşayır və çalışır. Tbilisidə İncəsənət və Memarlıq Akademiyasında kino və sənaye dizaynı üzrə təhsil alandan sonra (1975-1980), Koka Ramişvili diqqəti 1990-cı illərdə SSRİ-nin süqutuna və Gürcüstanda dövlət çevrilişi ilə bağlı tarixi hadisələrə yönəldərək, sənədli fotoqrafiya janrına müraciət edib (“War from My Window”, 1991-1992). Məhz 2000-ci illərdə İsveçrəyə gəlişindən sonra, rəssamın yaradıcılığı daha da çoxşaxəli olmağa başlayıb: təkcə sosial aksiyalara və ya siyasi məsələlərə deyil (“Pronostic Eventuel”, 1997-2000), həm də daha dərin mövzulu layihələri əhatə edirdi. Onun təcrübəsi tədricən daha da təkmilləşdi ki,  bu da rəssamın qavrayış fenomenologiyasına dair düşüncələrini üzə çıxardı. Koka Ramişvili Gürcüstanı 2009-cu ildə Venesiya Biennalesində təmsil edib. Onun əsərləri Tate Modern (London), MAMCO (Cenevrə), Goethe Institute (Berlin), Musée des Beaux-Arts (Nant), Museum Folkwang (Essen), M KHA Contemporary (Antverpen), Musee des Beaux-Arts (Nansi) və Cobra Museum (Amsterdam) daxil olmaqla, bir çox məkanlarda sərgilənib. O, həmçinin Leypsiqdə keçirilən Beynəlxalq Sənədli və Animasiya Filmləri Festivalında və Qahirə Biennalesində iştirak etmişdir.

Yüklənir